| 
								 
								
								
								 Məhərrəmov 
								Səxavət Ələmdar oğlu  
								
								
								1973-cü il dekabrın 5-də Qərbi Azərbaycanın 
								Amasiya rayonunun Qaraçanta kəndində anadan 
								olub. Məlum səbəblərdən ailə üzvləri ilə 
								birlikdə Gürcüstana köçüb. Bir müddət orada 
								yaşadıqdan sonra onlar Bakının Lökbatan 
								qəsəbəsinə pənah gətirib. Səxavət 1990-cı ildə 
								qəsəbədəki 106 nömrəli orta məktəbi bitirdikdən 
								sonra 1 nömrəli Təmir- Tikinti İdarəsində əmək 
								fəaliyyətinə başlayıb. 1991-ci ilin noyabrında 
								isə könüllü olaraq əvvəlcə daxili qoşunlarda, 
								sonra yenicə yaranmış Milli Ordu sıralarında 
								hərbi xidmətə başlayıb. O,bir çox döyüşlərdə 
								rəşadət nümayiş etdirib. 1992-ci il iyunun 27-də 
								Ağdərənin Möhrədağ kəndi uğrunda gedən döyüşdə 
								erməni işğalçılarına dağıdıcı zərbələr endirib. 
								
								
								S.Məhərrəmov elə həmin döyüşdə düşmən gülləsinə 
								tuş gələrək, qəhrəmancasına həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 
								1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə 
								Məhərrəmov Səxavət Ələmdar oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Lökbatan qəsəbəsindəki 106 nömrəli orta məktəb 
								onun adını daşıyır. Məktəbin dəhlizində büstü 
								qoyulub.  
								
								
								
								 Məcidov 
								Eldar Tofiq oğlu  
								
								
								1965-ci il avqustun 26-da Bakı şəhərində anadan 
								olub. 1982-ci ildə paytaxtdakı 52 nömrəli orta 
								məktəbi bitirib. Elə həmin il Azərbaycan 
								Rəssamlar İttifaqının Bədii Fondunda işə 
								düzəlib. 1983-cü ildə hərbi xidmətə çağırılıb. 
								Eldar 1985-ci ildə hərbi xidmətini Almaniyada 
								başa çatdıraraq, Vətənə qayıdıb. Bir müddət 
								sonra-1992-ci ildə Qarabağ bölgəsinə cəbhəyə 
								getməyi qərara alıb. O, 776 nömrəli hərbi 
								hissədə PDM-ə komandir təyin edilib. Beləliklə 
								də onun şərəfli döyüş yolu başlanıb. 
								
								
								E.Məcidov 1992-ci il mayın 15-də Şuşanın Zarıslı 
								kəndində erməni işğalçılarına qarşı gedən ağır 
								döyüşlərdə qəhrəmanlıq nümayiş etdirir, sağ 
								ayağından güllə yarası alır, çoxlu qan 
								itirdiyindən onun həyatını xilas etmək mümkün 
								olmur. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 16 
								sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı 
								ilə Məcidov Eldar Tofiq oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 
								Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.  
								
								
								
								 Məcidov 
								Zakir Nüsrət oğlu  
								
								
								1956-cı il iyunun 26-da Neftçala rayonunun 
								Həsənabad qəsəbəsində anadan olub. Orta 
								təhsilini 70 nömrəli məktəbdə alıb. 1974-cü ildə 
								Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali 
								Hərbi Aviasiya Məktəbinə daxil olub. Zakir 
								1977-ci ildə leytenant rütbəsi ilə məktəbi 
								bitirib və Yevlax avia dəstəsində AN-2 
								təyyarəsinin ikinci pilotu kimi əmək 
								fəaliyyətinə başlayıb. 1980-ci ildə AN-2 
								təyyarəsinə komandir təyin edilib. 1992-ci ilin 
								fevralında isə 843 nömrəli hərbi hava hissəsində 
								Mİ-24 vertolyotlarından birinə komandir təyin 
								olunub. Elə həmin il Milli Ordu sıralarına 
								qayıdaraq, sərhəd bölgələrinə uçuşlar edib. 
								Kasapet yüksəkliyində gedən ağır döyüşdə işğalçı 
								erməni ordusunun hərbi hissələrinə dəfələrlə 
								sarsıdıcı zərbələr endirib. 
								
								
								Z.Məcidov həmin zonada düşmən atəşinə tuş 
								gələrək, ekipajla birlikdə qəhrəmancasına həlak 
								olub. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 14 
								sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı 
								ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn 
								olunub.  
								
								
								
								 Mirabov 
								Rəşad Akif oğlu  
								
								
								1975-ci il mayın 3-də Mingəçevir şəhərində 
								anadan olub. Mingəçevir şəhər 7 nömrəli orta 
								məktəbdə doqquzillik təhsilini başa çatdırdıqdan 
								sonra atasının çalışdığı M. Davudova adına 
								Mingəçevir Dövlət Dram Teatrında dərzi köməkçisi 
								işləməyə başlayıb. 1993-cü il mayın 12-də Milli 
								Ordu sıralarına çağırılaraq, əvvəlcə Nasosnıda,  
								sonra Səngəçalda və Şubanıda hərbi təlim keçib. 
								Hərbi xidmətdə isə xüsusi təyinatlı hissədə 
								kəşfiyyatçı - minaaxtaran peşəsinin sirlərinə 
								yiyələnib. 1994-cü ildə Tərtər bölgəsinə, oradan 
								da Füzuliyə göndərilib. Atəşkəs elan olunduqdan 
								sonra o, Murova, oradan da Bakıya -vaxtilə 
								xidmət etdiyi sahəyə qayıdıb.  
								
								
								R.Mirabov 1995-ci ildə mart hadisələri zamanı 
								qiyamçılara qarşı aparılan əməliyyatda iştirak 
								edərkən qəhrəmancasına həlak olub. 
								
								
								Subay idi. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Mirabov Rəşad Akif oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn 
								olunub. Təhsil aldığı 7 nömrəli orta məktəb onun 
								adını daşıyır. Məktəbin qarşısında büstü 
								qoyulub.  
								
								
								
								 Mirzəyev 
								Yusif Vəli oğlu  
								
								
								1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz 
								kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli 
								adına Naxçıvan şəhər orta məktəbini bitirib. 
								1976-cı ildə Naxçıvan rabitə qovşağında əmək 
								fəaliyyətinə başlayıb. İşləyə-işləyə Azərbaycan 
								Dövlət Xalq Təsərrüfatı İnstitutunda ali təhsil 
								alaraq, Bakıdakı banklardan birində müfəttiş 
								vəzifəsinə təyin olunub.1988-ci ildə xalq 
								hərəkatına qoşulub. 1991-ci ilin sonlarında 
								könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə 
								yollanıb. Yusifin ilk döyüş yolu Ağdərə-Goranboy 
								istiqamətində başlayıb. Ağdərədə 17 kəndin 
								alınmasında onun müstəsna xidmətləri olub. 
								
								
								Y.Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə 
								gedən qeyri-bərabər döyüşdə yoldaşlarını 
								mühasirədən çıxararkən qəhrəmancasına həlak 
								olub. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 27 mart 
								1993-cü il tarixli 495 nömrəli Fərmanı ilə 
								Mirzəyev Yusif Vəli oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Naxçıvan şəhərində Şəhidlər xiyabanında dəfn 
								olunub. Naxçıvan şəhərindəki məktəblərdən birinə 
								və Bakının Nəsimi rayonundakı 44 nömrəli orta 
								məktəbə onun adı verilib, məktəbin qarşısında 
								büstü qoyulub.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |