| 
								 
								
								Bəni-bəşərdən insan övladı işıqlı ideallar 
								yolunda seçim edib, öz həyatına, rövnəqli 
								yaradıcılığına çıraq tutan şəxsiyyətləri 
								mənalandırıb, onların şərəf və ləyaqətlə dolu 
								nümunələrindən istifadə yolu ilə öz həyatlarının 
								da təzələnməsinə, yeniləşməsinə əbədi iz 
								salıblar.  Müqtədir ömür-gün sahiblərinin minbir 
								ehtişamdan xəbər verən həyat və yaradıcı məramı 
								insanları daim düşündürmüş, mübarizə və yaşam 
								yolunda onlara mənəvi dəstək olmuşdur. 
								
								
								 Zəmanəsinin 
								böyük şəxsiyyətləri harada olursa-olsun, bütün 
								sülhsevən, mətin və iradəli insanlara etalon 
								olmuş, onların qəlbində ən müdrik və əbədiyaşar 
								duyğular oyatmışlar. 
								
								
								Belə tarixi şəxsiyyətlərdən biri də nəsillər 
								üçün əbədiyaşarlıq simvolu olan, təkrarolunmaz 
								və misilsiz şücaəti, ağıl və zəka mədəniyyəti 
								ilə könülləri ehtizaza gətirən, ənənə və 
								müasirlik pearadiqmaları ilə ictimai şüura, 
								mənəvi xislətə milli və ümumbəşəri keyfiyyətlər 
								bəxş edən ulu öndər, milli iftixarımız Heydər 
								Əlirza oğlu Əliyev olmuşdur. Onun dünya ictimai 
								birliyində, öz xalqına olan sonsuz məhəbbətində 
								mətin ideyaları və məğrur əməli addımları ən 
								yaxın silahdaşlarından tutmuş, bütün bəşər 
								övladı üçün yanar məşələ çevrilmişdir. 
								
								
								Milyonlarla insanların qəlbində yaradıcı fütahat 
								sahibi kimi qalan bu yenilməz dövlət və ictimai 
								xadimin milli mənəvi dəyərlərimiz haqqında da 
								xüsusi vurğulamaları gənc nəslin ideya-siyasi və 
								vətəndaşlıq hazırlığında müstəsna əhəmiyyəti 
								olan müdrik tövsiyələr olaraq qalır və 
								qalacaqdır.  
								
								
								Bu müdrik insanın həyat və yaradıcılıq yoluna 
								çıraq tutan, könülləri ehtizaza  gətirən 
								sanballı fikir və mülahizələri çox olmuşdur. Hər 
								kəs öz qəlbindən gələn səmimi və həssas 
								duyğularında onu böyük şəxsiyyət, ulu öndər, 
								milli lider, xalq və Vətən təmsilçisi, müdrik 
								ata, nəcib və qayğıkeş insan kimi 
								səciyyələndirən keyfiyyətlərdən özünə şəxsi 
								ideal nümunəsi əxz edərək, onun mətin yolunun, 
								müqəddəs məramının yolçusuna çevrilməyə 
								çalışmışlar. 
								
								
								Dünya şöhrətli dahi rəhbərimiz olan Heydər  
								Əlirza oğlu Əliyevin elmdə və həyatda sübut 
								olunmuş şəxsiyyət bütövlüyü, vətənpərvərlik 
								qayəsi, azərbaycançılıq şüuru, təmiz və saf 
								əqidəliliyi,  dövlət və dövlətçilik idealları 
								müstəqil Azərbaycanımız üçün yüksək təminatı 
								olan milli mənəvi dəyərlərlə həmişə vəhdət 
								təşkil etmiş, yaradıcı ömrünün ağıl məşəlinə 
								çevrilmişdir. 
								
								
								Pedaqoji elmlər doktoru, professor, əməkdar 
								müəllim, Ağahüseyn Həsənovun yenicə işıq  üzü 
								görən "Milli-mənəvi dəyərimiz" adlı nəfis 
								tərtibatla yazdığı kitab məhz bu cəhətdən  ulu 
								öndərin həyat səhifələrindən bəhs edən unikal 
								dəyərdə sanballı, qiymətli didaktik mənbə kimi 
								çox əhəmiyyətlidir. 
								
								
								"Milli-mənəvi dəyərimiz" təqdimatı ilə oxucuya 
								təqdim olunan bu sanballı və müasir üslublu 
								populyar kitab milli mənəviyyatımızın mühüm bir 
								qolunu - ən ali insani keyfiyyətlərə qovuşmağın 
								tədqiqi məsələlərinin öyrənilməsi baxımından  da 
								əhəmiyyət kəsb edir. İctimai və sosial proseslər 
								mühitində qazanılmış təcrübədən ümumxalq və 
								ümumdövlət səviyyəsində görkəmli şəxsiyyətlərin 
								həyat və məram nümunələrinin tədqiqi və 
								öyrənilməsi problemi bütün yazarlar tərəfindən  
								həmişə izlənir, gənc nəslə mənəvi-ideoloji model 
								kimi təqdim olunur. Bu cəhətdən professor 
								Ağahüseyn Həsənovun xüsusi maraq doğuran 
								tədqiqatlar sistemi oxucu üçün həmişə böyük 
								rəğbətə səbəb olmuşdur. 
								
								
								Fundamentallıq və kütləvilik  baxımından fakt və 
								hadisələrin bütöv, tam bir sistemini əhatə edən 
								bu kitab özünün  elmi problematikası, nəzəri 
								səviyyəsi, müəllif mühakiməsi və istinad olunan 
								mənbələrin zənginliyi ilə də diqqəti cəlb edir. 
								
								
								Davamlı inkişafın metodoloji harmoniyasını, 
								təkamül  prosesini milli mənəvi keyfiyyətlər 
								sisteminin qorunması ilə əlaqələndirmək, adətən, 
								çətin və mürəkkəb prosesdir. Lakin müəllif, 
								bütöv bir bənzərsiz ömrün şəxsi kredosunu, 
								ictimai mündəricəsini effektli tədqiqat üsulları 
								ilə arayıb-axtarmaq yolu ilə müxtəlif məqamları 
								orijinal tərzdə, novator baxışlarla 
								təhlil-tərkib etmiş, bu sahədə mövcud olan, 
								ictimai məzmun daşıyan çoxsaylı elmi və kütləvi 
								əsərlərə də istinad etmişdir. 
								
								
								Unudulmaz tarixi şəxsiyyət, müdrik insan Heydər 
								Əlirza oğlu Əliyevin uzun illər ərzində 
								qazandığı dövlətçilik təcrübəsindən bəhs edən 
								müəllifin bu arzularına istinadən, kitabın "Ön 
								söz" dərgahına, "qədəm"  qoyan oxucu üçün aydın 
								və lakonik ifadə üslubu ilə şərh olunan fikirlər 
								bir daha xalqın tarixi yaddaşından süzülüb gələn 
								istək və arzularımızı, milli və mənəvi 
								istəyimizi gücləndirir, ulu öndərin əbədiyaşar 
								prinsiplərinin sadiqkeş yolçusu olmağa hər 
								birimizi səfərbər edir. 
								
								
								Məqalədə deyilir: "Azərbaycanın mənəvi 
								dəyərlərinin dirçəldilməsi, dünyada Azərbaycanın 
								həqiqi obrazının yaradılması sahəsində Heydər 
								Əliyevin həyata keçirdiyi siyasi xətt üzərində 
								düşünərkən bir daha yəqin edirsən ki, o, hələ 
								yetmişinci illərdə bu istiqamətdə fəaliyyəti ilə 
								bunların təməlini qoymuş və peyğəmbərcəsinə 
								uzaqgörənliklə xalqın gələcəyini düşünmüşdür. 
								
								
								1993-cü ildə respublikada həqiqətən dərəbəylik 
								hökm sürürdü. Ölkəni əyalətlərə parçalamaq 
								məqsədi vətəndaş müharibəsinin baş qaldırmasına 
								səbəb olmuşdu. Belə çətin vaxtda Heydər Əliyev 
								Azərbaycana, hakimiyyətə qayıdaraq ölkənin 
								həyatında yaranan çatları bir-bir bərpa edərək 
								müstəqil dövlətimizin atributlarını yaratmaqla 
								inkişafımızın qızıl dövrünün təməlini qoydu". 
								
								
								III fəsil, 60 adda məqalələr silsiləsindən 
								ibarət "Milli-mənəvi dəyərimiz" kitabı böyük 
								şəxsiyyətin ideya-mənəvi irsinin öyrənilməsinə 
								həsr olunmuş ilk didaktik vəsait kimi də 
								əhəmiyyət kəsb edir. 
								
								
								Müəllifin ideya və inam yanaşmaları əsasında 
								qurulan və tərtibatında müasir 
								illüstrativ-dizayn texnologiyalarından istifadə 
								olunan  kitabda müxtəlif dövrlərdə ulu öndərin 
								"həyat fraqmentləri", həmçinin onun ölkəmizin 
								tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən 
								çoxsaylı fotolar və sənədlər, forma, mövzu və 
								ideya baxımından çox dəyərlidir. 
								
								
								Qeyd etmək lazımdır ki, xüsusən,  milli mənəvi 
								dəyərlər istiqamətində gənc nəslə örnək olan 
								ümumpedaqoji ideyaların böyük bir təşnəsi olan 
								bu fundamental tədqiqat işində müəllif 
								tərəfindən faktoloji materiallarla yanaşı, həm 
								də xalqın minillik etiqadından və əməniyyətindən 
								süzülüb gələn və ulu öndərin aforistik 
								deyimlərində xoş və səlis avazla səslənən müdrik 
								kəlamlardakı doğmalığı, səmimiliyi yüksək 
								elmi-nəzəri mülahizə və mühakimələrlə 
								öyrənilmiş, həm görkəmli  Heydərşünasların 
								tədqiqatlarındakı memuar xatirələr, elmi 
								problematika, həm də milli mənəviyyatımızın 
								məşhur simasının yaradıcılıq keyfiyyətləri 
								araşdırılmışdır. 
								
								
								Tarixin o üzündən, uzaqlardan gələn milli mənəvi 
								dəyərlərimizin ruhumuza gətirdiyi humanist 
								qayələrin ulu öndərin həyat və yaradıcılıq 
								manerasında əksini tapan bu əzmkar keyfiyyətləri 
								müəllif bir daha kitabın ideya-bədii dəyərində, 
								mövzu və janr özəlliklərində, dil və üslub 
								keyfiyyətlərində, ədəbi-fəlsəfi, mənəvi-pedaqoji 
								mülahizələr kontekstində ümumiləşdirərkən bu 
								görkəmli şəxsiyyətin ömür-gün yolunda əbədi iz 
								salan  tarixi nişanələrini vicdanlı, halal və 
								obyektiv münasibət nümayiş etdirən tədqiqatçı 
								kimi qabardaraq öz fikir və düşüncələrində bariz 
								şəkildə əks etdirmişdir. Bu unikal kitab 
								elmi-məzmununa, lakonik bədii dəyərinə, dərin 
								ictimai-sosial mündəricəsinə və ideya-estetik 
								xüsusiyyətlərinə görə də diqqəti cəlb edir. 
								
								
								Bütövlükdə isə, bütün ictimai əfkarımıza, geniş 
								oxucu auditoriyasına novator ruhlu, dərin 
								fəlsəfi-pedaqoji siqləti olan kitab kimi təqdim 
								olunan bu qiymətli vəsait mənəvi dünyamızı 
								zənginləşdirməyə xidmət edir. 
								
								
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi 
								pedaqogika kafedrasının professoru, pedaqoji 
								elmlər doktoru Ağahüseyn Həsənovun "Milli-mənəvi 
								dəyərimiz" kitabı böyük tarixi sima, görkəmli 
								dövlət və ictimai xadim, Azərbaycan 
								dövlətçiliyinin və müstəqilliyinin qorunmasında 
								ömrünü şam kimi əridən, Vətən və xalq yolunda 
								böyük xidmətləri olan Heydər Əlirza oğlu 
								Əliyevin həyat və yaradıcılıq irsinin 
								araşdırılmasına həsr olunmuş tarixi salnamədir. 
								
								
								Kitabın elmi redaktoru, filologiya elmləri 
								doktoru, professor Nadir Məmmədli, məsləhətçisi 
								filologiya elmləri doktoru, professor Vilayət 
								Əliyev, rəyçiləri isə pedaqoji elmlər doktoru, 
								professor Yəhya Kərimov və pedaqoji elmlər 
								doktoru, professor Əmrullah Paşayevdir. 
								
								
								İnanırıq ki, Azərbaycan xalqının ümummilli 
								lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə 
								ithaf olunan "Milli-mənəvi dəyərimiz" kitabının 
								qayəsi yetişməkdə olan gənc nəslin mənəvi 
								tərbiyəsini azərbaycançılıq, vətənə sədaqət, 
								böyük vətənpərvərlik, xalqa bağlılıq, milli 
								qeyrət... ruhunda inkişaf etdirilməsi ulu 
								öndərimizin parlaq nümunəsi əsasında həyata 
								keçirilməsindən ibarət olub, bundan sonra da 
								gələcək nəsillərin qəlbində mötəbər yer 
								tutacaqdır. 
								
								
								
								Rüfət HÜSEYNZADƏ, 
								AMİ-nin Pedaqogika kafedrasının müdiri,  
								əməkdar müəllim, pedaqoji elmlər doktoru, 
								professor, 
								
								
								
								Vidadi BƏŞİROV, 
								ADU-nun Pedaqogika kafedrasının dosenti,  
								pedaqogika üzrə fəlsəfə doktoru  |