| 
								 
								
								 Elm 
								adlı bir xəzinənin açarını bizə təqdim edən 
								müəllimdir. Müəllim zəka, müəllim ziyadır. Odur 
								bizə  savad, bilik verən. Odur bizi 
								maarifləndirən. Odur insanlara həyatı sevdirən, 
								insanlığı, yaxşını yamandan, düzü əyridən 
								seçməyi öyrədən.  Müəllim adı şərəfli və 
								müqəddəsdir. Gənc nəslin fəal həyata layiqincə 
								hazırlaşması müəllimin şəxsiyyətindən, onun 
								qabaqcıl ictimai əqidəsi, mədəniyyəti, təhsili 
								və pedaqoji ustalığından asılıdır. Müəllim əməyi 
								ona görə qiymətli və gözəldir ki, o, insanı 
								şəxsiyyət kimi müstəqil həyata hazırlaşdırır. 
								Bilik isə gündəlik təcrübənin zərrələrindən 
								əmələ gəlir. Ulu öndər Heydər Əliyev müəllim 
								əməyini belə qiymətləndirmişdir: "Bizim hər 
								birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil 
								səviyyəmizdən asılı olmayaraq, bütün 
								nailiyyətlərimizə görə məktəbə, müəllimə 
								borcluyuq". 
								
								
								Haqqında söhbət açacağımız Taisə müəllim də belə 
								insanlardandır. Taisə Sarı qızı Quliyeva 1946-cı 
								ildə Qazax rayonunda müəllim ailəsində dünyaya 
								gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan 
								Dövlət Dillər İnstitutunun İngilis-Azərbaycan 
								dilləri fakültəsinə daxil olaraq,1969-cu ildə 
								ali məktəbi "əla" qiymətlərlə başa vurmuşdur. 
								Elə həmin ildən də Azərbaycan Dövlət Pedaqoji 
								İnstitutunda fəaliyyətə başlamışdır. Hazırda da 
								həmin təhsil ocağının sayılıb-seçilən 
								pedaqoqlarından biridir.  
								
								
								Taisə xanım təvazökar, nizam-intizamı sevən və 
								ən ümdəsi, öz işinə məsuliyyətlə yanaşan bir 
								müəllimdir. Bir çox elmi məqalələrin 
								müəllifidir. Dəfələrlə yaxşı və səmərəli 
								işlərinə görə fəxri fərmanlarla təltif edilmiş, 
								təşəkkürnamələr almışdır. Həyatda hər bir 
								müəllimin məqsədi öyrəndiklərini tələbələrinə 
								çatdırmaqdır, Taisə xanım da bu baxımdan  
								gənclərə bir nümunə və örnəkdir. Dərs dediyi 
								tələbələri, sözün həqiqi mənasında, onun 
								sayəsində ana qayğısı ilə əhatə olunmuşlar. O, 
								bütün mənəvi rahatlığını, dincliyini öz 
								peşəsində tapır və tələbələrində görür. 
								 
								
								
								Taisə xanım  həmişəki kimi cəld, çevik və 
								enerjilidir. Uzun müddət gənclərlə işlədiyi üçün 
								onun ruhu cavandır. İşlədiyi kollektiv onu 
								zəhmətkeş insan, əsl müəllim kimi həmişə yüksək 
								dəyərləndirir. Tələbələrinin əksəriyyəti bu gün 
								onun özü ilə çiyin-çiyinə çalışan elmi dərəcəli 
								müəllimlərdir. Taisə xanım isə bütün bunlardan 
								qürur və sevinc hissi keçirir. Lakin buna 
								baxmayaraq, vaxtı ilə dərs dediyi, indi isə 
								birgə çalışdığı tələbələri bu gün də bir müəllim 
								kimi Taisə xanımın təcrübəsindən faydalanırlar. 
								Müəllim kimi müqəddəs adı şərəflə daşıyan Taisə 
								xanıma Allahdan uzun ömür və cansağlığı 
								arzulayırıq.  
								
								
								
								Fidanə MƏMMƏDOVA,  
								ADPU-nun biologiya fakültəsinin  IV  kurs 
								tələbəsi  |