| 
								 
								
								Bəşəriyyətin müasir yaşayışını ekologiyasız 
								təsəvvür etmək mümkün deyildir. Yazmağı, 
								oxumağı, saymağı bilmədən yaşamaq nə qədər 
								çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən 
								də yaşamaq bir o qədər çətinləşir. Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan 
								edilməsi ölkəmizdə ekoloji məsələlərin həllinə 
								diqqəti daha da artırıb. Azərbaycanda bu 
								istiqamətdə görülən işlər, genişmiqyaslı ekoloji 
								proqramların həyata keçirilməsi ekoloji 
								vəziyyətin sağlamlaşdırılmasına yönəldilmişdir. 
								Ölkəmizin hər yerində bu istiqamətdə vacib 
								addımlar atılır.  
								
								
								 Ekologiyanın 
								əsas tədqiqat obyekti orqanizm səviyyəsindən 
								yüksək olan canlı sistemlərdir: populyasiya, 
								biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ 
								gətirdiyi birliklərin öz aralarındakı və ətraf 
								mühitin cansız komponentləri ilə qarşılıqlı 
								əlaqəsini öyrənir.  
								
								
								Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D.Toro 
								işlətmişdir. 1866-cı ildən sonra alman bioloqu 
								E.Hekkel bu anlayışı inkişaf etdirmiş və geniş 
								yaymışdır. Hekkel orqanizmi təbii sığınacaq 
								yerində, yəni öz "evində" öyrənməyi ekologiya 
								hesab etmişdir. Daha sonralar uzun müddət 
								ekologiya biologiya sözünün dar mənasında 
								işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf 
								yolu keçdikdən sonra müasir ekologiya elmi 
								formalaşmışdır. Orqanizmlərin həyat tərzini və 
								orqanizmdən yüksək canlı sistemləri öz 
								aralarında və ətraf mühitin cansız komponentləri 
								ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya 
								adlanır. Ekologiyanın inkişaf tarixini öyrənən 
								insanlar dərk edir ki, bu elm bəşəriyyətin 
								təbiətdən səmərəli istifadə etməsi üçün 
								gələcəkdə indikindən daha çox vacib olacaqdır. 
								Ekoloji sistemlərdən kənarda təbii sərvət 
								yoxdur. Onlardan səmərəli istifadə etmək 
								dövlətin iqtisadi gücü olub, iqtisadi-sosial 
								inkişafın perspektivi və xalqın rifahının 
								yaxşılaşması üçün çox vacibdr. 
								
								
								Azərbaycan Respublikası  zəngin təbii sərvətlərə 
								və inkişaf etmiş sənaye sahələrinə malik olan 
								bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb 
								qalmış ekoloji problemlər vaxtında öz həllini 
								tapmadığı üçün respublikamızın ətraf mühiti 
								həddindən artıq çirkləndirilmişdir. Hazırda 
								respublikamızda həllini təcili tələb edən bir 
								sıra ekoloji problemlər vardır: su hövzələrinin, 
								o cümlədən Xəzər dənizinin məişət və sənaye 
								sularının tullantıları ilə çirkləndirilməsi, 
								Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə 
								əlaqədar vurulan ziyanlar,  atmosfer havasına 
								zərərli qazların normadan artıq atılması, 
								biomüxtəlifliyin azalması,  torpaqların 
								eroziyaya uğraması və şoranlaşması, sənaye və 
								məişət tullantılarının utilizasiyası və s. Ətraf 
								mühitin çirklənməsi, bəzi hallarda vətəndaşların 
								və ya müxtəlif müəssisə rəhbərlərinin buna 
								bilərəkdən göz yumması Azərbaycan təbiətinin 
								yaxın gələcəkdə çox ciddi aşınmasına səbəb ola 
								bilər. Məhz bunu önləməkdən ötrü vətəndaş və 
								dövlət əl-ələ verib insanlarımızın daha duyarlı 
								davranması və ekoloji fəlakətlərin qarşısının 
								alınması üçün birgə fəaliyyət göstərməlidir. 
								Əlbəttə ki, heç bir Azərbaycan vətəndaşı bu 
								prosesdən kənarda qalmalı deyil.  
								
								
								İndiki dövrdə ətraf mühitlə bağlı mövcud 
								vəziyyət hər bir ölkəni ekoloji problemləri 
								ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. 
								Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri 
								aparıcı beynəlxalq təşkilatların proqram 
								sənədlərində öz əksini tapmışdır.   
								
								
								Azərbaycan Respublikası son illər sosial və 
								iqtisadi inkişaf sahələrində kifayət qədər 
								nailiyyətlər əldə etmişdir ki, bu da milli və 
								beynəlxalq sənədlərdə öz əksini tapmışdır. 
								Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin 
								artmasının dayanıqlı olması ölkə tərəfindən əsas 
								prioritet qismində qəbul edilmişdir. Ölkənin 
								ekoloji strategiyası, ətraf mühitin qorunması 
								sahəsində fəaliyyətin koordinasiyasının 
								gücləndirilməsi yolu ilə milli, beynəlxalq və 
								regional səviyyələrdə təbii ehtiyatların 
								mühafizəsi, elmə əsaslanan inkişaf 
								prinsiplərinin tətbiqi, indiki və gələcək 
								nəsillərin maraqlarını təmin edən ölkənin  
								iqtisadi və insan resurslarının istifadəsində 
								davamlılığın təminatına yönəlmişdir.  
								
								
								Azərbaycan Respublikası müstəqillik əldə 
								etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən 
								sonra ölkəmizdə ətraf mühitin mühafizəsi 
								sahəsində ekoloji siyasət yeni vüsət almış və 
								formalaşmağa başlamışdır. Bu həm də ekoloji 
								məsələlərin ümumbəşəri bir problem kimi qəbul 
								edilməsi ilə də izah edilir.  
								
								
								Müasir dövrdə biosferin qorunması və ondan 
								səmərəli istifadə, mövcud ekoloji problemlərin 
								aradan qaldırılması beynəlxalq səviyyədə qarşıda 
								duran ən aktual məsələlərdəndir. Yerlərdə 
								ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii 
								sərvətlərin qorunması, eləcə də qeyd olunan 
								işlərin həyata keçirilməsi üçün lazım olan yeni 
								biliklərin və texnologiyaların tətbiqi 
								istiqamətində xeyli işlərin görülməsi vacibdir. 
								
								
								Azərbaycan Respublikasında yürüdülən ekoloji 
								siyasətin əsas məqsədi indiki və gələcək 
								nəsillərin ehtiyaclarının  təmin edilməsi 
								naminə  mövcud ekoloji sistemlərin, iqtisadi 
								potensialın qorunması və təbii ehtiyatlardan 
								səmərəli istifadə edilməsi ilə davamlı inkişafın 
								təmin edilməsindən ibarətdir. Bunu 
								gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan 
								istifadə yolları işlənib hazırlanmalı və 
								iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri 
								əsasında həyata keçirilməlidir. İnkişafın 
								ekoloji baxımdan davamlı olmasını təmin etmək 
								üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan 
								ciddi ekoloji problemlərin aradan qaldırılması, 
								onların ətraf mühitə mənfi təsirinin  minimuma 
								endirilməsi tələb olunur.  Bunun üçün 
								vətəndaşların ekoloji maarifləndirilməsinə çox 
								böyük ehtiyac var.  
								
								
								Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji 
								biliklərə dair müvafiq mənbələri ardıcıl 
								izləməli və onlara tənqidi, yaradıcı münasibət 
								bəsləməlidirlər. İnsanlar arasında ekoloji 
								təfəkkürü formalaşdırmaq sahəsində bilənlər 
								bilməyənlərə kömək etməlidirlərlər. Son illər 
								ərzində xarici dillərdə çoxlu dərslik, dərs 
								vəsaiti, məşhur elmi kitablar nəşr edilir, 
								təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar 
								buraxılır, bu sahədə aparılan tədqiqatların 
								tematik topluları çap edilir. Hətta televizor, 
								radio və qəzetlər də ekoloji təhsilə biganə 
								deyillər. 
								
								
								İnsanlar ekologiyanı yaxşı dərk edə bilmək üçün 
								onun tədqiqat metodlarını öyrənməlidir. Bu elm 
								eksperimentdən, çöl təcrübəsindən, ekoloji 
								modellərdən, monitorinqlərdən geniş istifadə 
								edir. Hər kəs öz ixtisasına uyğun olaraq 
								ekologiyanın müəyyən bölməsini daha dərindən 
								öyrənir. Məsələn, bioloqlar üçün canlıların 
								ekologiyası vacibdir. Coğrafiya ixtisası alanlar 
								ekoloji geologiyanı, şəhərlərin, sənaye 
								mərkəzlərinin və başqa landşaftların 
								ekologiyasını, kimyaçılar ətraf mühitin, yəni 
								havanın, suyun, torpağın kimyəvi tərkibinə mənfi 
								və müsbət təsir edən faktorları ətraflı 
								öyrənirlər, riyaziyyatçılar ekoloji sistemlərin 
								modellərini hazırlamaqda istirak edirlər və s. 
								Humanitar sahələrin də ekologiyası var. Belə ki, 
								filosoflar təbiətlə cəmiyyətin əlaqəsinin 
								fəlsəfi problemlərini öyrənirlər, hüquqşünaslar 
								təbiətdən səmərəli istifadə edilməsi qanunlarını 
								getdikcə təkmilləşdirir və bu qanunların həyata 
								keçirilməsinə nəzarət edirlər. 
								
								
								Bu gün respublikanın ekoloji vəziyyəti haqqında 
								mükəmməl, ətraflı məlumatın alınması cəmiyyət və 
								dövlət üçün son dərəcə vacibdir. Dünyada baş 
								verən təbii-iqlim proseslərinin qarşılıqlı 
								əlaqəsi respublikamızın da təbii-iqlim 
								proseslərinə öz təsirini göstərir. Buna görə də 
								dünyanın təbii mühitinin ekoloji vəziyyəti 
								Azərbaycanın ekoloji vəziyyətinə təsir göstərir. 
								Bununla əlaqədar Azərbaycanda ilk dəfə olaraq 
								vahid xəritəçilik əsəri kimi yaradılan "Ekoloji 
								atlas" əhalinin ekoloji maarifləndirilməsi üçün 
								çox əhəmiyyətli bir resursdur.  Atlasda olan 
								materialların həm doğma Azərbaycan dilində, həm 
								də xarici dildə -  ingilis dilində olması bu 
								resursun daha da geniş ictimaiyyəti əhatə 
								etdiyinə dəlalət edir. "Ekoloji atlas"da 
								dünyanın və Azərbaycanın təbii mühitini 
								səciyyələndirən xəritələr verilib. Bu xəritələr 
								əhalinin sağlam həyat tərzini və yaşamağa qabil 
								təbii prosesləri, bütövlükdə proseslərin ekoloji 
								parametrlərini əks etdirir. Atlas respublikada 
								ekoloji vəziyyətin tədqiqatı, nikbinliyi, 
								səmərəli dövlət ekoloji siyasəti, ekoloji 
								təhsili, geniş kütlənin maariflənməsi, ekoloji 
								mədəniyyətin yüksəlməsi haqqında məlumatları 
								özündə əks etdirir. Azərbaycanda və bütövlükdə 
								dünyada ekoloji vəziyyətin qiymətləndirilməsində 
								Atlasın mühüm rolu var. O, son statistik 
								məlumatların zənginliyi ilə də xüsusi seçilir. 
								
								
								Sərbəst mənimsəmə nöqteyi-nəzərincə baxdıqda 
								qeyd etmək olar ki, bu atlas hər bir sadə 
								vətəndaşda müstəqil  təlimə zəmin yaradır. 
								Tematikanın müxtəlifiyi, məzmunun dolğunluğu, 
								səciyyəvi göstəricilər atlasın elmi-praktik 
								əhəmiyyətini artırır. Atlasın xüsusi tematik 
								məzmunu 11 bölmədən ibarət olması: 1) Atmosfer, 
								2) Hidrosfer, 3) Litosfer, 4) Torpaqlar,   5) 
								Biosfer, 6) Landşaftlar, 7) Bitki örtüyü, 8) 
								Heyvanlar aləmi, 9) Təbii fəlakətlər, 10) 
								Cəmiyyətin ekologiyası, 11) Azərbaycan 
								ekologiyasının hüquqi əsasları (sənədlərin 
								siyahısı) və həmçinin 140-dan artıq xəritənin 
								verilməsi təqdirəlayiq bir haldır. Atlasdakı 
								xəritələrin informativliyini yüksəltmək, 
								təcrübədə istifadəni asanlaşdırmaq üçün 
								izahedici mətnlərdən, cədvəllərdən, qrafik və 
								diaqramlardan istifadə olunmuşdur. Azərbaycan 
								üzrə xəritələr 1:1 500 000 miqyasında  tərtib 
								olunub ki, bu da müxtəlif məzmunlu xəritələrin 
								istifadəsi zamanı onların müqayisəsini 
								asanlaşdırır. Atlasın məzmununda mövcud 
								xəritənin məzmununu təşkil edən bu və digər 
								proseslər rəngli şəkillərlə verilmişdir. 
								
								
								Atlasdakı xəritələrin əhəmiyyəti həm də ondan 
								ibarətdir ki, o, yeni elmi məzmununa görə 
								seçilir.  Atlasın məzmununun metodoloji əsasını 
								sistemdəki təbiət-insan-cəmiyyət qarşılıqlı 
								məcmusu təşkil edir. Bu əlaqələr müəyyən təbii 
								mühitə, insana, cəmiyyətə qarşı müxtəlif növə və 
								gücə malik antropogen təsirlər yaradır (sənaye, 
								kənd təsərrüfatı, nəqliyyat və s.). Nəticədə 
								ekoloji vəziyyətə ümumi qiymət verilərək, onun 
								istər ekoloji, istərsə də sosial və iqtisadi 
								baxımından gedişatı və optimallığı üzrə 
								tədqiqatı təyin edilir. 
								
								
								Atlasın strukturu ilə tanış olarkən diqqətimizi 
								çəkən belə bir cəhət oldu ki, nəzərdən keçirilən 
								hər bir mövzu dünyada baş verən proseslərlə 
								əlaqələndirilir, vahid, planetar miqyasda, 
								planetimizin bir hissəsi kimi başa düşülür. Bu 
								da atlasın elmi və praktik əhəmiyyətini artırır. 
								Atlasdan istifadə edən hər bir şəxs 
								respublikamızda ekologiya sahəsində müxtəlif elm 
								sahələri tərəfindən aparılan tədqiqat işləri 
								haqqında, ekologiyamızın müasir durumu ilə bağlı 
								ətraflı məlumat əldə edə bilər. Qeyd etmək 
								lazımdır ki, çox böyük informasiya təkcə atlasın 
								tematik xəritələri vasitəsi ilə deyil, onları 
								çox sıx surətdə tamamlayan və əlaqələndirən 
								cədvəllər, sxemlər, diaqram və qrafiklər, 
								həmçinin mövzuları dolğun əks etdirən 
								fotoşəkillər vasitəsilə verilmişdir. Bu da 
								atlasın informasiya gücünün, məlumatların 
								bolluğunun artırılması ilə yanaşı onun 
								sübutluluğunun, elmi səviyyəsinin də 
								yüksəldilməsinə xidmət edir.  
								
								
								Atlasın hər bir bölməsində yuxarıda 
								dediklərimizi izləyə bilərik. Məsələn, 
								"Torpaqlar" bölməsində ilk əvvəl dünya 
								torpaqlarının və dünyanın torpaq ehtiyatlarının 
								xəritələri, bundan sonra isə respublikamızın 
								torpaq xəritələri verilmişdir. Respublikamızda 
								yayılan ən mühüm torpaq tiplərinin rəngli 
								profilləri və onlar haqqında qısa məlumatlar bu 
								xəritələr haqqında bilikləri tamamlamaqla yanaşı 
								onların əyaniliyini təmin edir. Ardınca 
								ayrı-ayrı iqtisadi rayonların torpaq xəritələri 
								verilmişdir ki, bu da respublikamızın torpaqları 
								haqqında biliklərin daha da dərinləşdirilməsinə, 
								torpaqlar haqqında ən müxtəlif məlumatların 
								sərbəst əldə edilməsinə imkan verir. 
								
								
								Bu bölmədə verilmiş çoxlu sayda tematik 
								xəritələr (29 xəritə) həm mövzularının 
								rəngarəngliyi,  həm də yüksək elmi səviyyəsi, 
								informasiya bolluğu ilə diqqəti cəlb edir. Bu 
								xəritələr respublikamızda torpaqşünaslıq 
								sahəsində aparılan elmi tədqiqat işlərinin 
								nəticələrini özündə əks etdirməklə çox böyük 
								elmi dəyərə malik olmaları ilə seçilir. 
								Xəritələrdə respublikamızın ərazisindəki 
								torpaqların eroziyası, eroziyaya təhlükəli 
								ərazilər, torpaqlardakı radionuklidlərin, 
								müxtəlif metalların miqdarı, torpaqların 
								şorluluğu (duzluluq) dərəcəsi, humus ehtiyatının 
								miqdarı, texnogen pozulmalar və s. mövzular əks 
								olunmuşdur ki, bu bölmədə torpaqlar və onların 
								ekologiyası ilə bağlı istənilən informasiyanı 
								əldə etmək mümkündür.  
								
								
								Digər cəhətdən atlasdakı xəritələri müşayiət 
								edən cədvəllər, sxemlər, diaqram və qrafiklər 
								onların informasiya gücünü, məlumat bolluğunu, 
								imkanlarını daha da artırmağa xidmət edir. 
								Torpaqların eroziyası, çirklənmə mənbələrini və 
								s. əks etdirən rəngli fotoşəkillər oxucularda 
								daha əyani təsəvvür yaradır, məlumatların 
								sübutluluğunu təmin edir. 
								
								
								"Cəmiyyətin ekologiyası" bölməsi diqqətimizi 
								daha çox cəlb edir. Bu bölmədə tibbi ekologiya 
								sahəsində aparılan tədqiqatların nəticələrini 
								əks etdirən tematik xəritələr öz yeniliyi və 
								praktik əhəmiyyəti ilə seçilir. Əhalinin 
								sağlamlığının vəziyyəti, müxtəlif xəstəliklərin 
								yayılma dərəcəsi və arealları, zərərli 
								tullantıların, çirklənmənin miqdarı və dərəcəsi 
								kimi müxtəlif məzmunlu xəritələr respublikamızda 
								ekoloji vəziyyətin öyrənilməsi və 
								qiymətləndirilməsi baxımından çox dəyərli hesab 
								olunmalıdır. 
								
								
								"Ekoloji atlas"ın digər bölmələri də istər 
								xəritələr, istərsə də digər statistik və 
								illüstrativ materiallarla çox zəngin olması, 
								yüksək informasiya gücünə malik olması ilə 
								seçilir. Bütün bunlar respublikamızda ekoloji 
								durumun öyrənilməsinə, ekologiyaya aid istənilən 
								informasiyanın əldə edilməsinə imkan verdiyi 
								kimi, həm də bu sahədə gələcəkdə görülməli 
								işlərin, aparılacaq tədqiqatların əsas 
								istiqamətlərinin müəyyən edilməsinə imkan verir. 
								Ekologiya sahəsində yazılacaq elmi məqalələr, 
								monoqrafiyalar, magistr və doktorluq 
								dissertasiyaları üçün atlas son dərəcə zəngin və 
								qiymətli mənbə ola bilər.   
								
								
								Atlasın son səhifələrində  yer almış Azərbaycan 
								ekologiyasının hüquqi əsaslarının (sənədlər 
								siyahısı) geniş oxucu kütləsinin ixtiyarına 
								verilməsi də çox əhəmiyyətli bir haldır. Bu 
								atlas əhalinin ekoloji təhsili və 
								maarifləndirilməsi haqqında Azərbaycan 
								Respublikasının Qanununun, demək olar ki, əksər 
								maddələrini özündə əks etdirə bilib. Məsələn, 
								maddə 4, 4.2.2 - "Əhalinin ekoloji təhsili və 
								maarifləndirilməsi sahəsində dövlət siyasətinin  
								əsas prinsiplərindən biri orta təhsil sistemində 
								ekoloji biliklərin tədrisinin icbariliyidir". 
								
								
								Vacib amillərdən biri də odur ki, "Ekoloji 
								atlas"dan  nəinki geniş mütəxəssis kütləsi, ali 
								və orta ixtisas müəllimləri, ekoloqlar, 
								bioloqlar, kənd təsərrüfatı ilə məşğul olan 
								mütəxəssislər, hətta hər bir vətəndaş da  
								istifadə edə bilərlər.  
								
								
								
								Məcnun BABAYEV, 
								professor,  
								
								
								
								Oqtay ALXASOV, 
								dosent, 
								
								
								
								Almaz HƏSRƏT, 
								əməkdar müəllim  |