|   | 
										
										
										Yerləşir:  | 
										
										 
										
										Almaniya, Heydelberq şəhəri   | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1386-cı il  | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										
										12399 nəfər | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										28266 nəfər | 
									 
									
										| 
										
										İllik büdcəsi: | 
										
										
										603,8 milyon avro | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.uni-heidelberg.de | 
									 
								 
								
								 Ruprext 
								Karl Heydelberq Universiteti (almanca 
								Ruprecht-Karls-Universitat Heidelberg) Almaniya 
								Federativ Respublikasının beşinci ən böyük 
								şəhəri olan Heydelberq şəhərində yerləşir. Bu 
								ali təhsil müəssisəsi Müqəddəs Roma 
								imperiyasında yaranmış dördüncü, Almaniyada isə 
								ən qədim universitetdir.  
								
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən Heydelberq 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								57-ci yerdə olub. 2010-cu ildə dünyanın ən 
								nüfuzlu universitetləri arasında "Times Higher 
								Education World University Rankings"in 
								açıqlamasına əsasən Heydelberq Universiteti 
								83-cü yerdə, "QS World University Rankings"in 
								açıqlamasına görə isə 51-ci yerdədir. 
								
								
								Heydelberq Universiteti Avropa Tədqiqat 
								Universitetləri Liqasının, Avropa 
								Universitetləri Assosiasiyasının, Koimbra 
								qrupunun (Avropanın 39 universitet şəbəkəsinin) 
								üzvüdür.  
								
								
								Tarixi  
								
								
								1378-ci ildə xristianlığın iki qolu arasında baş 
								verən parçalanmadan və papa XI Qreqorinin 
								ölümündən sonra iki papa seçilir. Onlardan biri 
								Avinyonda (fransızlar tərəfindən seçilmiş), 
								digəri isə Romada (italyanlar tərəfindən 
								seçilmiş) fəaliyyət göstərir. Bu zaman almanlar 
								Romada fəaliyyət göstərən papa VI Urbanı 
								dəstəkləyirlər. Kurfürst (feodal Almaniyada 
								imperator seçmək hüququna malik olan nüfuzlu 
								knyaz) I Ruprext papa VI Urbanın yaxın adamları 
								ilə danışıqlar apararaq universitet fondunun 
								yaradılması haqqında papa bullası (papa 
								tərəfindən möhürlənmiş sənəd) almağa nail olur. 
								1385-ci il oktyabrın 23-də papa VI Urban məktəb 
								(lat. Studium Generale) yaradılmasına icazə 
								verir, 1386-cı il iyunun 26-da isə I Ruprext 
								universitet yaradılması haqqında əmr imzalayır. 
								Papanın nizamnaməsində göstərildiyi kimi, yeni 
								universitet Paris Universitetinə uyğun yaradılır 
								və dörd fakültədən (fəlsəfə, ilahiyyat, hüquq və 
								tibb) ibarət olur. 
								
								
								1386-cı il oktyabrın 18-də xüsusi Papa messası 
								(katolik ibadətlərindən birinin adı və bu ibadət 
								zamanı çalınan musiqi) altında Heydelberq 
								şəhərində Almaniyanın ilk universitetinin 
								açılışı baş tutur. Universitetin ilk rektoru 
								orta əsrlər filosofu İngenli Marsilius təyin 
								edilir. Universitet sürətlə inkişaf etməyə 
								başlayır və artıq 1390-cı ildə burada 185 tələbə 
								təhsil alırdı.  
								
								 XV 
								əsrin sonunda universitetin rektoru yepiskop 
								İohann fon Dalberqin təşəbbüsü ilə burada 
								humanizm mədəniyyəti tədris edilir. Heydelberq 
								Universitetində Alman humanizm məktəbinin 
								yaradıcılarından Rudolf Aqrikola, Konrad Setls, 
								Yakob Uimpfelinq, İohann Reyxlinin adlarını qeyd 
								etmək olar.  1482-ci ildə papa IV Sikst ruhani 
								olmayan və evli şəxslərin papanın razılığı ilə 
								universitetdə adi tibb professoru vəzifəsinə 
								təyin olunmasına, 1553-cü ildə isə papa III 
								Yulius kilsə gəlirindən ruhani olmayan 
								professorlara vəsait ayrılmasına icazə verir.
								 
								
								
								Martin Lüterin disputları 1518-ci ilin aprelində 
								universitetdə böyük əks-səda doğurur, onun 
								müəllim və alimlər arasından olan tərəfdaşları 
								tezliklə Almaniyanın cənub-qərbində Reformasiya 
								hərəkatının aparıcı quvvələrinə çevrilirlər. 
								1563-cü ildə Heydelberq Universitetinin 
								İlahiyyat məktəbinin əməkdaşları Heydelberq 
								katexizisi (xristianların sual-cavab şəklində 
								olan şəriət kitabı) hazırlayırlar. XVI əsrdə 
								humanizmlə yanaşı, universitetdə Kalvinizm 
								cərəyanı da tədris olunur və bu cərəyanın 
								aparıcı simalarından Pavel Sxede, Yan Qruter, 
								Martin Opits və Matteus Merianıni qeyd etmək 
								olar. Bu dövrdə universitet ölkənin mühüm mədəni 
								və akademik mərkəzinə çevrilir, ali məktəbə 
								çoxlu sayda alim cəlb edilir. Lakin 1618-ci ildə 
								başlamış Otuz İllik müharibə universitetin 
								inkişafını dayandırır. 1622-ci ildə dünya üzrə 
								tanınmış Palatina kitabxanası universitetin 
								kilsəsindən oğurlanaraq Romaya gətirilir. 
								1693-cü ildə isə XIV Lüdovikin qoşunları, demək 
								olar ki, Heydelberq Universitetinin binalarını 
								tamamilə dağıdır. 
								
								
								Sonuncu Katolik Reformasiyasının nəticəsi olaraq 
								Heydelberq Universiteti protestant xarakterini 
								itirərək yezuitlər (mürtəce katolik ruhaniləri 
								cəmiyyətinin üzvü, katolik rahib) tərəfə 
								yönəlir. 1735-ci ildə həmin dövrdə Domus 
								Vilhelmina adlanan Universitet meydanında qədim 
								universitet binası tikilir. Yezuitlərin səyləri 
								nəticəsində burada hazırlıq seminariyası açılır. 
								1773-cü ildə yezuitlər ordeni yatırıldıqdan 
								sonra universitetdə məktəblərin əksəriyyəti 
								Fransız Lazaritlər Konqreqasiyasının əlinə 
								keçir. 1803-cü ildə Heydelberq Universiteti 
								Baden hersoqu Karl Fridrix tərəfindən bərpa 
								edilir və dövlət müəssisəsinə çevrilir. Bu 
								dövrdən başlayaraq universitet I Ruprext ilə 
								yanaşı, Karl Fridrixin də adını daşıyır. Karl 
								Fridrix özünü universitetin rektoru elan edir və 
								ali məktəbi beş fakültəyə bölür. Həmin onillikdə 
								universitetdə romantizm, daha sonra isə 
								liberalizm inkişaf edir, bu öz əksini Klemens 
								Brentano, Axim fon Arnim, Lüdviq Tik, İosif 
								Herres, Cozef fon Eyxendorffun, Fridrix Şlosser, 
								Georq Qotfrid Gervinusun yaradıcılığında tapır.
								 
								
								 1933-cü 
								ildə Üçüncü Reyxin yaranmasından sonra 
								Heydelberq Universiteti Almaniyanın digər ali 
								təhsil müəssisələri kimi nasistləri dəstəkləyir. 
								Bir çox dissidentlər ölkəni tərk etmək 
								məcburiyyətində qalır, Almaniyada qalan yəhudi 
								və kommunist professorlar isə deportasiya edilir 
								və ya nasist terrorunun qurbanına çevrilirlər. 
								1933-cü il mayın 17-də Heydelberq 
								Universitetinin müəllim və tələbələri 
								Universitet meydanında kitab yandırılması 
								mərasimində iştirak edirlər və həmin dövrdən 
								universitet faşist ali məktəbi kimi tanınır. Ali 
								məktəbin girəcəyində yazılmış "Canlı ruh" şüarı 
								"Alman ruhu" ilə əvəz olunur, universitet nasist 
								yevgenikasına (irqin təmizlənməsi, əhalinin 
								genetik tərkibinin yüksəldilməsi) cəlb edilir, 
								T4 evtanaziya proqramı (Hitlerin göstərişi ilə 
								həkimlər tərəfindən çoxlu sayda insanın 
								"sağalmaz xəstə" adı ilə inyeksiya və dərmanlar, 
								ac saxlama yolu ilə qaz kameralarında 
								öldürülməsi) həyata keçirilir.  
								
								
								II Dünya müharibəsindən sonra Heydelberq 
								Universitetində geniş denasifikasiya 
								(müharibədən sonra alman və Avstriya 
								cəmiyyətinin bütün sahələrinin nasist 
								ideologiyasından təmizlənməsi) işləri aparılır. 
								Universitet müharibə zamanı dağıntıya məruz 
								qalmadığı üçün burada bərpa prosesi sürətlə 
								gedir.  Ali məktəbin əvvəlki "Həqiqətin, 
								ədalətin və insanlığın canlı ruhu" şüarı özünə 
								qaytarılır. 1960-1970-ci illərdə universitet 
								sürətlə inkişaf edir, şəhər kənarında Nyunheymer 
								Feld ərazisində  ali məktəbin nəhəng  tibb və 
								dəqiq elmlər kampusu açılır.  
								
								
								2007-ci ildə Heydelberq Universiteti Almaniya 
								Federal Təhsil və Elmi Tədqiqatlar Nazirliyi və 
								Almaniya Tədqiqat Fondu tərəfindən alman 
								universitetlərinin beynəlxalq təsirinin 
								gücləndirilməsi, universitetlərdə təhsil alan 
								gənc alimlərə gözəl şərait yaradılması məqsədilə 
								təsis olunan Misilsiz Təşəbbüs  maliyyə 
								proqramına qoşulur.   
								
								
								Büdcəsi və təhsil haqqı  
								
								 2009-2010-cu 
								tədris ilində Heydelberq  Universitetinin illik 
								büdcəsi 603,8 milyon avro təşkil edib. Ali 
								məktəbin illik gəlirləri həmin il 187,1 milyon 
								avro, xərcləri isə 180,5 milyon avro olub.
								 
								
								
								Heydelberq  Universitetində təhsil haqqı hər 
								semestr 500 avro təşkil edir. Qeydiyyatdan 
								keçmək üçün tələbə 104 avro ödəməlidir. 
								Qeydiyyat xərcləri ilə birgə təhsil haqqının 
								məbləği hər semestr 604 avrodur.  
								
								
								Universitet tələbələrdən tibbi sığortadan 
								keçməyi tələb edir. Tibbi sığortanın məbləği 6 
								ay üçün 296,55 avrodur. Avropa Birliyini təmsil 
								edən tələbələr öz vətənlərində tibbi sığortadan 
								keçmələri haqqında sənəd (E 111 sertifikatı) 
								təqdim edərlərsə, tibbi sığortadan azad 
								edilirlər.  
								
								
								Heydelberq  Universitetinə qəbul olan tələbələr 
								qalmaq üçün əvvəlcədən özlərinə yer 
								axtarmalıdırlar. Hazırda kampus ərazisində 
								otaqların aylıq qiyməti 200-500 avro arasında 
								dəyişir.  Hər semestrin əvvəlində tələbə 120 
								avro ödəyərək semestr bileti əldə edir, bu da 
								semestr ərzində ona Heydelberq şəhəri ərazisində 
								bütün növ ictimai nəqliyyatdan pulsuz istifadə 
								etməyə imkan yaradır.  
								
								
								Universitetdə tələbələrə bir neçə təqaüd (Curt 
								Engelhorn, Heidemarie Engelhorn, Wild, Ray and 
								Elfie Carrell, DAAD)  təklif edilir. Təqaüdlərin 
								əksəriyyətinin, DAAD təqaüdü (400 avro)  
								istisna  olmaqla,  məbləği  ayda  660  avrodur. 
								  
								
								
								Universitet bu gün  
								
								 Almaniyanın 
								beşinci ən böyük şəhəri olan Heydelberq ölkənin 
								cənub-qərbində Nekkar çayının sahilində 
								yerləşir. Romantizmin beşiyi hesab edilən 
								şəhərin 145000 nəfər sakini var.  Şəhərin ən 
								məşhur və turistlər tərəfindən ziyarət olunan 
								yeri Qədim Şəhər qalasıdır.  
								
								
								Heydelberq  Universiteti üç kampusdan (Qədim 
								Şəhər, Yeni, Berqheym) ibarətdir. Yeni 
								Universitet adlanan ərazi Qədim Şəhər kampusunun 
								mərkəzi hesab edilir. Bu ərazi Universitet 
								meydanında universitet kitabxanası ilə əsas 
								inzibati binaların yaxınlığında yerləşir. Yeni 
								Universitetin rəsmi açılışı 1931-ci ildə olub. 
								Onun yaradılması Qoldman Saks, Morgan Kraysler 
								və Ford kimi zəngin Amerika ailələrinin maliyyə 
								dəstəyi, Heydelberq Universitetinin məzunu və 
								ABŞ-ın Almaniyada səfiri olmuş Yakob Qould 
								Şurmanın xeyriyyə kampaniyasına ayırdığı 
								vəsaitlər hesabına maliyyələşib. Qədim Şəhər 
								kampusunda humanitar və sosial elmlər üzrə 
								fakültə və institutlar yerləşir. Fakültələr 
								zəngin kitabxanalara və tədqiqatçı tələbələr 
								üçün nəzərdə tutulmuş laboratoriyalara malikdir.
								 
								
								
								Yeni kampus Heydelberq şəhərinin kənarında 
								Nyunheymer Feld ərazisində yerləşir. Hazırda bu 
								kampus universitetin  geniş ərazisini əhatə edir 
								və Almaniyada təbiət elmləri və biologiya elmi 
								üzrə mövcud olan ən iri  kampusdur. Demək olar 
								ki, bütün təbiət elmləri fakültələri və 
								institutları, Tibb məktəbi, Heydelberq 
								Universiteti xəstəxanası, Universitet 
								kitabxanasının elm bölməsi burada yerləşir. 
								Nyunheymer Feld kampusunda professor-müəllim 
								heyəti və tələbələrin, həmçinin ziyarətçilərin 
								nəqliyyat vasitələri üçün uzunmüddətli və 
								qısamüddətli dayanacaqlar mövcuddur. Fizika və 
								Astronomiya fakültəsi adıçəkilən kampusların heç 
								birində yerləşmir. Fakültə Qədim Şəhər 
								kampusundan Nekkar çayı vasitəsilə ayrılır, Yeni 
								kampusdan isə 2 km-lik məsafədə yerləşir. 
								Universitetin üç iri xəstəxanası da daxil 
								olmaqla, təbiət elmləri fakültələri və Tibb 
								məktəbi isə Yeni kampusun ərazisindədir. 
								 
								
								 Berqheym 
								kampusu keçmiş Ludolf Krehl klinikası ərazisində 
								yerləşir. 2009-cu ilin martından etibarən burada 
								İqtisadiyyat, Politologiya və Sosiologiya 
								institutları fəaliyyət göstərir. Berqheym 
								kampusunda bir mühazirə zalı, bir neçə seminar 
								otağı, ən müasir universitet kitabxanaları və 
								bir kafe var.  
								
								
								2003-cü ildə Heydelberq Universitetində həyata 
								keçirilən struktur dəyişikliklərindən sonra 
								burada 12 fakültə fəaliyyət göstərir. Fakültələr 
								bir neçə departament və institutlara bölünüb. 
								Onların əksəriyyəti yeni Avropa standartlarına 
								cavab vermək məqsədilə bakalavr, magistratura və 
								doktorantura dərəcələri üzrə təhsil təklif edir. 
								Hüquq, tibb, stomatologiya və əczaçılıq sahələri 
								üzrə tələbə proqramı istisnadır. Belə ki, 
								tələbələr bu sahələr üzrə dövlət imtahanı 
								verirlər. Magistr dərəcəsi üzrə 
								mərkəzləşdirilmiş imtahanlar isə 
								Baden-Vürtemberq tərəfindən həyata keçirilir. 
								          
								
								
								Universitetin on iki fakültəsindən biri 
								Biologiya fakültəsidir. Buraya Zoologiya, 
								Bitkiçilik, Neyrobiologiya, Əczaçılıq və 
								Molekulyar Biotexnologiya institutları daxildir. 
								Fakültədə təqribən 2000 tələbə təhsil alır, 70 
								professor, 40 məruzəçi və 300 elmi işçi 
								çalışırlar.    
								
								
								Empirik Tədqiqatlar Fakültəsinə Psixologiya, 
								Sosial və Mədəni Antropologiya institutları, 
								Təhsil departamenti, İdman və idman Elmləri 
								İnstitutu və Gerontologiya İnstitutu daxildir. 
								
								
								Hüquq fakültəsi (həmçinin Heydelberq Hüquq 
								Məktəbi kimi tanınır) universitetin əsas 
								fakültələrindən hesab olunur. Məktəb 1386-cı 
								ildə I Ruprext tərəfindən təsis olunub və 
								Almaniyanın ən qədim hüquq məktəbidir. 
								 
								
								 Kimya 
								və Yer haqqında elmlər Fakültəsinə Qeyri-üzvi 
								kimya, Üzvi kimya, Fiziki kimya, Coğrafiya, 
								Geologiya və Paleontologiya institutları, 
								həmçinin Mineralogiya və Geokimya institutları 
								daxildir. Kimya fakültəsi 1817-ci ildə ayrıca 
								bir institut kimi təsis olunub. Coğrafiya 
								İnstitutunun yaranma tarixi isə 1895-ci ildən 
								hesablanır. 
								
								
								Tibb fakültəsi 1386-cı ildə təsis olunan dörd 
								fakültədən biridir. Heydelberq Tibb Məktəbi 
								Almaniyanın ən qədim və güclü tibb məktəbidir. 
								Onun tibb dərəcəsi üzrə təhsil proqramı 
								(tələbələr üçün iki il və 4 il doktorantura) 
								2001-ci ildə əsaslı dəyişikliyə uğrayıb. Həmin 
								ildən fakültənin bütün tələbələri təhsillərini 6 
								il müddətində davam etdirirlər. Bu gün 22 
								institutu fəaliyyət göstərən fakültə Heydelberq 
								Universiteti xəstəxanası ilə sıx əməkdaşlıq 
								edir.  
								
								
								Manheym Tibb fakültəsi 1964-cü ildə yaradılıb və 
								Manheym şəhərində yerləşir. Fakültə 11 
								institutdan ibarətdir, əsasən tibbi 
								texnologiyalar sahəsində araşdırmalarla məşğul 
								olur və Manheym Tətbiqi Elmlər Universiteti ilə 
								sıx əməkdaşlıq edir. Burada əsasən optik ölçü 
								texnikasının inkişaf etdirilməsi, proqram 
								təminatının işlənib hazırlanması və s. həyata 
								keçirilir.  
								
								
								Riyaziyyat və Kompüter elmləri fakültəsinə 
								Riyaziyyat, Tətbiqi Riyaziyyat və Kompüter 
								Elmləri institutları daxildir.  
								
								
								Müasir dillər fakültəsi alman dili, ingilis 
								dili, alman dili əcnəbi dil kimi, tərcüməçilik 
								və  interpretasiya, kompüter linqvistikası, 
								Roman dilləri,  Orta əsrlər və Neo-Latın 
								filologiyası və Slavyan dilləri üzrə kursları 
								əhatə edir.   
								
								
								Fəlsəfə və Tarix fakültəsi 23 institut və 
								departamentdən ibarətdir. Fakültə 2002-ci ildə 
								keçmiş Tarix və Fəlsəfə fakültələri ilə 
								Şərqşünaslıq və Klassik Tədqiqatlar 
								fakültələrinin birləşməsi nəticəsində yaranıb.
								 
								
								
								Fizika və Astronomiya fakültəsinə Kirxhof adına 
								Fizika İnstitutu (Kirchhoff Institute of 
								Physics), Fizika, Nəzəri Fizika və Nəzəri 
								Astrofizika institutları daxildir.  
								
								
								Teologiya (İlahiyyat) fakültəsi universitetin 
								1386-cı ildə təsis olunan ən qədim 
								fakültələrindən biridir.  
								
								
								İqtisadiyyat və Sosial Emlər fakültəsi 
								Politologiya, Sosiologiya, Alfred Veber adına 
								İqtisadiyyat İnstitutlarını əhatə edir. 
								 
								
								
								Fakültələrlə yanaşı, Heydelberq Universiteti 
								Fundamental Fizika, Heydelberq Riyaziyyat və 
								Hesablama Metodları Elmləri, Harmut 
								Hoffman-Berlinq Molekulyar və Hüceyrə 
								Biologiyası ali məktəbləri,  "Hüceyrə 
								Şəbəkələri" qabaqcıl təcrübə, "Asiya və Avropa 
								Qlobal Kontekstdə" elmi-tədqiqat mərkəzlərindən 
								ibarətdir.  
								
								
								Heydelberq Universitetinin kitabxanası 
								Almaniyanın ən zəngin kitabxanalarından biridir. 
								İstifadəçilərinin sayına görə kitabxana ölkədə 
								birinci yeri tutur. Kitabxana sistemi fakültə və 
								institutların kitabxanaları daxil olmaqla, 
								ümumilikdə 7 milyona yaxın kitab və digər 
								materiallara malikdir. Universitetin əsas 
								kitabxanasında 3,2 milyon cild kitab, 50000 
								mikrofilm və videokaset, 10732 dövri nəşr, 6600 
								əlyazma, o cümlədən 1304-cü ilə aid "Manessye 
								Kodeksi" rəsmli əlyazması, 1800 inkunabula 
								(kitab çapı icadının ilk dövründə yığma 
								hərflərlə çap olunmuş ilk kitab), 110500 
								avtoqraf, qədim xəritə və şəkillər mövcuddur. 
								Əsas kitabxanadan əlavə universitetin 83 fakültə 
								və institut kitabxanalarında 3,5 milyondan çox 
								kitab var. Tibb və dəqiq elmlər kitabxanası 
								1978-ci ildən Nyunheymer Felddə yerləşən Yeni 
								kampusa köçürülüb. 
								
								
								2007-ci ilin oktyabrından etibarən Heydelberq 
								Universitetinin rektoru, professor Bernhard 
								Ayteldir. Universitetdə ümumilikdə 12399 nəfər 
								işçi çalışır. Onlardan 4824 nəfər akademik, 
								qalanları isə inzibati heyətdən ibarət 
								əməkdaşlardır.  
								
								
								Heydelberq Universitetində ümumilikdə 28266 
								nəfər təhsi alır. Onların 16264 (57,5%) nəfərini 
								qızlar, 5225 nəfərini əcnəbilər, 3271 nəfərini 
								magistrantlar, 1133 nəfərini doktorantlar təşkil 
								ediblər.  
								
								
								Heydelberq Universiteti dünyaya çoxlu sayda 
								filosof, hüquqşünas, ilahiyyatçı, şair və 
								yazıçı, alim bəxş edib. Universitetin məzunları 
								arasında 30 Nobel, 18 Leybnits, 2 Oskar 
								mükafatları laureatları var. Almaniyanın bir 
								neçə federal və baş nazirləri ilə yanaşı, 
								ölkənin beş kansleri də bu universitetdə təhsil 
								alıblar. Onlardan sonuncusu adı tarixə 
								Almaniyanı birləşdirən kansler kimi düşmüş 
								Helmut Kol olub. Bundan əlavə, Belçika, 
								Bolqarıstan, Yunanıstan, Nikaraqua, Serbiya, 
								Taylandın dövlət və hökümət rəhbərləri, 
								Britaniya taxtının vəliəhdi, NATO-nun Baş katibi 
								və Beynəlxalq Sülh Bürosunun direktoru 
								Heydelberq Universitetində təhsil alıblar.
								 
								
								
								Universitetin keçmiş dini fakültələrinin 
								məzunları arasında Papa II Piy, kardinallar, 
								yepiskoplar və protestant reformasiyasının iki 
								əsas lideri Filip Melanxton və Zakariya Ursinin 
								adları da var. Almaniyanın Federal Konstitusiya 
								Məhkəməsinin 16 hakimi, Almaniya Federal Ədalət 
								Məhkəməsinin, Federal Əmək Məhkəməsinin,  
								Beynəlxalq Ədalət Məhkəməsinin prezidentləri, 
								İnsan Haqları üzrə Avropa Məhkəməsinin iki 
								prezidenti, Dəniz Hüququ üzrə Beynəlxalq 
								Tribunalın prezidenti, Beynəlxalq Cinayət 
								Məhkəməsinin vitse-prezidenti, Almaniyanın iki 
								baş prokuroru, Avropa Ədalət Məhkəməsinin baş 
								vəkili və Britaniya Lordlar Palatasının hakimi 
								universitetin hüquq fakültəsinin 
								məzunlarıdırlar. Heydelberq universitetinin 
								Biznes fakültəsinin məzunları ABB Qrup, Astor 
								korporativ müəssisəsi, BASF, BDA, Daimler AG, 
								Deutsche Bank, EADS, Krupp AG və Siemens AG 
								şirkətlərinin təsisçisi, həmtəsisçisi və ya 
								rəhbərləridir.  
								
