| 
								 
								
								Dekabrın 15-də Bakıdakı 42 nömrəli orta məktəbdə 
								yeni təlim metodları və texnologiyaların tədrisə 
								tətbiqi ilə bağlı "açıq dərs"lər keçirildi.
								 
								
								
								Biz dəvət olunmuş mütəxəssislərlə birlikdə 
								əvvəlcə XI "D" sinfində həndəsə fənnindən "Konus 
								və onun müstəvi kəsikləri" mövzusunda keçirilən 
								"açıq dərs"də iştirak etdik. 
								
								
								Müəllim Afaq Bağırova ötən dərsi şagirdlərlə 
								birlikdə təkrar etdikdən sonra onların diqqətini 
								proyektorların vasitəsi ilə ekranda göstərilən 
								konusa oxşar dağlar, ağaclar, qədim abidələrə 
								baxmağa yönəltdi. Sinfin şagirdləri qrup 
								şəklində 3 komandaya ayrılmışdı. "Silindir", 
								"Konus" və "Kürə" adlı bu komandalara konusun 
								düzbucaqlı üçbucağının sahəsini tapmaq tapşırığı 
								verildi. Həmin tapşırıqlar ayrı-ayrı şagirdlər 
								tərəfindən lövhədə həll edildi. Cavablar 
								yoxlanıldı. Hər komanda düzgün cavablara görə 
								qiymətləndirildi. 
								
								
								Daha sonra "Tez və düz", "Heydər Əliyev zirvəsi" 
								adlı mövzulara aid komandalara paylanmış məsələ 
								və misallar həll edildi. Komandaların hər 
								birində olan 6 şagirdin hamısı mövzuya aid sual 
								və tapşırıqları cavablandırmaqda fəal iştirak 
								etdi. Sonda komandaların topladığı ballar 
								hesablandı. Onların tutduğu yerlər müəyyənləşdi. 
								"Açıq dərs"i izləyən mütəxəssislər Afaq 
								müəllimin apardığı bu dərsi və şagirdlərin 
								fəallığını yüksək qiymətləndirdilər. 
								
								
								Sonra biz IX "D" sinfində coğrafiya fənnindən 
								"Əhali" mövzusu üzrə keçirilən "açıq dərs"də 
								iştirak etdik. Bu sinfin şagirdləri də 3 
								komandaya bölünmüşdü. Həmin komandalar "Çinli", 
								"Hindli" və "Azəri" adlandırılmışdı. 
								
								
								Müəllim Mirvari Əhədova hər 3 komandaya 
								ayrı-ayrılıqda "Əhalinin təbii artımını necə 
								başa düşürsünüz?", "Dünyada ən çox əhalisi olan 
								ölkə hansıdır?", "Demoqrafik siyasət nədir?", 
								"Demoqrafik partlayış nə deməkdir?", "Demoqrafik 
								inqilab nə deməkdir?" suallarını verdi. 
								Komandaların əksər üzvü suallara düzgün cavab 
								verdi. Cavablar qiymətləndirilərək divardan 
								asılmış cədvələ yazıldı. 
								
								
								Sonra müəllim komandalara miqrasiya haqqında 
								tərtib olunmuş işlər payladı. Burada yazılmış 
								"Qanunsuz miqrasiya nədir?", "Məcburi 
								miqrasiyanı necə başa düşürsünüz?" və s. 
								suallara da şagirdlər düzgün cavab verdilər. 
								
								
								Elə həmin anda ekranda məcburi miqrasiyanı əks 
								etdirən film nümayiş etdirildi. Filmdə 
								Qarabağdan, Ermənistandan məcburi köçürülən 
								insanların acınacaqlı həyatı göstərildi. Bundan 
								sonra isə müəllim komandalara belə bir sualla 
								müraciət etdi: 
								
								
								- Azərbaycanın 20 faiz torpaqları erməni 
								təcavüzkarları tərəfindən işğal olunub. Siz bu 
								torpaqların qaytarılması üçün nə təklif 
								edərdiniz? 
								
								
								Hər üç komanda üzvlərinin suala cavabı eyni 
								oldu: 
								
								
								- İşğal olunmuş ərazimiz sülh yolu ilə 
								qaytarılmalıdır. Əgər bu mümkün olmasa, müharibə 
								yolu ilə torpaqlarımızı azad etməliyik! 
								
								
								Şagirdlərin cavabları fəal əməkdaşlığa görə 
								qiymətləndirildi. 
								
								
								Müəllim Mətanət Allahverdiyevanın rus bölməsinin 
								IV "A" sinfindəki riyaziyyatdan "açıq dərs"i də 
								maraqlı keçdi. 
								
								
								Həmin gün "açıq dərs"lər bitdikdən sonra akt 
								zalında tədbir keçirildi. Məktəbin direktoru 
								Firəngiz Həmidova çıxış edərək "açıq dərs"lərdə 
								iştirak etdikləri üçün qonaqlara öz 
								minnətdarlığını bildirdi. 
								
								
								Sonra çıxış edən Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun 
								rektoru Asəf Zamanov dedi: 
								
								
								- Bu gün həqiqətən mənim üçün əlamətdar bir gün 
								oldu. Ona görə ki, iştirak etdiyim "açıq 
								dərs"lərin ikisini bizim institutda kurs keçmiş 
								müəllimlər aparırdı. Birgə işləmək həqiqətən öz 
								müsbət nəticəsini verir. Axı dərsin keyfiyyəti 
								müəllimdən asılıdır. Doğrusu, bu "açıq dərs"lər 
								o qədər maraqlı keçdi ki, nöqsan axtarmağa lüzum 
								qalmadı. 
								
								
								Asəf müəllim çıxışının sonunda qarşıdan gələn 
								2011-ci ildə müəllim və şagirdlərə yeni-yeni 
								uğurlar arzuladı.  
								
								
								"Açıq dərs"lərdə iştirak edən Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin müdir müavini Məhəbbət 
								Qarabağlı, həmin idarənin əməkdaşları Sitarə 
								Məmmədova, Şəhla Kərimova, Həvva Dünyamalıyeva, 
								Bakıdakı 14 nömrəli məktəbin direktoru Hürzad 
								Verdiyeva öz çıxışlarında məktəbin I "Ç", V "Ç" 
								və VI "A" siniflərində də keçən "açıq dərs"ləri 
								yüksək qiymətləndirdilər. Eyni zamanda "açıq 
								dərs"lərin pedaqoji-metodik baxımdan təhlil və 
								dəyərləndirilməsi müəllim axtarışına, müəllim 
								əməyinə verilən yüksək qiymət oldu.  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  |