| 
								 
								
								Dekabrın 15-də Bakıdakı "Caspian Plaza" otelində 
								Azərbaycan Milli Valideyn-Müəllim 
								Assosiasiyasının Azərbaycan Respublikasının 
								Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına 
								Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 
								reallaşan "Bakı və regionlarda təhsilin 
								keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin 
								iştirakı" layihəsi ilə bağlı mətbuat konfransı 
								keçirildi. Tədbirdə bir sıra məktəb rəhbərləri, 
								təhsil ocaqlarındakı VMA-nın üzvləri və KİV 
								nümayəndələri iştirak edirdilər.  Qeyd edək ki, 
								layihənin keçirilməsində məqsəd valideynlərin 
								məktəbə cəlbi, təhsil prosesinə fəal ictimai 
								nəzarət vasitəsilə təhsilin keyfiyyətinin 
								yaxşılaşdırılmasına töhfələr vermək və 
								valideyn-müəllim əməkdaşlığını gücləndirməklə 
								şagirdlərin təlim-tərbiyəsinin səmərəliliyini 
								artırmaqdan ibarətdir. 
								
								
								 Layihənin 
								keçirilməsi haqqında məlumat verən Milli VMA-nın 
								icraçı direktoru Təranə Şərifova bildirdi ki, 
								layihə iki mərhələdən ibarətdir. Təhsil 
								Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								rəhbərləri ilə məsləhətləşmələrdən sonra paytaxt 
								və region məktəblərinə səfərlərin qrafiki 
								dəqiqləşdirilib. 
								
								
								Layihənin birinci mərhələsi üzrə Milli VMA-nın 
								ekspertləri Şahin Rəcəbov və Lalə Rzayevanın 
								iştirakı ilə Bakının 20, 46 nömrəli 
								məktəblərində müəllim, şagird və valideynlərlə 
								görüş, sosioloji sorğu və 
								valideyn-şagird-müəllim əməkdaşlığına dair 
								təlimlər keçirilib. İşci qruplarda məktəblərdəki 
								mövcud vəziyyət qiymətləndirilib və ehtiyaclar 
								müəyyənləşdirilib. Valideyn-müəllim-şagird 
								əməkdaşlığına dair 1000 ədəd poster-plakatlar 
								hazırlanaraq çap olunub. 
								
								
								Layihənin ikinci mərhələsində ekspertlər 
								Mingəçevir, Gəncə, Ağdam, Lənkəran, Masallı və 
								Quba şəhərlərindəki məktəblərdə analoji görüş, 
								sorğu və təlimlər keçirib. İşçi qruplarda və 
								müzakirələrdə ekspertlər region məktəblərindəki 
								ehtiyacları müəyyənləşdirib və sorğuların 
								nəticələri təhlil olunaraq ümumiləşdirilib, 
								təkliflər paketi hazırlanaraq müvafiq dövlət 
								orqanlarına təqdim olunub. 
								
								
								Sonra Milli VMA-nın eksperti Şahin Rəcəbov 
								layihə ilə bağlı statistik məlumatları diqqətə 
								çatdırdı.  
								
								
								Çıxış edənlər layihənin həyata keçirilməsini 
								təqdirəlayiq hal kimi qiymətləndirdilər. Qeyd 
								edildi ki, belə layihələr məktəblərdə 
								valideyn-müəllim münasibətlərinin inkişafına 
								səbəb olur. Mövzu ətrafında müzakirələr 
								aparıldı, bir sıra təkliflər bildirildi.  
								
								
								
								Niyazi RƏHİMOV  |