								
								Dahi alman bəstəkarı Robert Şumanın, filosoflar 
								Lüdviq Feyerbax və Edmund Montgomerinin, şair 
								Yozef Frayer fon Eyxendorfun, yazıçılar Kristian 
								Fridrix Hebbel, Qotfrid Keller, Henri Qofman, 
								Məhəmməd İqbal, Xose Rizal, Uilyam Somerset Moem 
								və Jan Polun adları universitetin məşhur 
								məzunları sırasındadır. Bundan əlavə, 
								universitetin digər sahələr üzrə məşhur 
								məzunları içərisində eksperimental 
								psixologiyanın banisi hesab edilən Vilhelm 
								Vundt, kimyəvi termodinamikanın banisi Uillard 
								Qibbs, müasir antropologiyanın banilərindən 
								sayılan Frans Boas, velosiped ixtiraçısı Karl 
								Drez və qitələrin dreyfi nəzəriyyəsinin banisi 
								Alfred Veqenerin adlarını qeyd etmək olar. 
								Məşhur filosoflar Georq Vilhelm Fridrix Hegel, 
								Karl Yaspers,  Hans-Georq Qadamer və Yurgen 
								Habermas, novator alimlər Herman fon Helmholç, 
								Robert Vilhelm Bunzen, Qustav Robert Kirxhof, 
								psixologiyanın banilərindən biri hesab edilən 
								Emil Krepelin və müasir sosiologiyanın 
								banilərindən olan Maks Veber kimi məşhur alimlər 
								universitetdə professor kimi çalışıblar. 
								Rusiyanın görkəmli kimyaçı alimi, elementlərin 
								dövri cədvəlinin yaradıcısı Dmitri Mendeleyev 
								dövrünün məşhur professoru Robert Vilhelm 
								Bunzenin universitetdə fəaliyyət göstərən 
								laboratoriyasında işləyib. 
								
								
								Hazırda universitetin professor heyətinin 
								tərkibində tibb elmi üzrə Nobel mükafatı 
								laureatları Bert Zakman (1991) və Harald zur 
								Hauzen (2008), 7 Leybnits laureatı, Almaniya 
								Federal Konstitusiya Məhkəməsinin keçmiş hakimi 
								Paul Kirxhof və Dəniz Hüququ üzrə Beynəlxalq 
								Tribunalın sabiq prezidenti Rüdiger Volfrum da 
								var.  
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Papa II Piy | 
										
										
										Roma Papası  | 
										  | 
									 
									
										|   | 
										
										
										Helmut Kol | 
										
										
										Almaniyanın keçmiş kansleri | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert Şuman   | 
										
										
										dahi alman bəstəkarı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Karl Drez | 
										
										
										velosiped ixtiraçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Uillard Qibbs  | 
										
										 kimyəvi 
										termodinamikanın banisi | 
										  | 
									 
									
										|   | 
										
										
										Vilhelm Vundt   | 
										
										
										eksperimental psixologiyanın banisi | 
										  | 
									 
									
										|   | 
										
										
										Alfred Veqener    | 
										
										
										qitələrin dreyfi nəzəriyyəsinin banisi
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Harald zur Hauzen  | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Bert Zakman    | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Albrext Kossel  | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Otto Meyerxof   | 
										
										
										tibb üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Georq Vittiq  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Karl Ziqler  | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Riçard Kun | 
										
										 kimya 
										üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Hans Yensen   | 
										
										 fizika 
										üzrə Nobel mükafatı laureatı   | 
										  | 
									 
									
										|   | 
										
										
										Valter Bote | 
										
										 fizika 
										üzrə Nobel mükafatı laureatı   | 
										  | 
									 
									
										|   | 
										
										
										Filipp Lenard   | 
										
										 fizika 
										üzrə Nobel mükafatı laureatı   | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |