| 
								 
								
								Naxçıvan Dövlət Universitetində görkəmli alim, 
								akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi 
								münasibətilə elmi konfrans keçirilmişdir. 
								 
								
								
								 "Akademik 
								Şəfaət Mehdiyev: böyük elmin və ədəbi düşüncənin 
								vəhdəti" mövzusunda keçirilən konfransda iştirak 
								etmək üçün Naxçıvanda səfərdə olan Azərbaycan 
								Respublikası Prezidenti yanında Ali Attestasiya 
								Komissiyasının sədri, akademik Arif Mehdiyev və 
								sədr müavini, AMEA-nın müxbir üzvü, 
								fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov, 
								bir qrup nümayəndə öncə universitet ərazisini 
								gəzmiş, İncəsənət fakültəsində konsert 
								proqramını izləmiş, universitetin idman 
								muzeyində sərgilənən bu sahədəki möhtəşəm 
								nailiyyətlərlə tanış olmuş, olimpiya tipli idman 
								kompleksində keçirilən ağırlıqqaldırma yarışına 
								azarkeşlik etmişlər. Qonaqlar memarlıq və 
								mühəndislik fakültəsində tələbələrin texniki 
								yaradıcılıq sərgisini, memarlıq  və incəsənət 
								tarixi muzeyində dünya və Azərbaycan memarlığı 
								ilə bağlı stendləri, milli dekorativ-tətbiqi 
								sənət nümunələrini, memar və rəssam tələbələrin 
								əl işlərini maraqla izləmiş, tədris prosesinə 
								qatılmışlar. Respublikada analoqu olmayan,  
								tamamlanmaqda olan  son tikintilər - tələbə 
								sosial xidmət mərkəzi, qonaq evi və tələbə 
								yataqxanası ilə tanışlıq xoş təəssürat 
								yaratmışdır. 
								
								
								Sonra konfrans öz işinə başlamışdır. Muxtar 
								respublika rəhbərliyinin təmsilçisinin, təhsil 
								nazirinin, Naxçıvandakı əksər təhsil 
								müəssisələrinin nümayəndələrinin  də qatıldığı 
								konfransı giriş sözü ilə rektor, akademik İsa 
								Həbibbəyli açmışdır. Rektor əməkdar elm xadimi, 
								dövlət mükafatı laureatı, akademik Şəfaət 
								Mehdiyevin Azərbaycan elmi-ictimai fikir 
								tarixindəki rolundan, elmi-pedaqoji 
								fəaliyyətinin, bədii-publisistik yaradıcılığının 
								əhəmiyyətindən, ali insani məziyyətlərindən 
								danışmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider 
								Heydər Əliyev akademik Şəfaət Mehdiyevi böyük 
								alim, böyük ziyalı və şəxsiyyət kimi 
								qiymətləndirmişdir. Azərbaycan Respublikası 
								Prezidenti İlham Əliyevin "Akademik Şəfaət 
								Mehdiyevin 100 illik yubileyinin keçirilməsi 
								haqqında" 8 noyabr 2010-cu il tarixli sərəncamı 
								isə bütövlükdə Azərbaycan elminə, elm 
								xadimlərinə verilən yüksək qiymət kimi 
								dəyərləndirilmişdir.  
								
								
								 Naxçıvan 
								Muxtar Respublikasının Ali Məclisinin sədrinin 
								birinci müavini, Ali Məclisinin deputatı Azər 
								Zeynalov konfrans iştirakçılarını muxtar 
								respublika rəhbərliyi adından salamlamış,  
								Şəfaət Mehdiyevin elmin və təhsilin, Azərbaycan 
								geologiyasının, neft-qaz sənayesinin 
								inkişafındakı xidmətlərindən bəhs etmişdir. 
								Natiq  muxtar respublika miqyasında nəzərdə 
								tutulan yubiley tədbirlərindən söz açmış, 
								görkəmli akademikin yüz illiyinin dövlət 
								səviyyəsində keçirilməsinin eyni zamanda ulu 
								öndər Heydər Əliyevin siyasi kursunun layiqli 
								davamı olduğunu vurğulamışdır.  
								
								
								AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl 
								Hacıyev "Akademik Şəfaət Mehdiyev ali məktəb və 
								elm təşkilatçısı kimi" məruzəsində görkəmli elm 
								xadiminin Bakı Dövlət Universitetinə, 
								Akademiyanın Geologiya İnstitutundakı müvafiq 
								şöbəyə, Azərbaycan Neft-Kimya İnstitutunda Qaz 
								yataqlarının kəşfiyyatı kafedrasına rəhbərlik 
								etdiyi illərdə alim-redaqoq kimi gördüyü mühüm 
								işlərdən, sanballı dərslik və monoqrafiyalar 
								yazmasından bəhs etmişdir.  
								
								
								Tədris işləri üzrə prorektor, əməkdar elm 
								xadimi, filologiya elmləri namizədi, dosent 
								Hüseyn Həşimli akademikin ədəbi və publisistik 
								irsi ilə bağlı, Coğrafiya kafedrasının müdiri, 
								coğrafiya elmləri namizədi, dosent Nazim 
								Bababəyli "Geologiya elminin inkişafında 
								akademik Şəfaət Mehdiyevin rolu" adlı məruzə ilə 
								çıxış etmişlər.  
								
								
								Yubilyarın oğlu, akademik Arif Mehdiyev tədbirin 
								təşkilatçılarına minnətdarlığını bildirmiş, 
								atası ilə bağlı xatirələrini paylaşmışdır. 
								Akademik Arif Mehdiyev Naxçıvanda elmi kadr 
								potensialının hazırlanmasından, Naxçıvan Dövlət 
								Universitetində elmin, təhsilin inkişafı 
								istiqamətində əldə olunan mühüm nailiyyətlərdən 
								razılıqla söz açmışdır.  
								
								
								Sonda Ali Attestasiya Komissiyasının sədri  elmi 
								ad alan bir qrup alimə dirlomlar təqdim 
								etmişdir.  Akademik Şəfaət Mehdiyevin əsərləri 
								və onun haqqında çıxan kitablar konfrans 
								iştirakçılarına hədiyyə olunmuşdur.   
								
								
								
								Mehriban SULTAN, 
								NDU-nun Mətbuat şöbəsinin müdiri  |