| 
								 
								
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasında 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								Dövlət Proqramı" çərçivəsində müəllimlər üçün 
								informasiya və kommunikasiya texnologiyalarının 
								(İKT) təhsilə tətbiqi yolları üzrə biliklərin 
								verilməsi üçün treninqlər keçirilir. 2010-cu 
								ilin sonunadək Dövlət Proqramı çərçivəsində 
								respublika üzrə 69 min nəfərin və ya ölkə üzrə 
								təxminən 40% müəllimin təlimlərdən keçməsi 
								planlaşdırılır. Dövlət Proqramının əhatə 
								müddətində, yəni 2008-2012-ci illərdə ölkə üzrə 
								ümumi müəllim kollektivinin  67%-i (təxminən 114 
								min nəfər) İKT-nin təhsilə tətbiqi yolları 
								haqqında bacarıqlar əldə etmək üçün 
								treninqlərdən keçəcəkdir.  
								
								
								 Azərbaycanda 
								təhsil işçiləri üçün təlimlər bu sahədə böyük 
								təcrübəsi olan "Mədəd" təşkilatı tərəfindən 
								həyata keçirilir. Bu təşkilat 4 istiqamətdə 
								təlimlər aparır: "Müəllimlərin peşəkarlıq 
								səviyyəsinin təkmilləşdirilməsi", "İntel - 
								Gələcək üçün təhsil", "Elektron məktəb" və 
								"İnzibati-idarəetmə heyəti üçün İKT-nin təhsilə 
								tətbiqi" təlimləri.  
								
								
								Təlimlər vasitəsilə İKT-nin təhsilə tətbiqi üzrə 
								nəzəri və praktik biliklər əldə edən müəllimlər 
								arasında testləşdirmə keçirilir. Təlimlərin 
								keçirildiyi dövrdə ilkin mərhələdə bu proses 
								pilot formada olsa da, 2010-cu ildən sistemli 
								olaraq təlimlərdə iştirak etmiş bütün təhsil 
								işçiləri arasında keçilir. Testlərlə yanaşı, 
								müəllimlərin təlimlərdə əldə etdiyi praktik 
								bacarıqlar da yoxlanılır. Belə ki, təlim keçmiş 
								təhsil işçiləri təlim proqramının məzmununa 
								uyğun olaraq təqdimatlar, dərslər və layihələr 
								hazırlayır, habelə kompüter proqramları ilə 
								işləmə bacarıqlarını nümayiş etdirirlər. 
								 
								
								
								"Mədəd" təşkilatının icraçı direktoru Elbrus 
								Zarbaliyevin sözlərinə görə, təlimlərdə iştirak 
								edən müəllimlərin və inzibati-idarəetmə 
								heyətinin təlim zamanı əldə etdikləri bilik və 
								bacarıqlarını müəyyən etmək üçün qiymətləndirmə 
								vasitəsi kimi istifadə olunan testlər təlimin 
								son günündə bütün iştirakçılara paylanır və 
								onlar sərbəst şəkildə, heç bir müdaxilə və 
								müzakirə olmadan imtahan prosesində iştirak 
								edirlər. 
								
								
								Obyektiv nəticələr əldə etmək məqsədilə "Mədəd" 
								təşkilatı müntəzəm olaraq test hissələrini 
								saxlamaqla sualları yeniləri ilə əvəz edir.
								 
								
								
								Hər təlim üzrə test suallarının sayı 
								müəyyənləşdirilmiş və bir neçə variantda sual 
								kitabçaları hazırlanmışdır. Təlim 
								iştirakçılarının testdən əldə etdikləri 
								nəticələr balla müəyyən olunur. Sertifikat əldə 
								etmək üçün müvafiq təlim üzrə keçid balını 
								toplamaq gərəkdir. Məhz testlər üzrə keçid 
								balını toplayan müəllimlərə sertifikatlar 
								verilir. Bu isə, öz növbəsində, müəllimlərin 
								təlimlərdə verilən bilik və bacarıqlara 
								yiyələnməsi üçün motivasiyadır. Çünki 
								sertifikatlaşma onların gələcək əmək 
								fəaliyyətində və çalışdıqları tədris 
								müəssisəsinin rəhbərliyi tərəfindən 
								qiymətləndirilməsi nöqteyi-nəzərdən vacibdir.   
								 
								
								
								Sertifikatlaşmanın nəticələri regionlar 
								 
								
								
								üzrə müxtəlifdir. Məsələn, avqust, sentyabr və 
								oktyabr aylarında Qazax rayonunun təlimdən keçən 
								müəllimlərinin 87,9%-i, Beyləqan rayonunda isə 
								67,3%-i sertifikat əldə etmək üçün keçid balını 
								toplamışdır. Həmin aylar  Biləsuvarda yerləşən 
								Cəbrayıl rayonu məcburi köçkün qəsəbələri üçün 
								də təlimlər təşkil edilmiş və təlim 
								iştirakçılarının 94,1%-i sertifikata layiq 
								görülmüşdür.  
								
								
								Şamaxı rayonunun Əngəxaran kənd orta məktəbinin 
								direktoru Vasif Rüstəmov inzibati işçilər üçün 
								təlimlərin məzmunundan razı qaldığını bildirsə 
								də, treninqin müddətinin  artırılmasını 
								məqsədəuyğun hesab etdi. Təlim müddətinin 
								artırılması məzmunun daha yaxşı qavranılmasına 
								kömək edə bilər. Onun fikrincə, testləşdirmə 
								təlim vasitəsilə əldə edilmiş bilikləri obyektiv 
								qiymətləndirir. Amma ilkin kompüter bilikləri 
								olmayan və ya çox az olan təhsil işçiləri üçün 
								təlim materiallarını qavramaq və testdən keçmək 
								çətinlik törədir. Buna görə də ilkin kompüter 
								savadı olmayan təhsil işçiləri üçün təlimlərin 
								və testlərin fərqli olması arzuolunandır. 
								 
								
								
								Bakı şəhərindəki 132-134 nömrəli təhsil 
								kompleksinin ibtidai sinif müəllimi Tamilla 
								Abdullayevanın fikrincə, testləşdirmə prosesi 
								zəruridir. Onun sözlərinə görə, test vasitəsilə 
								təlimdə əldə edilmiş biliklər obyektiv olaraq 
								qiymətləndirilir. "Mədəd" təşkilatı tərəfindən 
								keçirilən təlimlərin səviyyəsini yüksək 
								qiymətləndirən T.Abdullayeva təlimlərdə İKT-dən 
								təhsildə istifadəsi üzrə real bacarıqların 
								verildiyini söylədi.  
								
								
								Valideynlər təlim keçmiş müəllimlərin İKT-dən 
								tədrisdə daha effektiv istifadə etdiklərini qeyd 
								edirlər. Onların "Elektron təhsil" jurnalına 
								verdikləri məlumatlara görə, tədrisdə İKT-nin 
								imkanlarından istifadə şagirdlərə dərsə daha 
								böyük maraq göstərməyə və tədris materiallarını 
								səmərəli mənimsəməyə kömək edir. Təlim keçən 
								müəllimlərin testləşdirilməsinə mövqe bildirən 
								valideynlər bu prosesin qiymətləndirmə üçün 
								obyektiv bir meyar olduğunu söyləyirlər.    |