|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Kanada, Alberta əyaləti, Edmonton şəhəri | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1908-ci il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										
										14146 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin ümumi sayı: | 
										
										
										36000 nəfər  | 
									 
									
										| 
										
										İllik gəlirləri: | 
										
										
										1832833000 Kanada dolları (1 Kanada 
										dolları 0,9329 ABŞ dollarına bərabərdir)
										 | 
									 
									
										| 
										
										İllik xərcləri: | 
										
										
										1487500000 Kanada dolları | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.ualberta.ca | 
									 
								 
								
								
								Alberta Universiteti (University of Alberta) 
								Kanadanın Alberta əyalətinin Edmonton şəhərində 
								yerləşir və əyalətin ən qədim ali təhsil 
								ocağıdır. 
								
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, Alberta 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								59-cu yerdə olub. 2010-cu il üzrə dünyanın ən 
								nüfuzlu universitetləri arasında "Times Higher 
								Education World University Rankings"in apardığı 
								araşdırmaya əsasən, Heydelberq Universiteti 
								127-ci, "QS World University Rankings"in 
								açıqlamasına görə isə 78-ci yerdədir.  
								
								
								Tarixi  
								
								 1906-cı 
								ildə yeni Qanunvericilik iclasının birinci 
								sessiyasında Alberta əyalətinin Edmonton 
								şəhərində universitet yaradılması haqqında qanun 
								qəbul edilir. Ali məktəbin təsisçiləri onu 
								Amerika ştat universitetlərinə bənzər yaratmaq 
								niyyətində idilər. Yeni universitetin 
								yaradılmasında Albertanın ilk baş naziri 
								Aleksandr Kameron Rezerford və professor Henri 
								Marşall Torinin böyük rolu olur. Henri Marşall 
								Tori Alberta Universitetinin ilk prezidenti 
								təyin edilir. 1908-ci ildə ali məktəb müvəqqəti 
								olaraq bir sıra binaları icarəyə götürür və 
								fəaliyyətə başlayır, bu zaman ərzində də 
								universitetin ilk binası tikilir. 
								
								
								1912-ci ildə Alberta Universiteti ilk elmi 
								dərəcəsini verir və Genişləndirmə şöbəsini açır. 
								XX əsrin əvvəllərində ali təhsil ənənəvi 
								ilahiyyat, hüquq və tibb təhsili çərçivəsindən 
								kənara çıxır. 1927-ci ildə Alberta 
								Universitetinin radiostansiyası fəaliyyətə 
								başlayır. 1929-cu ildə universitetdə təhsil 
								(pedaqogika) fakültəsi açılır. 1932-ci ildə 
								universitetin genişləndirmə fakültəsi 
								çərçivəsində Banff Təsviri İncəsənət Məktəbi 
								yaradılır. 
								
								
								1966-cı ildə Alberta Universitetində magistr 
								proqramı tətbiq edilir. Həmin dövrdə 
								universitetlər çərçivəsində fəaliyyət göstərən 
								əyalət kollecləri muxtariyyət qazanır. Alberta 
								Universitetinin 1945-ci ildən Kalqari şəhərində 
								fəaliyyət göstərən filialı 1966-cı ildə 
								muxtariyyət əldə edir və Kalqari Universiteti 
								adı alır. 1969-cu ildə Alberta Universiteti 
								nəşriyyatı açılır.   
								
								
								1976-cı ildə mühəndis-memar Ruvim Vande-Kraats 
								universitetin Elm və İncəsənət Məktəbinə yeni 
								dizayna malik tikinti kompleksi artırmaq 
								qərarına gəlir. 2004-cü ildə Kamrouz şəhərində 
								yerləşən Augustana Universitet Kolleci Alberta 
								Universiteti ilə birləşir və Augustana kampusu 
								yaradılır.   
								
								
								Büdcəsi və təhsil haqqı  
								
								 2009-2010-cu 
								tədris ilində Alberta Universitetinin illik 
								gəlirləri 1832833000 Kanada dolları olub. Həmin 
								məbləğin 1114566000 Kanada dollarını əyalət 
								hökumətinin qrantları, 195706000 Kanada 
								dollarını federal qrantlar, 217506000 Kanada 
								dollarını satış və digər xidmətlər, 205243000 
								Kanada dollarını təhsil haqqı və s. yığımlar, 
								qalanlarını isə digər gəlirlər təşkil edib.
								 
								
								
								Ötən tədris ilində universitetin xərcləri isə 
								1487500000 Kanada dollarına bərabər olub. 
								Xərclərin 862500000 Kanada dollarını işçilərin 
								əməkhaqqı və mükafatlar, 379700000 Kanada 
								dollarını avadanlıq və xidmətlər, 124600000 
								Kanada dollarını amortizasiya, 81600000 Kanada 
								dollarını tələbə təqaüdləri və mükafatlar, 
								qalanlarını isə digər məsrəflər təşkil edib. 
								 
								
								
								2010-2011-ci tədris ili üzrə Alberta 
								Universitetində yerli tələbələrin təhsil haqqı 
								bakalavr pilləsində ildə 4420 Kanada dolları, 
								əcnəbi tələbələrin bakalavr pilləsində təhsil 
								haqqı fakültə və departamentdən asılı olaraq 
								ildə 19100 (Augustana), 19230 (Kənd təsərrüfatı, 
								İncəsənət,  Təhsil və s.), 19245 (Biznes 
								Məktəbi), 20479 (Mühəndislik), 23436 (Tibb 
								bacısı), 29331 (Hüquq), 31326 (Stomatologiya)  
								Kanada dolları təşkil edir.  
								
								
								Alberta Universitetində yüksək akademik 
								göstəricilərə malik tələbələrə geniş təqaüd 
								imkanları yaradılıb. Ali məktəb hər il 
								tələbələrin təqaüdü üçün 25 milyondan çox vəsait 
								ayırır. Universitet tərəfindən əcnəbi tələbələrə 
								verilən təqaüdün məbləği 5000-20000 Kanada 
								dolları arasında dəyişir.  Təqaüdün məbləği 
								fakültələrdə, kampuslarda müxtəlifdir. Təmsil 
								etdikləri ölkələrdən asılı olaraq tələbələrə 
								müxtəlif məbləğli təqaüdlər təklif olunur.  
								Magistrant və doktorantlar, tədqiqatçılar üçün 
								universitetdə geniş təqaüd proqramları 
								mövcuddur.   
								
								
								Universitet bu gün  
								
								 Alberta 
								Universiteti Əsas (Şimal), Augustana, Sen-Jan, 
								Cənub, Kalqari, Müəssisə Meydanı kampuslarından 
								ibarətdir. Əsas və ya Şimali kampus "günəşli 
								Alberta"nın mərkəzində - Edmonton şəhərində 
								Şimali Saskaçevan çayının cənub sahilindədir. 
								Kampus 92 hektar ərazidə yerləşir və 90 binadan 
								ibarətdir. Burada universitetin inzibati 
								binaları və bir sıra fakültələri cəmləşib. Əsas 
								kampusun planı memar Barton Mayers tərəfindən 
								hazırlanıb. 
								
								
								Augustana kampusu Edmonton şəhərindən 100 km 
								cənub-şərqdə Kamrouz şəhərində yerləşir. 
								Kampusda Təsviri incəsənət, Humanitar, Dəqiq və 
								ictimai elmlər departamentləri, eləcə də tibb 
								bacısı fakültəsi yerləşir. Bu kampusda güclü 
								əcnəbi tələbə kontingenti mövcuddur. Augustana 
								kampusunda idman konfransları keçirilir, burada 
								universitetin müxtəlif idman komandaları, 
								"Augustana vikinqləri" kimi tanınan Alberta 
								Kollecləri Atletika və Kanada Kollecləri 
								Atletika assosiasiyaları fəaliyyət göstərir. Hər 
								il kampusda Şimali Amerika və Avropa komandaları 
								arasında "Vikinq Kuboku" adlı xokkey yarışı 
								keçirilir.  
								
								
								Sen-Jan Alberta Universitetinin fransızdilli 
								şəhərciyidir və əsas kampusdan 5 km şərqdə Bonni 
								Dun rayonunda yerləşir. Hazırda yeni 
								laboratoriya və müəssisələrin açılması ilə bağlı 
								kampusun ərazisi genişlənməkdədir. Kampusda 
								fransız və ingilis dillərində dəqiq elmlər, 
								təsviri incəsənət və dillər, ictimai elmlər, 
								ətraf mühitin mühafizəsi və ekologiya elmləri, 
								maşınqayırma, tibb bacısı, menecment sahələri, 
								eləcə də incəsənət (Kanada tədqiqatları) və 
								təhsil (pedaqogika) üzrə magistr proqramları 
								tətbiq edilir. 
								
								 Cənub 
								kampus əsas şəhərcikdən 2 km cənubda 
								Makkernan-Belqravia və Sautqeyt stansiyalarının 
								arasında, Fut sahəsi və Sevill İdman Mərkəzinin 
								yaxınlığında yerləşir. 2009-cu il aprelin 25-də 
								burada Edmonton Tranzit Sisteminin (dəmiryolu, 
								tramvay xətti) bir hissəsi kimi Cənub kampusu 
								stansiyası istifadəyə verilib. Kampusun yeni 
								estetik binaları, geniş sahədə salınmış 
								yaşıllıqlar bu şəhərciyi digərlərindən 
								fərqləndirir. Burada kənd təsərrüfatı, qida 
								məhsullarının təhlükəsizliyi və istifadə 
								mədəniyyəti, ərzaq keyfiyyəti, bioloji yanacaq 
								mənbələri və bioplastika sahələri üzrə 
								tədqiqatlar aparmaq üçün şərait mövcuddur. 
								"Canlı laboratoriya" adlanan bu kampusda 8 
								yüksəktexnologiyalı aqrar-ərzaq tədqiqat və 
								tədris müəssisəsi, torpaq sahələri, eləcə də 
								dünya standartlarına cavab verən iki idman 
								kompleksi və yataqxana var. Cənub kampusun 
								yaxınlığında Miçener parkı yerləşir. 
								
								
								Kalqari Universitet Mərkəzi Kalqari şəhərinin 
								mərkəzində yerləşir. Mərkəz universitetin 
								məzunlarını, tələbələrini, donorlarını və digər 
								tərəfdarlarını bir yerə toplayaraq Kalqari 
								cəmiyyəti yaradıb.  
								
								
								Müəssisə Meydanı kampusu 2008-ci il yanvarın 
								15-də açılıb və Edmonton şəhərində Şimali 
								Saskaçevan çayının şimal sahilində yerləşir. 
								Tarixi binalardan ibarət bu ərazi əvvəllər 
								Şimali Amerikanın ən qədim kommersiya 
								korporasiyası olmuş "Hudzon körfəzi" şirkətinə 
								məxsus olub. Hazırda burada universitetin 
								Genişləndirmə fakültəsi, Alberta Biznes Məktəbi, 
								Alberta Biznes Ailə İnstitutu, Təhsilin 
								Davametdirilməsi Məktəbi, bir sıra ticarət 
								meydanları, Dizayn Qalereyası, Alberta 
								Universiteti Məzunları Assosiasiyasının yeni 
								binası yerləşir.   
								
								
								Fakültələr  
								
								 Kənd 
								təsərrüfatı, həyat və ekologiya elmləri 
								fakültəsi 1915-ci ildə yaradılıb. Fakültə Kənd 
								təsərrüfatı, ərzaq və qidalanma elmləri, İnsan 
								ekologiyası, Bərpa olunan resurslar, Kənd 
								təsərrüfatı departamentlərindən, Alberta Meşə 
								Elmi və İdarəetmə Məktəbindən, Devon Botanika 
								bağından, Alberta İnsan Qidalanması, Alberta 
								Baytarlıq Tədqiqatları, Maddi Mədəniyyət 
								institutlarından, Ətraflı (Geniş) Meşəçilik, 
								Zeytun və Bioloji Aktiv Yağların İstehsalı, Süd 
								Tədqiqatı Texnologiyaları, Ekoloji Tədqiqatlar, 
								Gentec Heyvandarlıq, Alberta İxtiraçılıq, 
								Quşçuluq, Donuzçuluq Tədqiqatı Texnologiyaları 
								mərkəzlərindən ibarətdir. 190 akr ərazini əhatə 
								edən Devon Botanika bağı 1959-cu ildə yaradılıb 
								və Edmonton şəhərinin cənubunda yerləşir. Bağda 
								qarışıq bitkili meşə, qulluq edilmiş bağlar, 
								Kurimoto Yapon bağı, dekorativ güllük, dağ 
								çəmənlikləri, dərman bitkiləri bağı və s. 
								vardır. 
								
								
								İncəsənət fakültəsi universitetin ilk 
								fakültəsidir və 1908-ci ildə yaradılıb. Fakültə 
								çərçivəsində Antropologiya, İncəsənət və dizayn, 
								Drama, Şərqi Asiya tədqiqatları, İqtisadiyyat, 
								İngiltərə və kinematoqrafiya, Tarix və klassika, 
								Fənlərarası tədqiqatlar, Linqvistika, Müasir 
								dillər və mədəni tədqiqatlar, Musiqi, Fəlsəfə, 
								Siyasi elmlər, Psixologiya, Sosiologiya, Qadın 
								tədqiqatları departamentləri, Alberta Amerika 
								Tədqiqatları, Kanada Şimali Tədqiqatlar, Preyri 
								Arxeologiya, Dövlət İqtisadiyyatı, Parklend, 
								Virt Avstriya və Avropa Tədqiqatları 
								institutları, İncəsənət Resurs, Kanada Teatr 
								Yaradıcılığı, Etnomusiqişünaslıq, Piter və Doris 
								Kul Ukrayna və Kanada Folkloru, Şahzadə Takamado 
								Yapon Tədqiqatları mərkəzləri, Fənlərarası 
								tədqiqatlar departamenti nəzdində Müqayisəli 
								ədəbiyyat, Yazı tədqiqatları, Humanitar 
								hesablama, Yaxın Şərq və Afrika tədqiqatları, 
								dinşünaslıq, elm, texnologiya və cəmiyyət, sülh 
								və konfliktlərin aradan qaldırılması bölmələri 
								fəaliyyət göstərir.  
								
								 Təhsil 
								fakültəsi 1929-cu ildə açılıb və Kanadada 
								yaradılan ilk belə fakültədir. Fakültə Təhsilin 
								siyasi tədqiqatları, Təhsilin psixologiyası, 
								İbtidai təhsil, Orta təhsil, Təhsildə 
								texnologiya departamentlərindən, Kitabxana və 
								İnformasiya Tədqiqatları Məktəbindən, 
								Savadlılığın Artırılması üzrə Kanada 
								Tədqiqatları, Kanadanın Yerli Əhalisinin Dil və 
								Savadlılıq Tədqiqatları, Qlobal Vətəndaşlıq 
								Təhsili və Tədqiqatları, Riyaziyyat, Elm və 
								Texnika, Oxu və Dil, İnkişaf Qüsurları, Uşaq 
								Tədris institut və mərkəzlərindən, Alberta Ümid 
								Fondundan ibarətdir.  
								
								
								Mühəndislik fakültəsi 1908-ci ildən fəaliyyət 
								göstərir və fakültənin professorları bir çox 
								kəşflərin müəllifləridir. Fakültə üzrə Kimya 
								texnologiyası və materialşünaslıq, Vətəndaş və 
								ekologiya mühəndisliyi, Elektrotexnika və 
								hesablama texnikası, Maşınqayırma 
								departamentləri, Dağ-Mədən və Neft-Qaz 
								Mühəndisliyi Məktəbi mövcuddur.  
								
								
								Dəqiq elmlər fakültəsinə Biologiya elmləri, 
								Kimya, Kompüter, Yer və atmosfer, Riyaziyyat və 
								statistika elmləri, Fizika, Psixologiya 
								departamentləri aiddir. 
								
								
								Genişləndirmə fakültəsi 1912-ci ildə açılıb. 
								Fakültə Tətbiqi elmlər, Biznes, Yaşlılar və 
								təhsilin davametdirilməsi, Kommunikasiya və 
								texnologiya, İngilis dilinin öyrənilməsi, 
								Hökumət Tədqiqatları, Liberal Tədqiqatlar, 
								Tibbi  akupunktura proqramları təklif edir. 
								Genişləndirmə fakültəsinin Uşaq, Gənclər və Ailə 
								tədqiqatları, Şəhər-Rayon Tədqiqatları, İctimai 
								iştirak mərkəzləri, Alberta Oyun Elmi-Tədqiqat 
								İnstitutu, Fasiləsiz Təhsil Kanada Universitet 
								Jurnalı fəaliyyət göstərir.  
								
								
								Hüquq fakültəsi universitetdə 1912-ci ildə 
								yaradılıb. Fakültəyə Alberta Hüquq Reforması, 
								Beynəlxalq Ombudsman, Sağlamlıq Hüququ 
								institutları, Kanada Vətəndaş Mühakiməsi Forumu, 
								Konstitusiya Tədqiqatları Mərkəzi aiddir. 
								 
								
								 Tibb 
								və stomatologiya fakültəsi 1913-cü ildə açılıb 
								və verdiyi tibbi təhsilin keyfiyyətinə görə 
								dünyada tanınır. Fakültə Xərçəng, Mühəndislik və 
								Təsviretmə Elmləri, Kliniki Laboratoriya 
								Tədqiqatları, İcma-əsaslı Tibb, Stomatologiya, 
								İnsan İnkişafı, Daxili təbabət, Molekulyar və 
								Sistemlər Təbabəti, Cərrahiyyə və 
								Anesteziologiya məktəbləri, Anatomiya, 
								Anesteziologiya və Ağrı, Biokimya, Biotibbi 
								Mühəndislik, Hüceyrə Biologiyası, Nevrologiya, 
								İntensiv Terapiya, Stomatologiya, Ailə tibbi, 
								Sağlamlıq etikası, Tibbi genetika, 
								Mikrobiologiya və immunologiya, Tibb, Mamalıq və 
								ginekologiya, Onkologiya, Oftalmologiya, 
								Pediatriya, Əczaçılıq, Fiziki tibb və 
								reabilitasiya, Fiziologiya, Psixiatriya, 
								Radiologiya və diaqnostik vizualizasiya, 
								Cərrahiyyə, Təcili tibbi yardım 
								departamentlərindən,  Tibb və Patalogiya 
								Laboratoriyasından ibarətdir.  
								
								
								İctimai səhiyyə fakültəsi 2006-cı ildə 
								yaradılıb. Fakültədə İctimai səhiyyə 
								departamenti, Sağlamlıq Tədqiqatlarının İnkişaf 
								Etdirilməsi, Zədələrin Nəzarəti və Tədqiqatı 
								mərkəzləri fəaliyyət göstərir. 
								
								
								Bərpa tibb fakültəsi Əmək terapiyası, 
								Fizioterapiya, Nitq patalogiyası və audiologiya 
								departamentindən ibarətdir.  
								
								
								Alberta Biznes Məktəbi 1916-cı ildə yaradılıb. 
								Məktəbə Muhasibatlıq, əməliyyatlar və 
								informasiya sistemləri, Maliyyə və statistik 
								analiz, Marketinq, biznes iqtisadiyyatı və 
								hüquq, Strateji menecment və təşkilatçılıq 
								departamentləri daxildir.  
								
								
								Augustana kampusunda Təsviri incəsənət, 
								Humanitar, Dəqiq, İctimai elmlər departamentləri 
								fəaliyyət göstərir.  
								
								
								Sadalanan fakültələrlə yanaşı, Alberta 
								Universitetində Tibb bacısı, Əczaçılıq elmləri, 
								Fiziki tərbiyə və istirahət, Təbii tədqiqatlar, 
								Ali elmi tədqiqatlar fakültələri, Kitabxanaçılıq 
								və İnformasiya Tədqiqatları Məktəbi, Müqəddəs 
								İosif, Müqəddəs Stefan kollecləri, Sen-Jen 
								kampusu, Milli Nanotexnologiya, Alberta Diabet 
								institutları mövcuddur.    
								
								
								Alberta Universitetinin kitabxana sisteminə 
								universitetin müxtəlif kampuslarında yerləşən 
								20-yə yaxın kitabxana daxildir və Kanadanın ən 
								böyük kitabxanalarından biridir (Toronto 
								Universitetindən sonra ikinci), Şimali 
								Amerikanın isə 12-ci ən böyük kitabxanasıdır.  
								Sistemə Rezerford, Kameron Elm və Texnologiya, 
								Vinsper Biznes Məlumat, Müqəddəs İosif Kolleci, 
								Kots, Brüs Pil Xüsusi, Veyr Memorial Hüquq, 
								Skott Tibb Elmləri, Doktor Jozefin Mitçel 
								Riyaziyyat, Augustana, Sen-Jen kampusları və s. 
								kitabxanalar daxildir. Kitabxana sistemində 
								ümumilikdə 11 milyona yaxın kitab, 530000 
								elektron kitab, 1400-dən çox verilənlər bazası 
								mövcuddur.   
								
								
								Ali təhsil müəssisəsində iki əsas qəzet - 
								"Folio" və "Gateway" çap edilir. "Dagligtale" 
								Augustana kampusunda nəşr edilən aylıq tələbə 
								qəzetidir.    
								
								
								Alberta Universiteti muzeyləri 35 müxtəlif 
								kolleksiyalardan ibarət şəbəkə yaradır və 
								universitet ərazisindəki 120 müəssisədə 
								yerləşdirilib. Muzey kolleksiyasına 17 milyondan 
								çox material daxildir. Universitetin Tims 
								İncəsənət Mərkəzi  ölkənin ən yaxşı 
								təlim-tərbiyə teatrıdır və  289-dan çox insan 
								tutumuna malikdir.   
								
								
								Alberta Universiteti geniş spektrdə yataqxana 
								komplekslərinə malik təhsil mərkəzidir. 
								Tələbələrin əksəriyyəti kampusdan kənarda 
								yaşamağa üstünlük versələr də, Edmonton 
								şəhərindən olmayan aşağı kurs tələbələri mənzil 
								xidmətinin təklif etdiyi yataqxanalarda 
								qalırlar. Yataqxanalardan 1800 nəfərlik tələbə 
								tutumuna malik, ümumi mətbəx və qonaq otağı, bir 
								və ikinəfərlik yataq otaqlarından ibarət Lister 
								mərkəzini,  850 nəfərlik tələbə tutumuna malik 
								daxili yaşayış və restoranlar dəhlizlərindən 
								ibarət HUB Beynəlxalq evlərini, əcnəbi tələbələr 
								və onları yaxından tanımaq istəyən kanadalı 
								gənclər üçün nəzərdə tutulmuş yeni Beynəlxalq Ev 
								binasını qeyd etmək olar. Eyni zamanda yaşlı 
								tələbələr üçün nəzərdə tutulmuş çoxmərtəbəli 
								Nyuton Pleys, Miçener Park, universitetin kişi 
								sakinləri üçün Müqəddəs İosif Kolleci, 
								fransızdilli tələbələrin qaldıqları Sen-Jen, 
								ikinəfərlik 300 otaqdan ibarət Augustana yaşayış 
								kompleksləri, evli tələbələr üçün Şərqi Kampus 
								Kəndi də universitet yataqxanalarına aiddir. 
								Yataqxanalarda otaqların illik qiyməti 4800-7900 
								Kanada dolları arasında dəyişir. 
								
								
								Alberta Universitetində ümumilikdə 36000 
								nəfərdən çox insan təhsil alır. Onların 29000-ə 
								qədərini bakalavr, qalanlarını isə magistr və 
								doktorantlar təşkil edirlər.  
								
								
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində Alberta Universitetinin mühəndislik 
								fakültəsinin bakalavr pilləsinin I kursunda Emil 
								Həşim oğlu Cəfərli və Aqil Adil oğlu Əzimzadə, 
								beynəlxalq münasibətlər fakültəsinin bakalavr 
								pilləsinin III kursunda Fatimə Rövşən qızı 
								Məmmədova, neft mühəndisliyi fakültəsinin 
								magistratura pilləsində Məmməd Elşad oğlu 
								Hüseynov təhsil alırlar.  
								
								
								Alberta Universitetində 300-dən çox fəal tələbə 
								qrupu fəaliyyət göstərir. Bunlar elmi, mədəni, 
								siyasi və digər birliklərdir. Tələbə qrupları 
								arasında ən böyüyü 1957-ci ildən mövcud olan və 
								hazırda 1800-dən çox üzvdən ibarət Rəqs 
								klubudur.  
								
								
								Universitetdə idmana xüsusi diqqət göstərilir. 
								Burada demək olar ki, idmanın bütün növləri 
								inkişaf etdirilib. Kanada universitetlərarası 
								idman yarışlarında Alberta Universitetini 
								oğlanlardan ibarət "Alberta qızıl ayıları" və 
								qızlardan ibarət "Alberta pandaları" idman 
								komandaları təmsil edirlər. Kanada Qərb 
								Konfransının 8 il təşkil etdiyi yarışda ali 
								məktəbin "Panda" xokkey komandası 7 dəfə qalib 
								olub.  
								
								
								Alberta Universitetinin hazırkı, 19-cu kansleri 
								xanım Linda Hyuz, 12-ci prezidenti xanım İndira 
								Samasakera, rektoru isə Karl Amrheindir. 
								Universitetdə ümumilikdə 14146 nəfər işçi 
								çalışır. Əməkdaşların 3506 nəfərini akademik, 
								10640 nəfərini isə inzibati heyət təşkil edir. 
								
								
								Universitetin ilk prezidenti Henri Marşall 
								Torinin sözlərinə görə, "Alberta Universiteti 
								bütün xalqı ayağa qaldırmaq üçün yaradılıb". Bu 
								gün də Alberta Universiteti yeni tədqiqat və 
								kəşfləri ilə cəmiyyətin rifahına, bəşəriyyətə 
								uğurlu gələcək bəxş etmək məqsədlərinə  xidmət 
								edir.  
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Co Klark  | 
										
										
										Kanadanın sabiq baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Devid Emerson  | 
										
										
										Beynəlxalq ticarət naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Beverli Makleçlin  | 
										
										
										Kanada Ali Məhkəməsinin sədri | 
										  | 
									 
									
										|   | 
										
										
										Ed Stelmax  | 
										
										
										Alberta əyalətinin baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Devid Henkok | 
										
										
										Alberta əyalətinin təhsil naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Lu Hayndman  | 
										
										
										Alberta əyalətinin sabiq Nazirlər 
										Kabinetinin sədri | 
										  | 
									 
									
										|   | 
										
										
										Pet Binns | 
										
										
										Şahzadə Eduard adasının sabiq baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Ceyn Sterk  | 
										
										
										Britaniya Kolumbiyası Yaşıllar 
										Partiyasının lideri | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert Stedvord | 
										
										
										Beynəlxalq Paralimpiya Komitəsinin sabiq 
										prezidenti  | 
										  | 
									 
									
										|   | 
										
										
										Su Guaninq | 
										
										
										Nanyanq Texnologiya Universitetinin 
										prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Uolles Sterlinq | 
										
										
										Stenford Universitetinin sabiq 
										prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Riçard Teylor | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Raymond Lemye | 
										
										
										kimya üzrə Volf və Albert Eynşteyn Dünya 
										elmləri mükafatları laureatları | 
										  | 
									 
									
										|   | 
										
										
										Natan Braun | 
										
										
										yazıçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Artur Krüqer | 
										
										
										yazıçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Timoti Teylor | 
										
										
										yazıçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Brayan Treysi | 
										
										
										yazıçı | 
										  | 
									 
									 
								
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |