| 
								 
								
								 2010-cu 
								il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi 
								həyatında çox mühüm hadisələrlə əlamətdar 
								olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük 
								nailiyyətlər qazanılmış, dövlətçiliyimizin 
								möhkəmlənməsinə, tərəqqiyə və hərtərəfli 
								inkişafa yönəlmiş Heydər Əliyev kursu Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyev 
								tərəfindən uğurla davam etdirilmişdir. Yola 
								salmaqda olduğumuz il ərzində cənab İlham 
								Əliyevin rəhbərliyi altında siyasi, sosial, 
								iqtisadi sahələrdə islahatlar böyük uğurla davam 
								etdirilmiş, ölkəmizin regionda və dünya 
								arenasındakı mövqeyi qorunub saxlanılmışdır. 
								
								
								2010-cu il, şübhəsiz, ölkəmizin təhsil 
								quruculuğu salnaməsinə ən uğurlu illərdən biri 
								kimi düşəcək. Bu il ərzində təhsil sistemimizdə 
								aparılan islahatlar daha da sürətlənmiş və 
								dərinləşmiş, "Təhsil haqqında" Azərbaycan 
								Respublikasının Qanununun icrası istiqamətində 
								Təhsil Nazirliyində 40-a yaxın normativ sənəd 
								hazırlanmış və Nazirlər Kabineti tərəfindən 
								təsdiq edilmişdir. "Təhsil haqqında" Qanun, ilk 
								növbədə, Azərbaycan təhsilinin keyfiyyətcə yeni 
								inkişaf mərhələsinə qədəm qoymasına və dünya 
								təhsil məkanına inteqrasiya prosesinin daha da 
								sürətlənməsinə zəmin yaratmışdır. 
								
								
								Məktəb infrastrukturunun inkişafı sahəsində 
								tədbirlər ardıcıl olaraq davam etdirilmiş, ilin 
								əvvəlindən bəri 18852 yerlik 59 yeni məktəb 
								binası və əlavə korpus inşa edilmiş, 8 məktəbdə 
								əsaslı təmir, 356 məktəbdə təmir işləri 
								aparılmışdır, 6980 yerlik 25 yeni məktəb 
								binasının tikintisinə başlanmışdır. Beləliklə, 
								son illərdə yeni tikilmiş və əsaslı təmir 
								olunmuş məktəblərin sayı 2 mini ötmüşdür. 266 
								məktəb müasir avadanlıqlarla, 115 məktəb kimya 
								və fizika laboratoriyaları ilə  təchiz 
								olunmuşdur. 
								
								
								Ölkə Prezidentinin tapşırığına əsasən ölkənin 
								bütün məktəblərinin maddi-texniki bazasının 
								müasir standartlar səviyyəsinə çatdırılması ilə 
								əlaqədar proqram hazırlanmışdır. Proqram 
								çərçivəsində 551 yeni məktəb binasının, 309 
								məktəb üçün əlavə korpusun inşası, 859 məktəbdə 
								əsaslı təmir və bərpa işlərinin aparılması 
								ölkədə ümumi təhsil müəssisələrinin 
								maddi-texniki bazası sahəsində problemin tam 
								həllini və məktəblərin birnövbəli fəaliyyətini 
								təmin edəcəkdir. 
								
								
								Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud 
								məktəblər üçün əlavə korpusların inşası, onların 
								əsaslı təmiri, müasir avadanlıqlarla, 
								laboratoriyalarla təminatı, istilik sisteminin 
								bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 
								milyondan çox şagirdin, yəni bütün şagirdlərin 
								80 faizinin təlim şəraiti yaxşılaşmışdır. Məktəb 
								tikintisi sahəsində həyata keçirilən proqramlar 
								nəticəsində ikinövbəli məktəblər 73 faizdən 
								44-ə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 
								faizdən 21-ə enmişdir. 
								
								
								Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ildə 2 
								yeni məktəb binası inşa edilmişdir. Gürcüstanda 
								azərbaycanlı soydaşlarımızın yaşadığı 
								bölgələrdəki 3 məktəb-Tbilisi şəhər 73, 
								Qardabani şəhər 3 və Dmanisi şəhər 2 nömrəli 
								məktəblər əsaslı təmir və bərpa edilmiş, müasir 
								avadanlıqlarla təchiz olunmuşdur. 
								
								
								Təhsil sistemində müasir informasiya 
								texnologiyalarının tətbiqi istiqamətində 
								görülmüş işlər sayəsində tədris ocaqları 2031 
								ədəd kompüter, 602 ədəd noutbuk, 2077 ədəd 
								netbuk, 603 ədəd proyektor, 30 ədəd çap qurğusu, 
								612 ADSL modem, 563 switch, 112 IP telefonla 
								təchiz edilmişdir. O cümlədən, "Elektron məktəb" 
								layihəsində iştirak edən 20 ümumtəhsil məktəbinə 
								300 yeni personal kompüter və 336 netbuk 
								verilmişdir. İKT üzrə savadlılığın artırılmasına 
								yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi 
								məqsədilə 23 min nəfər pedaqoji və inzibati 
								heyət treninqlərdən keçirilmişdir. Təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə 
								2008-2012-ci illəri əhatə edən Dövlət Proqramı 
								çərçivəsində 1000 məktəb genişzolaqlı sürətli 
								İnternetlə təmin olunmuş, İnternetə qoşulmuş 
								məktəblər 22 faizə yüksəlmişdir. 2009-cu ildən 
								başlanmış "Xalq kompüteri" layihəsi çərçivəsində 
								10 min müəllim sadələşdirilmiş şərtlərlə 
								kompüter əldə etmiş, "Şagird və tələbələr üçün 
								xalq kompüteri" layihəsinə başlanmışdır. 
								
								
								Dərsliklərlə təminat sahəsində görülən işlər 
								cari ildə də davam etdirilmiş, 2010-2011-ci 
								tədris ili üçün 127 adda  4,6  milyon nüsxə 
								dərslik və  müəllim  üçün  metodik  vəsait  çap 
								olunmuş və  məktəblərə verilmişdir. O cümlədən, 
								yeni kurikulum tətbiq edilən III siniflər üçün 
								40 adda  dərslik  və  müəllim üçün metodik 
								vəsait çap edilmişdir. Gürcüstanın təlim 
								Azərbaycan dilində olan məktəblərinə, MDB-də və 
								digər xarici ölkələrdəki "Bazargünü" 
								məktəblərinə dərsliklər,  coğrafi  xəritələr və 
								digər tədris vəsaitləri göndərilmişdir. Hazırda 
								ümumi təhsil sistemində istifadə edilən 400 adda 
								dərslik, yəni  bütün  dərsliklər,  milli mənəvi  
								dəyərlər  baxımından məzmunca 
								yeniləşdirilmişdir. 
								
