| 
								 
								
								Təhsil Nazirliyinin dəstəyi ilə "Microsoft 
								Azərbaycan" şirkəti Azərbaycanda innovativ 
								müəllimlər müsabiqəsini elan etdi. Müsabiqə 
								Təhsil Nazirliyinin Microsoft korporasiyası ilə 
								təhsil sahəsində uzunmüddətli əməkdaşlığının 
								tərkib hissəsidir və "2008-2012-ci illərdə 
								Azərbaycan Respublikasında təhsil sisteminin 
								informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na 
								uyğun olaraq "Ultra", Mədəd, HP və AzEduNet-in 
								dəstəyilə keçirilir. 
								
								
								Müsabiqənin məqsədi orta məktəblərin  ən yaxşı 
								innovasiya üsullarını tətbiq edən müəllimlərinin 
								seçilməsindən ibarətdir. Müsabiqə iki nominasiya 
								- "Məzmunda innovasiyalar" və "Tərəfdaşlıqda 
								innovasiyalar" üzrə keçiriləcəkdir. 
								
								
								"Məzmunda innovasiyalar" nominasiyası innovasiya 
								yanaşmasının və informasiya texnologiyalarının 
								yardımı ilə dərs materiallarını daha səmərəli 
								şəkildə tədris etməyə imkan verən ən yaxşı 
								təhsil layihələrinin müəyyən edilməsinə 
								istiqamətlənir.  
								
								
								"Tərəfdaşlıqda innovasiyalar" nominasiyası 
								müəllim, şagird, məktəb, valideyn və s. kimi 
								müxtəlif qrupları daha effektiv şəkildə cəlb 
								edən tədris layihəsini müəyyənləşdirəcəkdir.
								 
								
								
								İki mərhələdən ibarət olacaq bu müsabiqəyə 
								layihələrin qəbulu gələn il yanvarın 15-də başa 
								çatacaq. Müsabiqə haqqında ətraflı məlumatı 
								www.itn-az.spaces.live.com saytından öyrənmək 
								olar.   
								
								
								"Təhsildə əməkdaşlıq" proqramı üzrə "Microsoft 
								Azərbaycan" şirkətinin meneceri Emin Axundovun 
								sözlərinə görə, müsabiqənin mütləq şərti təqdim 
								olunan layihənin artıq tətbiq olunmasından 
								ibarətdir. Layihənin yararlığının təsdiqi kimi 
								onun tədris prosesində artıq uğurla istifadə 
								olunmasıdır. Ona görə də müsabiqə şərtlərindən 
								biri də həmin layihədə şagird əməyinin olması və 
								şagirdlərin layihəyə cəlb olunmasıdır. Qalibləri 
								müəyyən edən zaman mütəxəssislərin rəyi ilə 
								yanaşı, həmçinin valideyn jürisinin mövqeyi də 
								nəzərə alınacaq.  
								
								
								Müsabiqənin qalibləri Moskvada 2011-ci ilin 
								22-24 mart tarixlərində keçiriləcək Avropa 
								innovativ müəllimlər forumunda iştirak 
								edəcəklər.  
								
								
								
								Şakir CƏFƏROV  |