| 
								 
								
								Təhsil sosial proseslərə təsir göstərən mühüm 
								faktorlardandır, şəxsiyyəti şərtləndirən 
								keyfiyyətlərin - dəyərlərin formalaşmasına 
								xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün 
								üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq 
								imkanları məhdud insanların bərabər təhsil alma 
								hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial 
								bərabərliyin qorunmasına şərait yaratmış olar. 
								Belə bir imkanı isə  yalnız inklüziv təhsil 
								yarada bilər.  Azərbaycan xalqının ulu öndəri 
								Heydər Əliyevin hakimiyyətdə olduğu bütün 
								dövrlərdə ölkədə təhsil müstəsna əhəmiyyətə 
								malik məsələlərdən biri olub, hazırda Azərbaycan 
								Respublikasının Prezidenti, Heydər Əliyev siyasi 
								məktəbinin layiqli davamçısı cənab İlham 
								Əliyevin diqqət mərkəzindədir. 
								
								
								 Respublikamızda 
								müvafiq qanunvericilik bazasının yaradılması 
								nəticəsində "Xüsusi qayğıya  ehtiyacı olan 
								uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin 
								yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda 
								ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış 
								"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili 
								(xüsusi təhsil) haqqında" Azərbaycan 
								Respublikasının Qanunu qəbul edilmişdir. 
								
								
								Qanunda xüsusi təhsil sahəsində dövlətin 
								vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq 
								imkanları məhdud uşaqların, onların 
								valideynlərinin və ya valideynlərini əvəz edən 
								şəxslərin xüsusi təhsil sahəsində hüquq və 
								vəzifələri öz əksini tapmış, xüsusi təhsilin 
								təşkili və idarə olunması təsbit olunmuşdur. 
								Qanunun icrasının təmin edilməsi məqsədilə 
								Azərbaycan Respublikası Nazirlər Kabineti 
								tərəfindən müxtəlif təyinatlı 9 qərar, o 
								cümlədən "İnteqrasiya təlimli təhsil 
								müəssisələrində təhsilin təşkili Qaydaları 
								haqqında" qərar qəbul edilmişdir. Qaydalarda 
								təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil 
								müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərin 
								birgə təhsil alması üçün xüsusi şərait 
								yaradılmış ümumtəhsil müəssisəsidir. Bu tip 
								təhsil müəssisələrində sağlamlıq imkanları 
								məhdud şəxslərin sayı ümumi kontingentin 20 
								faizindən çox olmamaq şərtilə 
								komplektləşdirilərək onlara zəruri köməkçi 
								xidmət təşkil edilir. 
								
								
								Qanunun icrasının təmin edilməsi məqsədilə 
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 
								fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə 
								"Azərbaycan Respublikasının xüsusi qayğıya 
								ehtiyacı olan (sağlamlıq imkanları məhdud) 
								uşaqların təhsilinin təşkili üzrə İnkişaf 
								Proqramı" (2005-2009-cu illər) təsdiq edilmiş, 
								Azərbaycan Respublikası təhsil nazirinin 25 mart 
								2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən 
								İnkişaf Proqramının icrası ilə əlaqədar 
								fəaliyyət planı işlənib hazırlanmışdır. 
								
								
								Təhsil nazirinin müvafiq əmrinin icrasını təmin 
								etmək məqsədilə Azərbaycan Müəllimlər 
								İnstitutunun tədbirlər planı hazırlanıb təsdiq 
								edilmişdir. 
								
								
								Proqramda inklüziv təhsilin mərhələlərlə 
								keçirilməsi nəzərdə tutulmuşdur. 
								
								
								Proqramın tələblərindən irəli gələn vəzifələrlə 
								əlaqədar AMİ-də bir sıra işlər görülmüşdür. Belə 
								ki, "Sağlamlıq imkanları məhdud olan uşaqlar 
								üçün inklüziv təlimə verilən tələblərin 
								peşəkarcasına işlənib hazırlanması" mövzusunda 
								beynəlxalq təşkilat tərəfindən AMİ və onun 
								filiallarının metodistləri, kafedra müəllimləri 
								üçün seminar təşkil edilmiş və seminar 
								iştirakçılarına sertifikat verilmişdir. 
								
								
								Təhsildə innovasiya kabineti Sumqayıt ŞTŞ-ın 
								tabeliyində olan məktəbəqədər təhsil 
								müəssisələrinin müdirləri və tərbiyəçiləri üçün 
								"Məktəbəqədər təhsil müəssisələrində inklüziv 
								təhsil və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 
								işin təşkili" mövzusunda seminar təşkil 
								etmişdir. 
								
								
								Həmin kabinetin metodistlərindən bir neçəsi 
								MTTYM-də "İnklüziv təhsil üzrə mentorların 
								hazırlanması" mövzusunda seminarın iştirakçısı 
								olmuş və inklüziv təhsil üzrə mentorluq 
								sertifikatı almışdır. 
								
								
								Kabinetin metodistlərindən M.Rəhimovanın 
								"Məktəbəqədər təhsil müəssisələrində xüsusi 
								qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili" 
								(inklüziv təhsil) adlı metodik tövsiyəsi və 
								İ.Həsənovanın "Sağlamlıq imkanları məhdud olan 
								uşaqların cəmiyyətə adaptasiyası" mövzusunda 
								metodik vəsaiti hazırlanmışdır. 
								
								
								KİV-də "Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 
								işin təşkili" mövzusunda məqalələr dərc 
								edilmişdir. 
								
								
								Təhsildə innovasiya kabinetinin metodistləri 
								tərəfindən müntəzəm olaraq inklüziv təhsil 
								tətbiq edilən körpələr evi - uşaq bağçalarında 
								və ümumtəhsil məktəblərində xüsusi qayğıya 
								ehtiyacı olan uşaqları məşğələ və dərs 
								prosesində müşahidə edib yerlərdə tərbiyəçilərə 
								və müəllimlərə metodiki köməklik göstərilir. 
								
								
								Proqramın tələblərindən irəli  gələn vəzifələrin 
								davamı olaraq AMİ-nin rektoru, Milli Məclisin 
								üzvü, professor A.Naxçıvanlının təşəbbüsü ilə 
								institutda "İnklüziv təhsil günün tələbidir" 
								mövzusunda elmi-praktik konfrans keçirildi. 
								
								
								Tədbiri giriş sözü ilə açan institutun rektoru, 
								professor A.Naxçıvanlı inklüziv təhsilin bu 
								günün vacib məsələlərindən olduğunu qeyd etdi. 
								Aqiyə xanım təhsilin bütün cəmiyyətlərin, 
								xüsusilə də demokratik cəmiyyətin ən zəruri 
								komponentlərindən olan bu sahənin təhsilimizin 
								qurucusu, ümummilli lider Heydər Əliyevin və 
								onun siyasi kursunun layiqli davamçısı Prezident 
								İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi 
								vurğuladı.  
								
								
								Konfransın işinə bir sıra beynəlxalq təşkilatlar 
								- Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, 
								"Müstəqil həyat" İnkişaf və Dəstək Mərkəzi, 
								YUNİSEF, "Dünyaya baxış" Təşkilatı, Azərbaycana 
								Birgə Yardım Təşkilatı, "Müşfiq" təşkilatı, 
								"Çıraq" Uşaq İnkişaf Mərkəzi və digərləri 
								qoşulmuş, onların, həmçinin Təhsil Nazirliyinin  
								əhatə etdiyi Bakı, Sumqayıt, Mingəçevir 
								şəhərlərinin xüsusi qayğıya ehtiyacı olan uşaq 
								bağçası və məktəblərinin şagirdlərinin əl 
								işlərindən ibarət sərgi təşkil edilmişdir.
								 
								
								
								Konfransda Təhsil Nazirliyindən 
								De-institutlaşdırma şöbəsinin rəisi Məlahət 
								Hacıyeva, Məktəbəqədər təhsil sektorunun müdiri 
								Nərminə Alnağıyeva, Strateji təhlil və  
								planlaşdırma və kadrların idarəolunması 
								şöbəsinin baş məsləhətçisi Musa Əhmədov, Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini 
								Müslüm Qəzənfərov, BŞTİ-nin Beynəlxalq və 
								ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Zəminə 
								Əliqızı, Bakı Tibbi Pedaqoji Komissiyanın sədri 
								Bəhruz İmanov,  Məktəbəqədər şöbənin 
								məsləhətçisi Gülsüm Hüseynova və b. iştirak 
								edirdilər. 
								
								
								Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi 
								tərəfindən konfrans iştirakçılarına metodik 
								vəsaitlər paylanmışdır. Konfransın işində KİV 
								nümayəndələrinin iştirakı təmin edilmişdir.
								 
								
								
								Plenar iclasda dinlənilən 8 məruzə ətrafinda 
								müzakirələr aparıldı və  bir sıra təkliflər 
								irəli sürüldü.Təkliflər müzakirə edildi və 
								ümumiləşdirmələr aparılaraq aşağıdakıların 
								nəzərə alınması və əlaqədar təşkilatların 
								nəzərinə çatdırılması məqsədəmüvafiq hesab 
								edildi: 
								
								
								* İnklüziv təhsilə qoşulan məktəb və uşaq 
								bağçalarında işləmək üçün loqoped, psixoloq və 
								defektoloq ştatları verilsin; 
								
								
								* Ali təhsil, orta ixtisas, ilk  peşə-ixtisas 
								təhsili  müəssisələrində də inklüziv təhsilin 
								layihəsi hazırlansın; 
								
								
								* İnklüziv təhsilə aid metodik və əyani 
								vəsaitlər hazırlansın; 
								
								
								* AMİ və onun filiallarında psixoloq hazırlığı 
								gücləndirilsin; 
								
								
								* Müəllim köməkçilərinin hazırlanması üçün 
								ixtisasartırma fakültələrində kurslar təşkil 
								edilsin; 
								
								
								* Mətbuat və informasiya vasitələrində 
								maarifləndirmə və təbliğat işi gücləndirilsin; 
								
								
								* Uşaq bağçaları və məktəblərin qabaqcıl iş 
								təcrübəsi öyrənilsin, ümumiləşdirilsin və 
								yayılsın; 
								
								
								* Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğul 
								olan müəllimlər və müəllim köməkçiləri üçün 
								treninq və seminarların keçirilməsi təmin 
								edilsin; 
								
								
								* İnklüziv təhsillə işləyən müəllim, müəllim 
								köməkçisi və tərbiyəçilərin aylıq maaşında fərq 
								nəzərə alınsın; 
								
								
								* Regionlarda inklüziv mərkəzlərin sayı 
								artırılsın; 
								
								
								* İcma halında mərkəzlər yaradılsın və bütün 
								fənlər üzrə müəllimlər treninqlərə cəlb 
								edilsinlər; 
								
								
								* İnklüziv uşaqların təhsil alması üçün xüsusi 
								tipli məktəblər tikilsin; 
								
								
								* Sosial işlə bağlı kurslar təşkil edilsin; 
								
								
								* İnklüziv uşaqların həyatı davamlı olaraq 
								izlənilsin; 
								
								
								* Valideynlər üçün maarifləndirmə kursları 
								təşkil edilsin. 
								
								
								Təhsil sahəsində İslahat Proqramının prinsipləri 
								təhsil alana şəxsiyyət kimi münasibət bəsləməyi, 
								onun təlim - tərbiyə prosesində əsas subyektə 
								çevrilməsini, hər bir uşağa demokratik yanaşmağı 
								tələb edir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı 
								olan uşaqlara təhsil almaq imkanı yaratmaq, 
								onların ailələrinə dəstək vermək dövrün, zamanın 
								və demokratik cəmiyyətin tələbidir.  
								
								
								
								Eldəniz İSMAYILOV, 
								AMİ-nin Təhsildə innovasiya kabinetinin müdiri  |