| 
								 
								
								Dekabrın 15-də Bakı şəhəri 177 nömrəli orta 
								məktəbdə yazıçı-publisist Fatma Həsənqızının 
								Qarabağ savaşının ilk könüllülərindən müharibə 
								veteranı Baba Şükürovun həyatı və döyüş yolundan 
								bəhs edən "Döyüşçü fəryadı" kitabının təqdimat 
								mərasimi, əsərin müəllifi və qəhrəmanı ilə 
								şagirdlərin görüşü keçirilib. Məktəbin akt 
								zalında təşkil olunmuş tədbirdə Baba Şükürovun 
								döyüş yoldaşı və komandiri olmuş podpolkovnik 
								Mehman Hüseynov, şairlər Ramiq Muxtar, Kəmalə 
								Ağayeva, Güləmayıl İsayeva, Oqtay Zəngilanlı, 
								AMEA Coğrafiya İnstitutunun əməkdaşı Mahirə 
								Abbasova, Baba Şükürovun həyat yoldaşı Nərminə 
								xanım və digər qonaqlar iştirak edirdilər.
								 
								
								
								 Mərasim 
								iştirakçıları öncə məktəbin foyesində nümayiş 
								olunan "Döyüşçü fəryadı" əsəri şagirdlərin gözü 
								ilə" mövzusunda rəsm sərgisinə tamaşa etdilər. 
								Məktəbin direktoru, əməkdar müəllim Həqiqə 
								Məmmədova sərgi haqqında məlumat verərək 
								bildirdi ki, tədris ocağının şagirdlərinin 
								əksəriyyəti dərin hərbi-vətənpərvərlik ruhlu 
								əsəri oxumuş və ondan aldıqları təəssüratları 
								çəkdikləri rəsmlərdə ifadə etmişlər. Sonra 
								müsabiqə keçirilmiş və ən yaxşı rəsm əsərləri 
								sərgiyə təqdim olunmuşdur. 
								
								
								Qonaqlar habelə, məktəbin istedadlı şagirdi, 
								gənc rəssam Sərxan Əmiraslanovun fərdi sərgisi 
								və təqdimatı keçirilən əsərin müəllifi Fatma 
								Həsənqızının həyat və yaradıcılığından bəhs edən 
								fotostendlə də maraqla tanış oldular. 
								
								
								Təqdimat mərasimini direktor H.Məmmədova açaraq 
								qonaqları salamladı, onları məktəblərində 
								görməkdən məmnunluq duyduqlarını bildirdi. 
								Məktəbin tərbiyə işləri üzrə direktor müavini 
								Arzu Süleymanova, Azərbaycan dili və ədəbiyyat 
								müəllimi Aynur Məlikova, tarix müəllimi Təranə 
								Qurbanova və musiqi müəllimi Aytən Muradovanın 
								təşkilatçılığı və yaxından köməyi ilə 
								şagirdlərin təqdimatla bağlı hazırladıqları 
								ədəbi-bədii kompozisiyanın indiyədək tədris 
								ocağında keçirilmiş tədbirlərdən rəngarənglik və 
								keyfiyyət baxımından xeyli fərqləndiyini deyən 
								H.Məmmədova belə tədbirlərin şagirdlərin hərbi 
								vətənpərvərlik ruhunda tərbiyəsinə güclü təsir 
								göstərdiyini vurğuladı, onun təşkilində əməyi 
								olanlara minnətdarlıq etdi. Sonra H.Məmmədova 
								təqdimatı keçirilən kitab, onun müəllifi və 
								qəhrəmanından söz açaraq yüksək sənətkarlıqla 
								qələmə alınan, Baba Şükürovun ağrılı-acılı həyat 
								və döyüş yolunu canlı lövhələrlə əks etdirən 
								əsərin onda dərin təəssürat doğurduğunu söylədi. 
								
								
								Şagirdlər Dövlət himnimizi ifa etdilər. Onun 
								ardınca dahi Üzeyir bəyin "Uvertüra"sı 
								səsləndirildi. Sonra səhnə məktəbin istedadlı 
								şagirdlərinin ixtiyarına verildi. Onlar əsərin 
								məzmunu əsasında hazırladıqları ədəbi-bədii 
								kompozisiyanı böyük məharətlə təqdim etdilər. 
								Öncə aparıcılar kitabın müəllifi Fatma Həsənqızı 
								haqqında qısa məlumat verdilər. Sonra şagirdlər 
								Vətənə, doğma Azərbaycanımıza həsr olunmuş 
								şeirlər, mahnılar ifa etdilər, əsərin ayrı-ayrı 
								hissələrindən hazırlanmış döyüş epizodlarından 
								bəhs edən səhnəciklər göstərdilər. Onların 
								çıxışları qonaqlar və şagird yoldaşları 
								tərəfindən alqışlarla qiymətləndirildi. Şəmistan 
								Əlizamanlının uşaqların təqdim etdikləri 
								ayrı-ayrı nömrələrin arasında ifa olunan "Hay 
								ver mənə, cənab leytenant", "İgid əsgər, möhkəm 
								dayan!" və s. kimi vətənpərvərlik ruhlu 
								mahnıları tədbiri daha da rövnəqləndirdi. 
								
								
								Ədəbi-bədii kompozisiya başa çatdıqdan sonra söz 
								qonaqlara verildi. Təqdim olunan kitabın canlı 
								qəhrəmanı Baba Şükürov, onun döyüş yoldaşı,  
								C.Naxçıvanski adına liseyin məzunu, Əfqanıstan 
								müharibəsinin iştirakçısı, Qarabağ uğrundakı 
								döyüşlərdə könüllülərdən ibarət alayın komandiri 
								olmuş, ehtiyatda olan podpolkovnik Mehman 
								Hüseynov çıxış edərək tədbirin yüksək səviyyədə, 
								təsirli hazırlandığını qeyd etdilər və məktəbin 
								kollektivinə minnətdarlıqlarını bildirdilər. 
								
								
								Yazıçı-publisist Fatma Həsənqızı kitab 
								üzərindəki işindən söz açaraq qəhrəmanının 
								ailəsini yaxından tanıdığını, onun keçdiyi 
								qəhrəmanlıq nümunələri ilə zəngin döyüş yolunun 
								gənclər üçün örnək olduğunu söylədi. Kitabının 
								maraqlı formada təqdimatı və görüş üçün məktəbin 
								rəhbərliyinə təşəkkür etdi. 
								
								
								Oqtay Zəngilanlı, Ramiq Muxtar, Kəmalə Ağayeva 
								və başqaları çıxışlarında tədbirdən çox 
								təsirləndiklərini bildirdilər, kitabın 
								məziyyətlərindən söz açdılar, onun qəhrəmanı ilə 
								əyani görüşün şagirdlərin tərbiyəsinə olduqca 
								müsbət təsir etdiyini söylədilər.  
								
								
								
								Yusif ƏLİYEV  |