| 
								 
								
								XXI əsr elm, təhsil və qlobal düşüncə, 
								Azərbaycan təhsilinin dünyaya inteqrasiyası 
								dövrü kimi səciyyələnir, zaman və məkan 
								müstəvisi baxımından yeni təfəkkürün 
								formalaşması, sivilizasiyanın yeni mərhələsi 
								kimi tarixə yazılır, əbədiləşir. Bu zaman 
								kəsiyinin ən böyük əlamətdar tarixi hadisəsi yüz 
								ildən bir, bəlkə də min ildən bir adını tarixin 
								şanlı səhifələrinə yazmağı bacaran nadir 
								şəxsiyyətlərdən biri Heydər Əliyevin adı ilə 
								bağlı olub, onun müdrikliyi, uzaqgörən siyasəti 
								ilə ölçülür. Dərin zəkası, zəngin biliyi, maraq 
								dairəsinin genişliyi, qətiyyəti, ciddiliyi, 
								daxili və xarici siyasətdəki uğurları, 
								Azərbaycanın müstəqilliyi və bütövlüyünü qorumaq 
								məharəti, elm, mədəniyyət, incəsənət və təhsilə 
								göstərdiyi diqqət, qayğı Heydər Əliyevi ictimai 
								xadim, müdrik bir şəxsiyyət kimi ürəklərdə 
								yaşadır, dövlətçiliyimiz, həyatımız onun işıqlı 
								ömründən nur alır.  
								
								
								XX əsrlə XXI əsrin qovuşuğunun fenomeni olan 
								Heydər Əliyevin milli təhsil quruculuğu 
								strategiyası Prezident İlham Əliyev tərəfindən 
								ölkənin sosial-iqtisadi inkişafı strategiyasına, 
								tərəqqi və inkişafına, müstəqillik və 
								dövlətçilik ənənələrinin möhkəmlənməsinə, milli 
								mənəvi və bəşəri dəyərlərin qorunmasına, 
								təhsildə köklü islahatlar aparılmasına zəmin 
								yaratdı. 
								
								
								Ulu öndər Heydər Əliyevin təhsilə verdiyi böyük 
								qiymət Azərbaycanda demokratiyanın yaranması, 
								formalaşması və çiçəklənməsi dövrünün 
								inkişafında ən mühüm hadisəyə çevrildi. Elm və 
								təhsilə böyük önəm verilməsi, bir-birinin 
								ardınca yeni proqram və layihələrin, təhsil 
								islahatlarının həyata keçirilməsi ölkənin elmi, 
								mədəni və sosial-iqtisadi həyatında dönüş 
								yaratdı. Heydər Əliyev siyasi kursunun layiqli 
								davamçısı Prezident İlham Əliyevin dediyi kimi, 
								"Bugünkü Azərbaycan Heydər Əliyevin şah 
								əsəridir". 
								
								
								"Təhsil və informasiya əsri" elan edilən XXI 
								yüzillikdə insan kapitalının ahəngdar 
								inkişafında, ölkənin iqtisadiyyatının 
								möhkəmləndirilməsində, ictimai-siyasi həyatda 
								qlobal dəyişikliklərin aparılmasında, bazar 
								iqtisadiyyatına keçid mərhələsində təhsilə böyük 
								önəm verilməsi, infrastrukturun 
								yeniləşdirilməsi, yeni texnologiyalardan, 
								innovasiyalardan istifadə edilməsinə şəraitin 
								yaradılması indiki qədər geniş vüsət almamış, 
								beynəlxalq arenada dəstəklənməmişdir. 
								
								
								Ulu öndər həmişə qloballaşan cəmiyyət yaratmaqla 
								bağlı qeyd edirdi ki, buna yalnız elm, təhsil və 
								yeni təfəkkürlə nail olmaq mümkündür. Bu gün 
								dahi Heydər Əliyevin zəngin maarifçilik 
								ideyalarını Azərbaycan Respublikasının 
								Prezidenti möhtərəm İlham Əliyev, YUNESKO və 
								İSESKO-nun xoşməramlı səfiri, millət vəkili 
								Mehriban Əliyeva əzmlə, uğurla həyata 
								keçirirlər. Dövlət başçısı İlham Əliyevin böyük 
								uzaqgörənliklə söylədiyi "Biz maddi 
								dəyərlərimizi, iqtisadi potensialımızı insan 
								kapitalına çevirməliyik. Çünki insanın savadı, 
								biliyi onun gələcək həyatını müəyyən edir, 
								ölkənin hərtərəfli inkişafına xidmət edir", - 
								konseptual müddəasının əsası da məhz həmin 
								maarifçilik ideyalarından bəhrələnir. Bu 
								konseptual müddəanın həlli respublikamızın digər 
								təhsil və elm ocaqları ilə yanaşı Sumqayıt 
								Dövlət Universitetində də uğurla həyata 
								keçirilir.  
								
								
								1962-ci ildən Azərbaycan Neft və Kimya 
								İnstitutunun tədris məntəqəsi kimi fəaliyyətə 
								başlamış bu tədris ocağı 1992-ci ildən müstəqil 
								Azərbaycan Sənaye İnstitutuna çevrilmişdir. Bu 
								təhsil müəssisəsinin yaradılmasında əsas məqsəd 
								Sumqayıtın iqtisadiyyatı və sənayesinin 
								inkişafına kömək edən texniki sahələr üzrə 
								kadrların hazırlanmasına, ekoloji cəhətdən 
								təhlükəli olan şəhərin sağlam bir bölgəyə 
								çevrilməsinə, elm, təhsil və mədəniyyəti dünyada 
								tanıtmağa istiqamətlənmişdir. 1993-cü ildən 
								etibarən Sumqayıt şəhərinin bütün sahələrində 
								böyük inkişaf və tərəqqinin geniş vüsət alması 
								nəinki sənaye müəssisələri üçün, hətta digər 
								sahələrdə də mütəxəssis hazırlığının 
								aparılmasını vacib məsələ kimi qarşıya qoymuşdu. 
								Belə bir dövrdə Sumqayıt şəhər əhalisinin 
								problemləri də getdikcə artır, ayrı-ayrı sahələr 
								üzrə kadrlara böyük ehtiyac duyulurdu. Bu 
								problemləri aradan qaldırmaq üçün 13 iyun 
								2000-ci il tarixdə Prezident Heydər Əliyevin 
								"Azərbaycan Respublikasında təhsil sisteminin 
								təkmilləşdirilməsi haqqında" Fərmanı ilə 
								Azərbaycan Sənaye İnstitutunun bazasında 
								Sumqayıt Dövlət Universitetinin yaradılması 
								tarixi bir hadisəyə çevrildi, şəhərin 
								sosial-iqtisadi və mədəni həyatını 
								yaxşılaşdırmaq üçün kadr hazırlığına başlandı. 
								Az bir müddət ərzində  universitetin elm, təhsil 
								və maddi-texniki təchizi sahəsində dönüşün 
								yaradılması Heydər Əliyevin dəstəyindən, milli 
								təhsilimizə göstərdiyi qayğıdan sonra yüksək 
								sürətlə inkişaf etməyə başladı, uğurlu nəticələr 
								əldə edildi. Danılmaz faktdır ki, universitetin 
								bugünkü inkişafı əvvəlki illərdən xeyli 
								fərqlənir, həm maddi-texniki bazanın 
								yeniləşdirilməsi, həm də kadr potensialı 
								baxımından inkişafı diqqəti cəlb edir. O 
								cümlədən tələbələrin, magistrant və 
								doktorantların təhsilinin müasir tələblərə uyğun 
								davam etdirilməsinə hər cür imkan yaradılmışdır. 
								İdarəetmə sistemində dönüş yaradılması təhsilin, 
								elmin inkişafına, demokratik prinsiplərin əməli 
								işə tətbiqinə zəmin yaratdı. 
								
								
								Ali təhsil sistemində islahatların aparılması, 
								təlim praktikasında innovasiyaların tətbiqi ali 
								məktəblərdə təhsil və elmi işlərin yüksək 
								səviyyədə aparılmasına, elmi potensialın 
								gücündən səmərəli istifadə olunmasına müsbət 
								təsir göstərdi. Ölkə Prezidenti İlham Əliyevin 4 
								may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq 
								etdiyi "Azərbaycan Respublikasında 2009-2015-ci 
								illərdə elmin inkişafı üzrə Milli Strategiyanın 
								həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda 
								da elmi işlər qarşısında ciddi tələblərin 
								qoyulması  Sumqayıt Dövlət Universitetində də 
								əsas fəaliyyət sahəsinə çevrildi, Azərbaycan 
								elminin, təhsilinin dünya məkanına inteqrasiyası 
								daha da sürətləndi.  
								
								
								SDU-nun böyük elmi-pedaqoji potensialı var. 
								Universitetdə AMEA-nın 6 nəfər həqiqi və müxbir 
								üzvü, 49 nəfər elmlər doktoru, professor, 160 
								nəfər elmlər namizədi, dosent, 180 nəfər  baş 
								müəllim və assistent çalışır. 
								
								
								  Universitetdə 7 fakültə, əcnəbi tələbələrin 
								hazırlıq mərkəzi, 45 kafedra və 5 elmi-tədqiqat 
								laboratoriyası fəaliyyət göstərir. Bu 
								fakültələrdə 4000-dən artıq, o cümlədən 100 
								əcnəbi tələbə bakalavr pilləsində və 50 ixtisas 
								üzrə 270 nəfər magistratura mərhələsində 
								təhsilini davam etdirir. 25 doktorant və 60 
								dissertant elmin müxtəlif sahələri üzrə 
								elmi-tədqiqat işləri yerinə yetirirlər. 
								
								
								Sumqayıt Dövlət Universitetində 9 elmi istiqamət 
								üzrə 46 mövzunu əhatə edən elmi-tədqiqat işləri 
								yerinə yetirilir. 
								
								
								Son on ildə universitet əməkdaşlarından 11 nəfər 
								elmlər doktoru, 56 nəfər elmlər namizədi alimlik 
								dərəcəsinə, 7 nəfər professor, 62 nəfər dosent 
								elmi adlarına layiq görülmüşlər. 
								
								
								Bu dövr ərzində universitet əməkdaşları 
								tərəfindən 48 monoqrafiya, 106 dərslik və dərs 
								vəsaiti, 400 metodik iş və fənn proqramı, 1940 
								elmi məqalə (o cümlədən 450-si xarici 
								jurnallarda), 1100 tezis (o cümlədən 200 tezis 
								beynəlxalq konfranslarda) çap olunmuşdur. 80 
								patent alınmışdır, bunlardan 2-si "AvroAsiya" 
								patentidir. Bu müddətdə universitetdə 12 
								beynəlxalq, 35 respublika və 50 
								universitetdaxili elmi konfrans keçirilmişdir. 2 
								bölmə - "Təbiət və texniki" və 
								"Humanitar-sosial" elmlər bölmələri üzrə SDU-nun 
								"Elmi xəbərləri" nəşr edilir. 
								
								
								Magistrantların respublika elmi konfransı hər il 
								SDU-da keçirilir. Tələbə elmi cəmiyyəti xətti 
								ilə təşkil olunan tələbələrin konfransları da 
								maraqla qarşılanır. Universitet tələbələri ali 
								məktəblərarası fənn olimpiadalarında da fəal 
								iştirak edirlər. 
								
								
								SDU-nun beynəlxalq əlaqələri getdikcə artır. 
								TEMPUS layihəsi çərçivəsində universitet üç 
								uğurlu layihənin iştirakçısı olmuş və qalib 
								seçilmişdir. Universitet eyni zamanda 
								2002-2004-cü illərdə Almaniyanın Köln Tətbiqi 
								Elmlər Universiteti, Hollandiyanın Heerlen 
								Tətbiqi Elmlər Universiteti, Azərbaycanın 
								Texniki Universiteti, Azərbaycan Dövlət Neft 
								Akademiyası və Mingəçevir Politexnik İnstitutu 
								ilə birlikdə "Müasir mühəndis hazırlığı" 
								layihəsinin iştirakçısı olmuşdur. Avropa 
								standartlarına uyğun "avtomatlaşdırma və 
								informatika texnikası", "elektroenergetika" 
								ixtisasları üzrə bakalavr və "ətraf mühitin 
								mühafizəsi"  ixtisası üzrə magistr hazırlığını 
								uğurla başa çatdırıb və bu proses indi də davam 
								etdirilir. Bu günə kimi həmin ixtisaslar üzrə 75 
								bakalavr və magistr hazırlanmışdır. 
								
								
								2006-2009-cu illərdə Sumqayıt Dövlət 
								Universiteti Almaniyanın Köln Tətbiqi Elmlər 
								Universiteti, Polşanın Varşava Texniki 
								Universiteti və Azərbaycan Dövlət Neft 
								Akademiyası ilə birgə neft və kimya sənayesində 
								"enerji menecmenti" ixtisası üzrə magistr 
								hazırlığını həyata keçirib və indi də davam 
								etdirir. 
								
								
								Bu iki layihə çərçivəsində Avropadan alınmış 
								müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 
								Avropa standartlarına uyğun 5 müasir tədris 
								laboratoriyası yaradılmışdır. Universitetin 10 
								əməkdaşı müxtəlif müddətlərdə həmin xarici ölkə 
								universitetlərində keçirilən seminarlarda 
								iştirak etmiş və əldə etdikləri təcrübəni 
								tələbələrə öyrətmişdir. 
								
								
								2010-2012-ci illərdə universitet yeni bir TEMPUS 
								layihəsinin-Rusiyanın Qubkin adına Rusiya Dövlət 
								Neft və Qaz Universiteti, Tümen Dövlət Neft və 
								Qaz Universiteti, Ufa Dövlət Neft Texnologiya 
								Universiteti, Uxta Dövlət Texniki Universiteti, 
								Ukraynanın Poltava Texniki Universiteti, 
								İvanovo-Frankovsk Milli Texniki Universiteti, 
								Belarusun Belarus Milli Texniki Universiteti, 
								Polotsk Dövlət Universiteti, Böyük Britaniyanın 
								Varvik Universiteti, Polşanın Krakov 
								Universiteti, İsveçin Kral Texnologiya 
								Universiteti və Azərbaycan Dövlət Neft 
								Akademiyası ilə birlikdə iştirakçısı və qalibi 
								olmuşdur. Bu layihə çərçivəsində 
								Universitetlərarası innovasiya şəbəkəsinin 
								yaradılması prosesinə başlanmışdır. 
								
								
								Hazırda kanalizasiya çöküntülərinin piroliz 
								texnologiyasına görə Almaniyanın BASF şirkəti 
								ilə birlikdə NATO-nun təhlükəsizlik layihəsinin 
								birinci mərhələsi udulmuş və bu layihə Sumqayıt 
								şəhərinin kanalizasiya sistemində yaranan 
								çöküntülərin zərərsizləşdirilməsi və onlardan 
								alternativ enerji növlərinin alınmasına 
								yönəldilmişdir. 
								
								
								Bütün bu məsələlər Sumqayıt Dövlət 
								Universitetində görülən işlərin müəyyən bir 
								hissəsini təşkil edir. Nailiyyətlərimiz, əldə 
								edilmiş elmi nəticələr, şübhəsiz, universitetin 
								rektoru, professor N.F.Qəhrəmanovun bacarıqlı 
								rəhbər kimi, elmə, təhsilə göstərdiyi qayğı və 
								diqqəti ilə, ulu öndərə məhəbbəti və 
								dövlətçiliyə sədaqəti ilə bağlıdır. Universitetə 
								yüksək səviyyəli professor-müəllim kadrlarının 
								işə cəlb olunması, gənclərin yetişməsinə lazımi 
								şəraitin yaradılması, yeni düşüncəyə, 
								əxlaqi-mənəvi dəyərlərə yiyələnmiş yüksək 
								ixtisaslı kadrlar hazırlığı rektorluğun diqqət 
								mərkəzindədir. Ölkə Prezidenti İlham Əliyevin 
								Azərbaycan təhsilinin inkişafında xidmətlərinə 
								görə universitetin rektoru, professor Nadir 
								Qəhrəmanovun "Şöhrət" ordeni ilə təltif olunması 
								barədə sərəncamı kollektivin əməyinə verilən 
								yüksək qiymətin bariz nümunəsidir. Bu təltifə 
								görə kollektivimiz möhtərəm Prezidentimiz İlham 
								Əliyevə minnətdarlıq edir. Universitetin 50 
								illik yubileyinə hazırlaşdığımız bir zamanda bu 
								sərəncamın verilməsi məsuliyyətimizi daha da 
								artırır, elmi-pedaqoji fəaliyyətimizdə böyük 
								uğurlar əldə etməyə zəmin yaradır.   
								
								
								
								Yadigar HÜSEYNOV, 
								 SDU-nun elmi işlər üzrə prorektoru, professor  |