| 
								 
								
								 2010-cu 
								il mənim həyatımda uğur və zirvə ili oldu! Həm 
								bu ildə, həm də həyatım boyu əldə etdiyim bütün 
								uğur və nailiyyətlərimə görə öncə 
								valideynlərimə, müəllimlərimə və sonra da məni 
								əhatə edən yaxşı insanlara çox minnətdaram. 
								Pedaqoji fəaliyyətimə 1996-cı ildə Xətai 
								rayonundakı 204 nömrəli orta məktəbdə biologiya 
								müəllimi kimi başladım. Hazırda da bu məktəbdə 
								çalışıram. 2008-2009-cu tədris ilində "Ən yaxşı 
								müəllim" müsabiqəsinin qalibi oldum. Pedaqoji 
								fəaliyyətimdə çox nailiyyətlərim olub, ancaq 
								2010-cu ildə mənim bu fəaliyyətlərimin sırasına 
								yeniləri də əlavə olundu: Biologiya fənn 
								proqramının müəlliflərindən biri oldum, 
								Biologiya fənn kurikulumunun hazırlanması və 
								dərsliklərin qiymətləndirilməsi işçi qrupunun 
								üzvü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi 
								Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 
								məsləhətçisi, Kurikulum Portalının veb-masteri. 
								2010-2011-ci tədris ilinin 10 və 11-ci siniflər 
								üçün "Ümumi biologiya" dərsliyinin həmmüəllifi 
								olmaq şərəfinə də nail oldum. Dəfələrlə müxtəlif 
								yerli və xarici ölkələrin konfrans, seminar və 
								"dəyirmi masa"larında iştirak edərək yenə də 
								müxtəlif diplom və sertifikatlara layiq 
								görüldüm.  2010-cu  ildə Lomonosov adına Moskva 
								Dövlət Universitetinin Moskva Pedaqoji 
								Universiteti ilə birlikdə təşkil etdiyi uzaqdan 
								təhsil yoluyla ixtisasartırma kursunu bitirdim. 
								
								
								Onu da qeyd edim ki,  mənim həyatımda 2010-cu 
								ilin ən yaddaqalan  və ən önəmli hadisələrindən 
								biri Beynəlxalq Müəllim Günü ərəfəsində 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin sərəncamı ilə ölkəmizdə təhsilin 
								inkişafındakı xidmətlərinə görə bir qrup təhsil 
								işçisinə verilən "Əməkdar müəllim" fəxri adı ilə 
								təltif olunanların siyahısında mənim də adımın 
								olması idi. Mən və mənim ailəm  bu xəbəri 
								eşitcək çox şad olduq. Anam və atam da bu 
								sevincimə şərik olub, mənim üzərimdə çəkdikləri 
								zəhmətlərinin hədər getmədiyini və mənimlə fəxr 
								etdiklərini bildirdilər. Biz ailəvi olaraq bunu 
								ölkə başçısının təhsilə, təhsil işçilərinə 
								davamlı olaraq göstərdiyi diqqət və qayğının 
								yeni nümunəsi kimi qarşılayıb, müəllim əməyinə 
								verilən yüksək qiymət kimi dəyərləndiririk.
								 
								
								
								Əməyimə, çoxillik fəaliyyətimə verilən böyük 
								dəyərə görə möhtərəm Prezidentimiz İlham 
								Əliyevə, hər zaman dəstəyini, köməyini hiss 
								etdiyim təhsil naziri Misir Mərdanova, Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyevaya, işlədiyim məktəbin dəyərli 
								kollektivinə, direktorumuz Ziba Rzayevaya öz 
								dərin minnətdarlığımı bildirirəm.  Bu adın çox 
								böyük məsuliyyəti var - bu adı layiqincə öz 
								üzərində daşımaq məsuliyyəti! Mən bu məsuliyyəti 
								öz üzərimdə hiss edir və bu adı  daha uca və 
								yüksək zirvədə saxlamaqdan ötrü bütün 
								imkanlarımı səfərbər edərək təhsil islahatımızı 
								nəinki respublikamızda, hətta xarici ölkələrdə 
								də layiqincə təmsil edəcəyəm.  Necə ki, bunu 
								davamlı olaraq edirəm. 
								
								
								Bütün həmkarlarımı qarşıdan gələn yeni 2011-ci 
								il münasibətilə ürəkdən təbrik edirəm. Əziz 
								müəllimlər, qoy bu yeni ildə sizin ürəyinizdə 
								olan yaşayıb-yaratmaq odu, öyrətmək eşqi heç 
								vaxt sönməsin. Bir daha sizləri təbrik edir, 
								sizlərə uzun ömür, cansağlığı və pedaqoji 
								fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları 
								arzulayıram!  Müəllim bir ziyadır! Elə həmin 
								ziyadan bol-bol içən pöhrələr də bu gün 
								qol-budaq atıb, onun xoşbəxt müəllim  əməyinin 
								bəhrəsini görən insan kimi şöhrət tapmasına 
								səbəb olur! 2011-ci il həmişəki kimi UĞUR ilimiz 
								olsun!  
								
								
								
								Almaz HƏSRƏT  |