| 
								 
								
								 Dekabrın 
								15-də  Azərbaycan Dillər Universitetində Milli 
								TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans 
								keçirildi. Avropa Birliyinin TEMPUS proqramının 
								Bakı ofisinin və ADU-nin təşkilatçılığı ilə 
								keçirilən tədbirdə təhsil naziri Misir 
								Mərdanov,  ADU-nun rektoru, millət vəkili, 
								professor Səməd Seyidov, təhsil nazirinin 
								müavini Elmar Qasımov, Avropa Birliyinin 
								Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia, 
								Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə 
								İcraçı Agentliyinin (Eacea) rəsmisi, TEMPUS 
								proqramı üzrə məsul şəxs  Franz Steidele, eləcə 
								də  ali təhsil müəssisələrinin nümayəndələri 
								iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan 
								professor Səməd Seyidov konfrans iştirakçılarını 
								salamlayaraq TEMPUS proqramının təhsil sahəsində 
								mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və 
								ADU-nun Avropa ölkələrinin qabaqcıl 
								universitetləri ilə yalnız TEMPUS proqramı 
								çərçivəsində deyil, uzun illərdən bəri səmərəli 
								əməkdaşlığa malik olduğunu qeyd etdi. S.Seyidov 
								TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan 
								universitetin Avropa Birliyi layihəsində ilk 
								idarəçiliyi və Avropa universitetlərinin 
								Azərbaycan tərəfindən ilk koordinasiyasını 
								aparmasını Azərbaycan təhsilinin böyük uğuru 
								kimi qiymətləndirdi. O, bu layihənin 
								Azərbaycanın təhsil idarəçiliyində zəngin 
								beynəlxalq təcrübə əldə edilməsinə və təhsil 
								sahəsində islahatların daha da inkişafına təkan 
								verəcəyinə əminliyini ifadə etdi. Bildirildi ki, 
								layihənin büdcəsi 1 milyon 100 min avro təşkil 
								edir. 
								
								
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov Avropa İttifaqının TEMPUS proqramında 
								ölkəmizin iştirakından danışdı.  TEMPUS 
								proqramının fəaliyyət tarixinə toxunan təhsil 
								naziri  bildirdi ki, Azərbaycan bu proqrama 
								1995-ci ildən qoşulub və 22 layihədə iştirak 
								edib.  Misir Mərdanov ADU-nun TEMPUS proqramının 
								layihə koordinatoru seçilməsini yüksək 
								qiymətləndirdi. " İndiyədək həyata keçirilən 22 
								layihənin idarəçiliyini Avropa universitetləri 
								həyata keçiriblər. ADU-nun layihənin 
								koordinatoru seçilməsi Azərbaycan təhsilinin 
								uğurudur. Bu, bir daha onu göstərir ki, 
								Azərbaycan Dillər Universiteti  Avropaya 
								inteqrasiyada, eləcə də digər məsələlərdə 
								ölkənin aparıcı ali təhsil ocağıdır".  Təhsi 
								naziri həyata keçirilən layihənin  Azərbaycan 
								təhsil sisteminin dünya təhsil sisteminə 
								inteqrasiyasına təkan verəcəyini dedi.  Misir 
								Mərdanov Avropa İttifaqının Təhsil Komissarlığı 
								ilə birbaşa təmasların qurulmasının vacibliyini 
								də bildirdi.  
								
								
								Sonra çıxış edən Avropa İttifaqının Bakıdakı 
								xüsusi nümayəndəsi səfir Rolan Kobia  
								Azərbaycanla təmsil etdiyi qurumun əlaqələrindən 
								söhbət açdı. Proqramın əhəmiyyətindən danışan 
								R.Kobia Azərbaycanın bu layihədə iştirakını 
								yüksək dəyərləndirdi.  Onun sözlərinə görə, 
								proqram Azərbaycan və Avropa təhsil müəssisələri 
								arasında mövcud əlaqələrin daha da inkişaf 
								etməsinə təkan verəcəkdir.  
								
								
								Tədbirdə Milli TEMPUS Ofisinin rəhbəri Pərviz 
								Bağırovun "Azərbaycanda TEMPUS və Milli TEMPUS 
								Ofisinin rolu" və "Avropa Birliyinin digər 
								proqramlarında Azərbaycan universitetləri üçün 
								imkanlar" mövzularında məruzələri dinlənildi.  
								 
								
								
								2010-cu ildə TEMPUS IV-nün xüsusiyyətləri və III 
								təkliflərin nəticələri, eləcə də "TEMPUS 
								proqramına müraciət etmək üçün yeni elektron 
								qaydaları"  haqqında  TEMPUS proqramı üzrə məsul 
								şəxs, Avropa Komissiyasının Təhsil və Mədəniyyət 
								üzrə İcraçı Agentliyinin (Eacea) rəsmisi Franz 
								Steidele  konfrans iştirakçılarına məlumat 
								verdi.   
								
								
								ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə 
								Qəribova isə çıxışında "Azərbaycan Dillər 
								Universitetində TEMPUS layihələri"ndən danışdı. 
								O bildirdi ki, layihə 3 il müddətində həyata 
								keçiriləcəkdir. Prorektor  Azərbaycan 
								Respublikası  Təhsil Nazirliyi,  Naxçıvan Dövlət 
								Universiteti, Gəncə Dövlət Universiteti, 
								Lənkəran Dövlət Universiteti və Azərbaycan 
								Müəllimlər İnstitutunun layihədə iştirak 
								etdiklərini konfrans iştirakçılarının nəzərinə 
								çatdırdı.  
								
								
								Konfrans dinlənilən məruzələr ətrafında 
								müzakirələrlə yekunlaşdı.   
								
								
								
								Şakir CƏFƏROV  |