								
								Son illərdə həyata keçirilmiş tədbirlər 
								nəticəsində təhsilin keyfiyyəti nəzərəçarpacaq 
								dərəcədə yüksəlmiş, orta məktəb məzunlarının ali 
								məktəblərə qəbul imtahanlarında göstərdikləri 
								nəticələr ilbəil yaxşılaşmışdır. 2010-cu ildə 
								ali məktəblərə qəbul imtahanlarında 600-dən çox 
								bal toplayanların sayı 2009-cu ilə nisbətən 300 
								nəfərdən çox artaraq 1365 nəfərə çatmış, 7 nəfər 
								məzun 700 bal toplamışdır. 300-dən çox bal 
								toplayanlar 2009-cu ildəki 20 faizdən 31 faizə, 
								500-700 bal toplayanlar 6 faizdən 8,5 faizə, 
								orta bal göstəriciləri 211-dən 231-ə 
								yüksəlmişdir. 
								
								
								İstedadlı şagirdlərin təhsilinin daha səmərəli 
								təşkili məqsədilə Gəncə, Mingəçevir, Sumqayıt, 
								Şirvan şəhərləri və Quba, Ağdaş, Şəki, Lənkəran 
								rayonlarının seçilmiş 8 məktəbinin bazasında 
								liseylər yaradılmış, müsabiqə yolu ilə şagird və 
								müəllimlər seçilmiş, xüsusi tədris planı 
								əsasında tədrisə başlanmışdır. 2010-cu il 
								aprelin 27-dən mayın 3-dək Bakı şəhərində 
								məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq 
								Mendeleyev Olimpiadası keçirilmiş və bu bilik 
								yarışında Azərbaycan komandası 1 qızıl, 3 bürünc 
								medal qazanmışdır. 
								
								
								Kadr təminatı sahəsində Nazirlər Kabinetinin 
								qərarına əsasən, 2010-2011-ci dərs ilinə ucqar 
								kənd məktəblərindəki vakant yerlərə 
								stimullaşdırıcı tədbirlər tətbiq edilməklə 800 
								nəfər gənc mütəxəssis göndərilmişdir. 
								Respublikanın ümumtəhsil məktəblərinə 
								müəllimlərin işə qəbulu sahəsində yeni 
								mexanizmlərin tətbiqinə başlanmış, ilk dəfə 
								olaraq ölkənin ümumtəhsil məktəblərinə 
								müəllimlərin işə qəbulu elektron vasitələr 
								əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq 
								olunmaqla həyata keçirilmişdir. 
								
								
								2010-cu ildə ali məktəblərdə çalışan alimlər 
								tərəfindən 391 monoqrafiya, 315 dərslik, 527 
								dərs vəsaiti, 1461 adda proqram və metodik 
								ədəbiyyat nəşr edilmişdir. 2010-2011-ci tədris 
								ilindən Azərbaycan Respublikası ərazisində 
								fəaliyyət göstərən ali təhsil müəssisələrində 
								dövlət büdcəsinin vəsaiti hesabına adambaşına 
								maliyyələşdirmə mexanizminin tətbiqinə 
								başlanılmışdır. 
								
								
								Azərbaycan gənclərinin xaricdə təhsili məsələsi 
								2010-cu ildə də diqqət mərkəzində 
								saxlanılmışdır. Ümumilikdə 10 min nəfər 
								azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin 
								ali məktəblərində təhsillərini müvəffəqiyyətlə 
								davam etdirirlər. Həmin gənclərdən 816 nəfəri 
								dövlətlərarası müqavilələrə, 750 nəfəri isə 
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na 
								əsasən dünyanın aparıcı universitetlərinə təhsil 
								almağa göndərilmişdir. Onlardan 150 nəfəri artıq 
								məzun olmuşdur. Ölkəmizdə təhsil alan əcnəbi 
								tələbələrin sayı da ilbəil artır. Hazırda 
								onların sayı 7 mini ötmüşdür. 
								
								
								BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı 
								hesabatında göstərilir ki, 2005-2010-cu illər 
								ərzində Azərbaycan insan inkişafı sahəsində ən 
								sürətli irəliləyişə nail olmuşdur. 2005-ci ildə 
								101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 169 
								ölkə arasında 34 pillə irəliləyərək 67-ci yerə 
								yüksəlmiş, orta inkişaf səviyyəli ölkələr 
								qrupundan yüksək inkişaf etmiş ölkələr qrupuna 
								daxil olmuşdur. Aparılan təhlillər deməyə əsas 
								verir ki, Azərbaycanda insan inkişafı indeksinin 
								yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli 
								təsir etmişdir. Belə ki, həmin hesabatda qeyd 
								olunur ki, Azərbaycanda savadlılıq səviyyəsi 
								99,5 faiz, ibtidai təhsillə əhatə səviyyəsi 
								116,2 faiz, orta təhsillə əhatə səviyyəsi 95,6 
								faiz təşkil edir. 
								
								
								Təhsil işçilərinə davamlı dövlət qayğısının 
								nəticəsidir ki, 2010-cu ildə təhsil sahəsində 
								çalışanların əməyi qiymətləndirilmiş, 303 nəfər 
								yüksək dövlət təltiflərinə layiq görülmüşdür. 
								"Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil 
								məktəbi" müsabiqələri təhsil tariximizdə mühüm 
								hadisə olmaqla məktəb və müəllimlər arasında 
								sağlam rəqabəti, innovativ fəaliyyəti 
								gücləndirmiş, təhsilin keyfiyyətinin 
								yüksəlməsinə müsbət təsir göstərmiş, ölkə 
								Prezidentinin 5 iyul 2010-cu il tarixli 
								sərəncamına əsasən cari ildə müsabiqələrin 
								qalibi olmuş ən yaxşı 100 müəllimə və 50 məktəbə 
								yüksək mükafatlar verilmişdir.  
								
								
								Təhsil işçilərinin maddi rifah halının 
								yüksəldilməsi hər il olduğu kimi, 2010-cu ildə 
								də diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan 
								Respublikası Prezidentinin 6 sentyabr 2010-cu il 
								tarixli "Təhsil müəssisələrində çalışan 
								işçilərin əməkhaqlarının artırılması haqqında" 
								sərəncamına əsasən 2010-cu il sentyabrın 1-dən 
								təhsil işçilərinin əməkhaqqı orta hesabla 10 
								faiz artırılmışdır. 
								
								
								Sürətli, davamlı inkişaf üçün yaradılmış möhkəm 
								təməl deməyə əsas verir ki, qarşıdan gələn 
								2011-ci il də ölkəmiz, təhsil ictimaiyyətimiz 
								üçün uğurlu olacaq, Azərbaycanın təhsil sistemi 
								daha möhtəşəm nailiyyətlər əldə edəcəkdir. 
								
								
								Bütün xalqımızı, çoxminli təhsil işçilərini 
								qarşıdan gələn 31 dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il 
								bayramı münasibətilə təbrik edir, firavanlıq, 
								daha böyük nailiyyətlər arzulayıram. 
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri,  
								əməkdar elm xadimi, professor 
								 
								
								
								 Əziz 
								müəllimlər, tələbələr, şagirdlər və valideynlər!
								 
								
								
								31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü və Yeni il münasibətilə hər birinizi təbrik 
								edir, ən xoş arzularımı yetirirəm.  
								
								
								Biz XXI əsrin ilk 10 ilini yola salırıq. 2010-cu 
								ildə ölkəmiz bütün sahələrdə uğurlar əldə etmiş, 
								dünyanın qabaqcıl dövlətinə çevrilmiş, çox ciddi 
								siyasi və iqtisadi uğurlara imza atmışdır. 
								Müstəqil dövlətimiz güclü inkişaf potensialı, 
								səmərəli idarəetmə sistemi ilə nəzərdə tutulmuş 
								bütün proqramları müvəffəqiyyətlə həyata 
								keçirmişdir.  
								
								
								Yola saldığımız il ulu öndərimiz Heydər Əliyevin 
								"Azərbaycan xalqının milli sərvəti" adlandırdığı 
								Bakı Dövlət Universiteti üçün də bir neçə 
								baxımdan əlamətdar olmuşdur. Hazırda 
								respublikamızda sabit və sağlam ictimai-siyasi 
								mühitin hökm sürməsi, bütün ali təhsil ocaqları 
								kimi, Bakı Dövlət Universitetinin həyatına da 
								müsbət təsirini göstərmişdir. Ötən ildə 
								universitetdə yeni elmi strukturlar yaradılmış, 
								tədrisin keyfiyyətinin yaxşılaşdırılması 
								istiqamətində bir neçə qurum fəaliyyətə 
								başlamış, beynəlxalq əlaqələrimizin daha da 
								genişləndirilməsi sahəsində çox ciddi işlər 
								görülmüşdür.  
								
								
								Ölkəmizin dünya dövlətləri arasında söz sahibinə 
								çevrilməsi dünya azərbaycanlıları arasında milli 
								birliyin daha da güclənməsinə, təşkilatlanmasına 
								böyük təkan vermişdir. Bildiyiniz kimi, 
								ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü 
								ilə 1991-ci ildən qeyd olunan Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü hər bir 
								azərbaycanlının milli bayramına çevrilmişdir. 
								Soydaşlarımızın qarşısında duran vəzifələri 
								dəqiq və aydın müəyyənləşdirən ulu öndərimiz 
								demişdir: "Dünya Azərbaycanlılarının ancaq bir 
								müstəqil dövləti var. Bu, Azərbaycan 
								Respublikasıdır. Biz hamımız onun ətrafında 
								birləşməliyik".  
								
								
								Bu gün möhtərəm Prezidentimiz cənab İlham 
								Əliyevin diaspor quruculuğu işinə böyük 
								əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım 
								göstərməsi nəticəsində xaricdəki 
								həmvətənlərimizin birlik, həmrəylik telləri daha 
								da güclənir, müstəqil dövlətimizin təbliği işinə 
								öz layiqli töhfələrini verir.  
								
								
								Əziz müəllimlər, tələbələr və təhsil işçiləri! 
								
								
								Hörmətli valideynlər! 
								
								
								Sizi respublikamızın tarixində mühüm hadisə olan 
								31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü və Yeni il münasibətilə ürəkdən təbrik 
								edir, cansağlığı və səadət arzulayıram. 
								
								
								Ulu öndərimiz Heydər Əliyevin azərbaycançılıq 
								ideyalarının dünya azərbaycanlıları arasında 
								geniş yayılması, möhtərəm Prezidentimiz İlham 
								Əliyevin rəhbərliyi altında ölkəmizin  daha  da  
								çiçəklənməsi naminə gördüyünüz  nəcib  işlərdə 
								sizə  yeni-yeni  uğurlar arzulayıram. 
								 
								
								
								
								Abel MƏHƏRRƏMOV, 
								BDU-nun rektoru, akademik, millət vəkili  
								 
								
								
								 Sevindirici 
								haldır ki, yola saldığımız 2010-cu il bütövlükdə 
								ölkəmiz, eləcə də Azərbaycan Tibb 
								Universitetinin professor-müəllim heyəti və 
								tələbələri üçün ən uğurlu illərdən birinə 
								çevrilmişdir. ATU-nun həyatında ilin ən 
								əlamətdar hadisələrindən biri ölkə Prezidenti 
								zati-aliləri, möhtərəm İlham Əliyevin və Heydər 
								Əliyev Fondunun prezidenti, YUNESKO-nun və 
								İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin 
								deputatı Mehriban xanım Əliyevanın cari ilin 
								oktyabr ayının əvvəlində Azərbaycan Tibb 
								Universitetinə gəlmələri və ali təhsil ocağının 
								çoxprofilli Terapevtik Klinikasının açılışında 
								iştirak etmələri olmuşdur. Onu da qeyd etmək 
								lazımdır ki, cənab Prezident və onun xanımı 
								2007-ci il sentyabrın 18-də ATU-nun Terapevtik 
								Klinikasının təməlqoyma mərasimində iştirak 
								etmişdilər. Klinika ölkə başçısı cənab İlham 
								Əliyevin diqqət və qayğısı sayəsində qısa 
								müddətdə tikilib istifadəyə verildi. 
								
								
								2010-cu il həm də universitetimiz üçün yubiley 
								ili olmuşdur. Kollektivimiz bu şərəfli yubileyə 
								2009-cu ildən hazırlaşmağa başlamışdı. Artıq 
								vidalaşmağa hazırlaşdığımız ilin bizim üçün ən 
								yaddaqalan və qürur doğuran günlərindən biri də 
								2010-cu ilin 28 aprel tarixi olmuşdur. Həmin gün 
								ölkə Prezidenti Azərbaycan Tibb Universitetinin 
								yaradılmasının 80 illik yubileyinin dövlət 
								səviyyəsində keçirilməsi haqqında sərəncam 
								imzalamışdı. Sərəncamdan sonra yubileyə hazırlıq 
								işləri böyük ruh yüksəkliyi ilə davam etdirildi. 
								2010-cu ilin oktyabr ayında ölkəmizin səhiyyə və 
								təhsil işçiləri tərəfindən tarixi yubiley 
								təntənəli surətdə qeyd edildi. Yubiley 
								ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin 
								sərəncamı ilə universitetimizin 80 nəfər 
								əməkdaşı Vətənimizin ən yüksək təltiflərinə, 
								fəxri adlara, Prezident təqaüdünə layiq görüldü. 
								
								
								ATU-nun professor-müəllim heyəti və tələbələri 
								ölkə başçısının bizə göstərdiyi diqqət və 
								qayğıdan ruhlanaraq gələcəkdə də yüksək 
								nailiyyətlər əldə etmək üçün əminliklə səy 
								göstərirlər. 
								
								
								Qarşıdan gələn bayramları ruh yüksəkliyi ilə  
								qarşılamaq xoş əhvali-ruhiyyə yaradır. Belə bir 
								əhvali-ruhiyyə ilə Azərbaycan Tibb 
								Universitetinin professor-müəllim heyəti və 
								tələbələri adından, eləcə də öz adımdan 
								Prezidentimiz başda olmaqla xalqımızı, ölkəmizin 
								bütün tibb işçilərini, gənclərimizi əsası ulu 
								öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 
								dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü və Yeni - 2011-ci ilin gəlişi münasibətilə 
								səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm 
								cansağlığı, səadət diləyir, işlərində böyük 
								uğurlar arzulayıram.  
								
								
								
								Əhliman ƏMİRASLANOV, 
								ATU-nun rektoru, akademik,  
								SSRİ Dövlət mükafatı laureatı, millət vəkili 
								 
								
								
								 Ölkəmiz 
								üçün əlamətdar hadisələrlə zəngin olan 2010-cu 
								il  tarixin bir səhifəsinə çevrilir. Ömrümüzün 
								daha bir ili geridə qalır, şirin xatirə olur. 
								İlin bu son günlərində bir daha geriyə dönmək, 
								keçdiyimiz yola nəzər salmaq yerinə düşərdi. 
								
								
								Əvvəla, onu qeyd edək ki, noyabrın 7-də IV 
								çağırış Azərbaycan Respublikasının Milli 
								Məclisinə keçirilmiş azad və şəffaf seçkilər 
								ölkəmizin demokratik inkişaf tarixinə əlamətdar 
								siyasi hadisə kimi yazıldı. Bu seçki həm də 
								ölkəmizdə Prezident cənab İlham Əliyevin 
								siyasətinə Azərbaycan xalqının inamını, hörmət 
								və ehtiramını bir daha nümayiş etdirdi. 
								Respublikamız sosial, iqtisadi və mədəni 
								sahələrdə bir sıra nailiyyətlər qazandı. 
								İldən-ilə geniş vüsət alan tikinti, quruculuq və 
								abadlıq işləri, habelə infrastruktur layihələrin 
								həyata keçirilməsi cari ildə də hər bir 
								vətəndaşa layiqli həyat təmin etmək yolunda 
								geniş imkan yaratdı. 
								
								
								2010-cu il Azərbaycanın təhsil sistemi üçün də 
								uğurlu illərdən biri oldu. "Təhsil haqqında" 
								yeni Qanun, şəhər, qəsəbə və kəndlərimizdə 
								tikilib istifadəyə verilən yüzlərlə müasir 
								məktəb və uşaq bağçası binaları, idman qurğuları 
								ictimaiyyətimiz tərəfindən böyük razılıqla 
								qarşılandı.  
								
								
								Yola salmağa hazırlaşdığımız il 
								universitetimizin kollektivi üçün də uğurlu 
								oldu. Tədrisin təkmilləşdirilməsində, 
								universitetin beynəlxalq əlaqələrinin 
								genişləndirilməsində, kadr hazırlığının 
								məzmununun yeniləşməsində, maddi-texniki bazanın 
								inkişafında, habelə informasiya-kommunikasiya 
								texnologiyalarından istifadə edilməsində yaxşı 
								göstəricilərə nail olduq. 2010-cu ildə 
								universitetimiz bir neçə respublika və 
								beynəlxalq səviyyəli konfranslara, simpoziumlara 
								ev sahibliyi etdi. Alimlərimiz tərəfindən 
								memarlığa və tikintiyə aid onlarca dərslik və 
								dərs vəsaiti, monoqrafiya yazılıb çap edildi. 
								Avropa Memarlıq Məktəbləri Birliyinə daxil olan 
								universitetimizin tələbə memarlarının layihələri 
								beynəlxalq sərgilərdə nümayiş olundu və 
								diplomlara layiq görüldü. 
								
								
								2010-cu il bir  mühüm hadisə ilə də bizim üçün 
								əlamətdardır. Cari ilin iyununda Prezident cənab 
								İlham Əliyev "Azərbaycan Memarlıq və İnşaat 
								Universitetinin maddi-texniki bazasının 
								yaxşılaşdırılması haqqında" Sərəncam imzaladı. 
								Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 
								imzaladığı bu Sərəncam kollektivimiz tərəfindən 
								minnətdarlıq hissilə qarşılandı. Bu, tələbə 
								gənclərimizi yaxşı oxumağa, professor-müəllim 
								heyətini isə daha yaxşı işləməyə, təhsildə daha 
								sürətlə modernləşmə və islahatlar aparmağa 
								ruhlandırdı. 
								
								
								Qarşıdan yeni il  - 2011-ci il gəlir. Qəzetin 
								mənə verdiyi fürsətdən istifadə edərək bütün 
								ictimaiyyətimizi, o cümlədən təhsil sahəsində 
								çalışan alimlərimizi, müəllimlərimizi və 
								ziyalıları səmimi-qəlbdən təbrik edirəm!  Hamıya 
								cansağlığı, xoş günlər, səadət, işlərində 
								yeni-yeni nailiyyətlər arzulayıram!  Qoy 2011-ci 
								il də  uğurlu  illərimizdən biri olsun!   
								
								
								
								Gülçöhrə MƏMMƏDOVA, 
								AMİU-nun rektoru, memarlıq doktoru,  
								professor, millət vəkili 
								 
								
								
								 Artıq 
								il ayrıcındayıq: 2010-cu il sona yetir, 2011-ci 
								il öz qədəmlərini qoymaqdadır. Bu il Azərbaycan 
								xalqının taleyində dərin izlər, yaddaqalan və 
								əlamətdar günlərlə tarixə qovuşur. 2010-cu il 
								həyatımızın bütün sahələri kimi, elm və təhsil 
								sahəsində də böyük uğur və nailiyyətlərin 
								qazanılması ilə tarixə çevrilməkdədir. 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin həyata keçirdiyi siyasət 
								respublikamızın bütün ali təhsil ocaqları kimi, 
								AzTU-nun həyatına da müsbət təsir göstərmişdir. 
								Belə ki, 2010-cu il universitetimizin 
								kollektivinin yaddaşında istər təhsil və 
								tədrisin yüksəldilməsi, istər maddi-texniki 
								bazanın gücləndirilməsi, istər müasir təlim 
								texnologiyalarının uğurlu tətbiqi, istərsə də 
								beynəlxalq əlaqələrin genişləndirilməsi 
								baxımından uğurlu və əlamətdar bir dövr kimi 
								qalacaqdır. Uğurla başa vurduğumuz ilin sonunda, 
								ümid və inamla gözlədiyimiz Yeni ilin 
								ərəfəsindəyik. Yeni ildə bizi nələr gözləyir?... 
								
								
								Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından 
								biri - milli kadr hazırlığına, cəmiyyətin 
								elmi-intellektual ruhda inkişafına əvəzsiz 
								töhfələr verən Azərbaycan Texniki 
								Universitetinin 60 illik yubileyi yaxınlaşır. 
								Qürur doğuran haldır ki, respublikada texniki 
								elmlərin inkişafında mühüm xidmətləri olmuş 
								görkəmli alim və ziyalıların, tanınmış 
								mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir 
								nəsli bu universitetin məzunlarıdır. Odur ki, on 
								minlərlə insanın taleyində böyük rol oynamış, 
								ayrı-ayrı dövlət qurumları, nəqliyyat, ağır 
								sənaye, energetika müəssisələri üçün layiqli 
								mütəxəssislər hazırlamış AzTU-nun 60 illik 
								yubileyi cəmiyyətdə əlamətdar hadisələrdən biri 
								kimi qarşılanır. 
								
								
								Universitetə göstərilən yüksək diqqət, ilk 
								növbədə, onun milli təhsil sisteminə əvəzsiz 
								töhfələri ilə şərtlənir. Ötən əsrin 50-ci 
								illərinin əvvəllərindən respublikada 
								elmi-texniki, mədəni, ictimai düşüncənin milli 
								mənafe və məfkurəyə uyğun inkişafı prosesində 
								mühüm rol oynamış Azərbaycan Texniki 
								Universiteti elm və təhsil tariximizə sanballı 
								töhfələr vermişdir.  
								
								
								Universitet iqtisadiyyatın müxtəlif sahələrində 
								uğurla çalışan çoxsaylı məzunları - ixtisaslı 
								kadrları ilə Azərbaycanın inkişafında böyük 
								izlər qoymuş, özünəməxsus elm və təhsil 
								ənənələri formalaşdırmışdır. Azərbaycan Texniki 
								Universiteti müstəqil ali məktəb kimi fəaliyyət 
								göstərməyə başladıqdan sonrakı dövr ərzində 
								müxtəlif ixtisaslar üzrə 90000-ə qədər mühəndis, 
								bakalavr və magistr hazırlamışdır. AzTU-nun 
								auditoriyalarında yetişmiş intellektual 
								səviyyəli, vətənpərvər ziyalılar onun layiqli 
								ənənələrini, nüfuzunu daim qoruyub saxlamış və 
								estafeti özlərindən sonrakı nəsillərə 
								ötürmüşlər. Bugünkü kollektivimiz də bu ənənəni 
								şərəflə davam etdirir, Yeni ilə yeni arzularla 
								qədəm qoyur. 
								
								
								Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları 
								başda olmaqla bütün xalqımızı 31 dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il 
								bayramı münasibətilə universitetimizin çoxminli 
								professor-müəllim heyəti və tələbələri adından 
								və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, 
								bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, 
								xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm. 
								Arzu edirəm ki, Yeni ildə həm təhsil 
								işçilərinin, həm də bütün Azərbaycan xalqının ən 
								ülvi, ən səmimi, ən böyük arzuları reallığa 
								çevrilsin.  
								
								
								
								Havar MƏMMƏDOV, 
								AzTU-nun rektoru, texnika elmləri doktoru, 
								professor 
								 
								
								
								 2010-cu 
								il bütün xalqımız, o cümlədən elm, təhsil, 
								mədəniyyət işçiləri üçün əlamətdar bir dövr 
								oldu. İqtisadiyyatımızın inkişafı, ölkəmizin 
								beynəlxalq aləmdəki uğurları və artan nüfuzu, 
								dövlətçiliyin sabit təkamülü humanitar sahədə də 
								bir çox nailiyyətlərə imkan yaratdı. Boloniya 
								prosesinə inteqrasiyanın dərinləşməsini, 
								infrastrukturun yeniləşməsini, təhsilin 
								tənzimlənməsi və idarəçiliyində müasir 
								meyarların tətbiqini belə mühüm hadisələrdən 
								hesab etmək olar. Ulu öndər Heydər Əliyev 
								tərəfindən yaradılmasının 10 illiyini qeyd edən 
								Bakı Slavyan Universiteti üçün də bu il yeni 
								uğurlarla yadda qalacaq. Cənab Prezident İlham 
								Əliyevin təhsilimizə, o cümlədən 
								universitetimizə qayğısı sayəsində bu ili bir 
								sıra nailiyyətlərlə başa vururuq.  
								
								
								İlk növbədə, mədəniyyətlərarası dialoqa, xaricdə 
								azərbaycanşünaslığın inkişafına xidmət edən bəzi 
								vacib hadisələri qeyd etmək istərdim. Milli 
								mədəniyyətimizin, dilimizin xaricdə təbliği və 
								öyrənilməsi məqsədilə bu il Minsk şəhərində, 
								Belarus Dövlət Pedaqoji Universitetində 
								Azərbaycan dili və mədəniyyəti mərkəzi 
								açılmışdır. Yaxın müddətdə burada 
								azərbaycanşünaslığın tədrisinə başlanacaq. Qeyd 
								edim ki, BSU tərəfindən yaradılmış belə bir 
								mərkəz artıq Moskva Dövlət Linqvistik 
								Universitetində fəaliyyət göstərir və burada da 
								dilimiz, ədəbiyyat və mədəniyyətimiz BSU-nun 
								mütəxəssisləri tərəfindən tədris olunur. Yaxın 
								müddətdə Ukraynada - Kiyev və Poltava 
								universitetlərində də analoji mərkəzlər 
								açılacaqdır. Eyni zamanda, bu il BSU-da Belarus 
								Respublikasının Prezidenti A.A.Lukaşenkonun 
								iştirakı ilə Belarus dili və mədəniyyəti mərkəzi 
								açılmış, bundan bir qədər əvvəl isə Çex mərkəzi 
								fəaliyyətə başlamışdır.     
								
								
								Azərbaycanşünaslığın aktual problemləri 
								mövzusunda Gəncə və Naxçıvan Dövlət 
								universitetləri ilə birlikdə ilk beynəlxalq 
								konfrans keçirdik. Konfransın 15-ə qədər ölkədən 
								olan iştirakçıları Bakı, Naxçıvan və Gəncədə 
								çıxışlar edib, ölkəmizin mədəniyyəti və müasir 
								gerçəklikləri ilə tanış oldular.  Türkiyənin 
								Qazi Universiteti ilə birgə keçirilən türk 
								dilləri və ədəbiyyatlarının tədrisinə həsr 
								edilmiş konfrans da böyük maraq doğurdu. 
								Ənənəmizin davamı olaraq bu il Minsk Dövlət 
								Pedaqoji Universiteti ilə "Elmi əsərlər"imizin 
								müştərək nəşri dərc edildi. MDB ölkələrindən 
								əlliyə qədər mütəxəssisin iştirakı ilə BSU-da 
								"Mədəniyyətlərin və dillərin dialoqu" mövzusunda 
								VI beynəlxalq forum, xaricdən və ölkəmizdən yüzə 
								yaxın mütəxəssisin ixtisasartırma kursları 
								keçirildi... 
								
								
								Ümumiyyətlə, beynəlxalq əməkdaşlığımız sürətlə 
								inkişaf etməkdədir, yalnız bu il ərzində 
								müxtəlif ölkələrin universitetləri ilə 11 
								müqavilə imzalamışıq və bu sahədə real fəaliyyət 
								göstəririk. TEMPUS proqramı, BBC xətti ilə 
								jurnalist hazırlığı üzrə layihəni xüsusi qeyd 
								etmək istərdim. BSU-nun təşəbbüsü ilə 
								Almaniyanın Yohannes Qutenberg-Mains 
								Universiteti və "Oswasld von 
								Wolkenstein-Gesselschaft" cəmiyyəti ilə birlikdə 
								həyata keçirilən "Kitabi-Dədə Qorqud" və 
								"Nibelunqlar nəğməsi" - Orta çağ qəhrəmanlıq 
								dastanlarında Şərq və Qərb" adlı onillik 
								müştərək tədqiqat layihəsi çərçivəsində ilk 
								simpozium keçirilmişdir.    
								
								
								Universitetimizdə bu ildən fəaliyyətə başlayan 
								maraqlı qurumlardan müvafiq elm sahələri üzrə 
								koordinasiyanı həyata keçirən virtual 
								İctimai-siyasi elmlər institutunu, tələbə 
								idarəçiliyinin orijinal forması olan "Kölgə 
								kabineti"ni, "BSU-nun dostları" klubunu 
								göstərmək istərdim. Cənab Prezident İlham 
								Əliyevin sərəncamı ilə həyata keçirilən 
								ümummilli əhəmiyyətli layihə, "Dünya ədəbiyyatı 
								kitabxanası" silsiləsi üzrə universitetimizdə 
								yaradılmış redaksiya heyəti tərəfindən tərtib, 
								redaktə, tərcümə prosesi davam etmiş və artıq 50 
								kitab nəşr edilmişdir. 
								
								
								Bu il kadr hazırlığı sahəsində də yeniliklərlə 
								yadda qalıb, mütəxəssis hazırlığı sırasına 
								turizm və otelçilik, ingilis, alman, fransız 
								filologiyası kimi ixtasaslar əlavə olunub. 
								Təhsil sistemimiz üçün unikal olan, ədəbi 
								istedada malik gənclərin təhsil aldığı 
								Yaradıcılıq fakültəsinin növbəti buraxılışı 
								oldu, tələbələrimiz qaçqın və köçkün 
								məktəblərində həm pedaqoji təcrübələrini, həm də 
								maarifçilik və xeyriyyəçilik işlərini davam 
								etdirdilər. Ali təhsil sistemimizdə ilk dəfə 
								universitetimizin nəzdində Məktəb-lisey 
								kompleksi yaradıldı.  
								
								
								Bütün bunlar Prezidentimizin, dövlətimizin 
								təhsilə olan qayğısı sayəsindədir və 
								kollektivimiz bizə bəslənən ümidləri doğrultmaq, 
								qarşımıza qoyulan vəzifələri yerinə yetirmək 
								üçün bundan sonra da ləyaqətlə çalışacaq. 
								 
								
								
								Həmkarlarımıza, Azərbaycanın fədakar təhsil 
								işçilərinə yeni ildə daha böyük uğurlar 
								arzulayır, Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü və Yeni il münasibətilə təbrik edirəm.   
								
								
								
								Kamal ABDULLAYEV, 
								BSU-nun rektoru, AMEA-nın müxbir üzvü,  
								əməkdar elm xadimi, professor  
								 
								
								
								 2010-cu 
								il ölkəmiz üçün çox uğurlu keçdi. Azərbaycan  
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								rəhbərliyi ilə illərə sığına bilən böyük 
								inkişafın şahidi olduq. Əslində geniş mənada 
								yeni Azərbaycanın inkişafında xüsusi mərhələ  
								formalaşdi. Azərbaycan hərtərəfli, dinamik 
								inkişafın və modernləşmənin İlham Əliyev dövrünü 
								yaşamaqdadır. 
								
								
								Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan 
								Naxçıvan Muxtar Respublikası üçün 2010-cu il 
								intibah hadisəsi səviyyəsində ümumiləşdi. 
								
								
								Azərbaycan təhsil sistemi il ərzində bir çox 
								böyük uğurlara imza ata bilmişdir. Milli 
								təhsilin bütün sahələrinin harmonik şəkildə 
								inkisafının təmin edilməsi cəmiyyətin həyatında 
								mühüm hadisədir. 
								
								
								Naxçıvan Dövlət Universiteti üçün də 2010-cu il 
								çox əlamətdar olmuşdur. Avropa Birliyinin TEMPUS 
								proqramı çərçivəsində 2 ayrı-ayrı layihədə 
								təmsil olunmağımız beynəlxalq əlaqalərimizin 
								inkisaf etdirilməsində uğurlu addımdır. Naxçıvan 
								Dövlət Universitetinin tələbələri üçün tikilib 
								istifadəyə verilmiş müasir tipli yataqxana 
								Azərbaycan təhsili sahəsində müstəqillik 
								dövründə meydana çıxmış birinci yataqxana kimi 
								mühüm əhəmiyyətə malikdir. MDB məkanında ilk 
								dəfə olaraq Naxçıvan Dövlət Universitetində 
								vay-fay  İnternet sisteminin tətbiq olunmasI 
								böyük texnoloji yenilikdir. Tələbə Sosial 
								Mərkəzi də ölkədə ilkdir.  
								
								
								Bütün təhsil isçilərinin Yeni ilini təbrik 
								edirəm və daha böyük  uğurlar arzulayıram. 
								
								
								
								İsa HƏBİBBƏYLİ, 
								NDU-nun rektoru, AMEA-nın həqiqi üzvü, professor 
								 
								
								
								 Hörmətli 
								həmvətənlər! 
								
								
								Azərbaycan xalqını Dünya Azərbaycanlılarının 
								Həmrəylik Günü və Yeni il münasibətilə təbrik 
								edir, hər bir vətəndaşımıza xoşbəxtlik, uğurlar 
								arzu edirəm. Azərbaycan dövlətçiliyinin daha da 
								möhkəmlənməsi, respublikamızın adının daha da 
								yüksək tribunalarda səslənməsi üçün hər bir 
								vətəndaşımıza səmərəli fəaliyyət göstərməyi 
								diləyirəm.  
								
								
								Vahid vətənimiz olan Azərbaycanın uğurları üçün 
								əsası ümummilli lider Heydər Əliyev tərəfindən 
								qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev 
								tərəfindən davam etdirilən uğurlu daxili və 
								xarici siyasət öz bəhrəsini ölkə vətəndaşlarının 
								xoş güzəranında, yaşayış tərzində 
								göstərməkdədir. Azərbaycanın adı artıq bir çox 
								dünya ölkələrində hörmət və ehtiramla çəkilir, 
								bayrağımız dünya təşkilatlarının binaları 
								qarşısında dalğalanır. Azərbaycanın haqlı 
								mövqeyi, demək olar, bütün dünya tərəfindən 
								dəstəklənir.  
								
								
								Azərbaycan Respublikası Prezidentinin səmərəli 
								fəaliyyəti bütün sahələrdə, o cümlədən təhsildə 
								də aşkar şəkildə görünməkdədir. Ölkəmizin təhsil 
								müəssisələrinin sərhədləri aşaraq beynəlxalq 
								aləmə qədəm qoyması, dünyanın bir çox nüfuzlu 
								ali təhsil ocaqları ilə əlaqələr yaratması 
								fikirlərimizin bariz nümunəsidir. Təhsil 
								sistemində qazanılan uğurlara diqqət yetirdikdə 
								əmin olmağa əsas var ki, təhsilimiz daha da 
								inkişaf edəcəkdir və xalqımızın övladları 
								Azərbaycanımız üçün layiqli vətəndaş kimi 
								yetişəcəklər.    
								
								
								Hörmətli həmvətənlər! 
								
								
								Sizi bir daha təbrik edir, üzümüzə gələn yeni - 
								2011-ci ilin sizin üçün düşərli, bərəkətli və 
								uğurlu olmasını arzulayıram.  
								
								
								
								Səməd SEYİDOV, 
								ADU-nun rektoru, professor, millət vəkili 
								 
								 
								
								
								 Artıq 
								XXI yüzilliyin ilk 10 ili ilə vidalaşırıq. Təbii 
								ki, belə tarixi məqamlarda hər bir ölkədə ötən 
								ilin yekunlarına qiymət verilir və növbəti il 
								üçün fəaliyyət proqramı müəyyənləşdirilir. Bu 
								baxımdan 2010-cu il bütün xalqımız kimi, 
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
								(ADPU) kollektivi üçün də diqqətçəkən  və uğurlu 
								bir dövr olmuşdur.  
								
								
								2010-cu il elm və təhsil sahəsində böyük uğur və 
								nailiyyətlərin qazanılması ilə səciyyələnmişdir. 
								Bu mənada cari tədris ilindən respublikamızın 
								ali məktəblərinin yeni maliyyələşmə mexanizminə 
								keçməsini və yeni "Təhsil haqqında" Qanuna uyğun 
								olaraq ölkəmizin tarixində ilk dəfə ali təhsil 
								müəssisələrində və elmi təşkilatlarda 
								doktoranturaların yaradılmasını xüsusi qeyd edə 
								bilərəm. Həmçinin vurğulamaq istəyirəm ki, 
								dövlət başçımız cənab İlham Əliyevin elm və 
								təhsili ölkənin davamlı inkişafının həlledici 
								amili hesab etməsi, bu istiqamətdə aparılan 
								dövlət siyasəti respublikamızın bütün ali təhsil 
								müəssisələri kimi, ADPU-nun professor-müəllim 
								heyətinin və tələbə kollektivinin fəaliyyətinə 
								də ciddi müsbət təsir göstərmişdir. 2010-cu il 
								universitetimizin kollektivinin yaddaşında istər 
								təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, 
								istər maddi-texniki bazanın gücləndirilməsi, 
								istər Boloniya prosesinə keçidin tam başa 
								çatdırılması,  istərsə də beynəlxalq əlaqələrin 
								genişləndirilməsi baxımından uğurlu və əlamətdar 
								bir dövr kimi qalacaqdır. Yeri gəlmişkən, gələn 
								il rəhbərlik etdiyim ADPU-nun 90 illik 
								yubileyidir. İnanıram ki, zəngin elm və təhsil 
								ənənələrinə malik olan universitetimiz bu 
								yubileyini böyük uğur və nailiyyətlərlə qeyd 
								edəcəkdir.  
								
								
								Möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda 
								olmaqla xalqımızı qarşıdan gələn 31 dekabr - 
								Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 
								- 2011-ci ilin gəlişi münasibətilə 
								universitetimizin kollektivi adından və şəxsən 
								öz adımdan səmimi-qəlbdən təbrik edir, xalqımıza 
								əmin-amanlıq, firavanlıq və müstəqil dövlətimizə 
								daha da güclənməyi, qüdrətlənməyi arzulayıram.   
								
								
								
								Yusif MƏMMƏDOV, 
								ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, 
								professor 
								 
								
								
								 Azərbaycan 
								tarixində əldə edilən uğurları, qazanılan 
								nailiyyətləri, həyata keçirilən mühüm 
								əhəmiyyətli tədbirləri ilə yadda qalan 2010-cu 
								ilə yekun vurulur. İl ölkəmizin hərtərəfli 
								inkişafı - demokratikləşmə, sosial-iqtisadi 
								inkişaf, xalqımızın maddi rifah halının 
								yaxşılaşması, bir çox sahələrdə mühüm 
								layihələrin icrası istiqamətində xüsusi 
								əhəmiyyətə malik olub. 
								
								
								Başa çatmaqda olan il həm də təhsil sisteminin 
								inkişafı, dünya təhsil sisteminə inteqrasiya 
								yönündə həyata keçirilən uğurlu islahatların 
								davamı kimi də tarixə qovuşur. Azərbaycanda 
								təhsilin inkişafına ulu öndərimiz Heydər Əliyev 
								öz əbədi töhfəsini verib, onun rəhbərliyi ilə 
								hazırlanaraq həyata keçirilən təhsil islahatı 
								bir çox problemlərin həllinə, təhsilimizin 
								məzmunca yeniləşməsinə, milli koloriti 
								saxlamaqla dünya təhsil sisteminə inteqrasiyaya 
								gətirib çıxarıb. Bu siyasəti uğurla davam 
								etdirən cənab Prezident İlham Əliyevin 
								imzaladığı 16 proqram təhsilin keyfiyyət və 
								kəmiyyət baxımından dəyişilməsinə səbəb olub.
								 
								
								
								Həmişə olduğu kimi, ötən il də dövlətin gənc 
								nəslə diqqət və qayğısı konkret rəqəmlərdə, 
								maddi və mənəvi dəstək formasında əksini tapdı. 
								Nəticədə uşaqlar üçün daha yaxşı təhsil, səhiyyə 
								şəraitinin yaradılması, təhsil müəssisələrinin 
								tikintisi və təmiri, müasir avadanlıqlarla 
								təchizat, dünya təhsil sisteminə inteqrasiya 
								sahəsində önəmli layihələrə imza atıldı. 
								 
								
								
								Bu mənada Azərbaycanın birinci xanımı, Heydər 
								Əliyev Fondunun prezidenti, YUNESKO-nun və 
								İSESKO-nun xoşməramlı səfiri, millət vəkili 
								Mehriban Əliyevanın  təhsil işçilərinə diqqət və 
								qayğısı, mənəvi dəstəyi, məktəbin problem və 
								qayğılarına həssas münasibəti bir çox 
								məsələlərin həllində mühüm vasitə oldu. 
								
								
								5 Oktyabr Beynəlxalq Müəllim Günü ərəfəsində 
								ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 
								"Əməkdar müəllim" fəxri adına və "Tərəqqi" 
								medalına layiq görülən təhsil işçiləri arasında 
								paytaxt məktəblərinin çox sayda müəlliminin də 
								yer alması əməyimizə verilən qiymətin 
								təzahürüdür.  
								
								
								2010-cu ildə ali məktəblərə tələbə qəbulunda 
								Bakı məktəblərinin xüsusi çəkisi artıb və 
								məzunlarımızın 44,83 faizi tələbə adını qazanıb.
								 
								
								
								2010-cu ildə bizim üçün ən əlamətdar 
								hadisələrdən biri də  Bakı təhsilinin tarixində 
								ilk dəfə təşkil edilən, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin 4 illik  fəaliyyətini əks etditən 
								"Təhsil, zaman və biz" adlı baxış-sərginin 
								keçirilməsi oldu. Uğurla  həyata keçirilən 
								təhsil islahatlarının nəticələri və bu sahədə 
								qazanılmış  nailiyyətləri cəmiyyətə təqdim 
								etməklə sərgi iştirakçılarında Bakı təhsil 
								mühitinin məzmunu və mahiyyəti haqqında fikir 
								formalaşdırmaq niyyətimizi gerçəkləşdirə bildik 
								və bu tipli tədbirlərimiz növbəti ildə də davam 
								etdiriləcəkdir. 
								
								
								Bu nəticələr 2010-cu illə bərabər tarixin bir 
								səhifəsinə çevrildi. İndi qarşıdan bizi 
								məqsədlərimizə və amallarımıza qovuşduracaq daha 
								bir il - 2011-ci il gəlir. İnanırıq ki, 2011-ci 
								il Azərbaycan həqiqətlərinin dünyaya 
								çatdırılması, işğal edilmiş torpaqlarımızın azad 
								edilməsi, həyatımızın ən müxtəlif sahələrində 
								əldə edilən uğurlar ilə daha yaddaqalan olacaq. 
								
								
								Xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının 
								Həmrəylik Günü və qarşıdan gələn Yeni il 
								münasibətilə Bakı şəhərinin pedaqoji 
								ictimaiyyəti adından təbrik edir, doğma 
								Vətənimizin daha da inkişaf etməsi, çiçəklənməsi 
								yolunda hər birimizə əzmkarlıq, hər bir ailəyə 
								firavanlıq və xoş gələcək arzulayıram. 
								
								
								
								Nailə RZAQULİYEVA, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri,  
								əməkdar müəllim  |