| 
								 
								
								Bu günlərdə Tbilisi şəhərində Gürcüstanın  Elm 
								və Təhsil Nazirliyi  tərəfindən "Milli kurikulum 
								və qiymətləndirmə fəaliyyəti - 2010"  mövzusunda 
								beynəlxalq konfrans keçirilib.  
								
								
								Gürcüstanın elm və təhsil  naziri Dmitri Şaşkin  
								konfrans iştirakçılarını salamladı və konfransın 
								işinə uğurlar arzuladı. Gürcüstan Milli 
								Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktoru 
								Natiya Cokadze rəhbərlik etdiyi təşkilatın 
								strukturu və fəaliyyət istiqamətləri haqqında 
								ətraflı məlumat verdi. Bildirildi ki, Milli 
								Kurikulum və Qiymətləndirmə Mərkəzi Elm və 
								Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən 
								altı böyük mərkəzdən biridir. Mərkəzin fəaliyyət 
								dairəsinə kurikulumların hazırlanması, sınaqdan 
								keçirilməsi və tətbiqi, eləcə də ümumtəhsil 
								məktəblərində tədris-təlimin qiymətləndirilməsi 
								sisteminin yaradılması, tətbiqi, milli və digər 
								səviyyələrdə qiymətləndirmələrin həyata 
								keçirilməsi daxildir.   
								
								
								Natiya Cokadze "Milli kurikulumun hazırlanması, 
								sınaqdan keçirilməsi, tətbiqinin dəstəklənməsi 
								və fasiləsiz inkişaf" mövzusunda geniş hesabat 
								da  təqdim etdi. O, orta ümumi təhsil pilləsində 
								tədris edilən fənlər, onlara ayrılmış saatlar, 
								ayrı-ayrı fənlərin tədrisinin keyfiyyətinin 
								yüksəldilməsi üçün görülmüş işlər haqqında 
								ətraflı məlumat verdi. N.Cokadze məktəbəqədər 
								tərbiyə və inklüziv təhsil üzrə aparılmış işlər 
								haqqında da danışdı, xarici ölkələrdə yaşayan və 
								təhsil alan, öz xalqının tarixi, mədəniyyəti 
								haqqında kifayət qədər məlumatı olmayan və öz 
								ana dilində sərbəst danışa bilməyən uşaqlar üçün 
								nəzərdə tutulmuş  "Şənbə məktəbləri"nin 
								fəaliyyəti haqqında ətraflı məlumat verildi. 
								Dərsliklərin tərtibinə verilən yeni tələblər və 
								müəllim hazırlığı istiqamətində görülmüş işlər 
								də konfrans iştirakçılarının diqqətinə 
								çatdırıldı.  
								
								
								Sonra Milli Kurikulum və Qiymətləndirmə 
								Mərkəzinin direktor müavini Zea Paiçatdze 
								Gürcüstanda orta ümumi təhsil səviyyəsində 
								tədris edilən yeni fənlər haqqında məlumat 
								verdi. "Milli Kurikulum və Qiymətləndirmə 
								Mərkəzində layihələr və proqramlar" mövzusunda 
								məruzəsində natiq göstərdi ki, Orta Mülki 
								müdafiə və təhlükəsizlik,  İnformasiya və 
								kommunikasiya texnologiyaları, Dünya mədəniyyəti 
								və Rəqs dərsi kimi fənlərin tədrisini uşaqların 
								hərtərəfli formalaşmasında əhəmiyyətli hesab 
								edirlər. Müqayisə üçün bildirək ki, İnformasiya 
								və kommunikasiya texnologiyaları fənni 
								Azərbaycanda da ümumtəhsil səviyyəsində birinci 
								sinifdən başlayaraq müstəqil fənn kimi tədris 
								edilir. Mülki müdafiə və təhlükəsizlik fənnində 
								əhatə edilən məsələlərin tədrisi   isə 
								Azərbaycanda Həyat bilgisi fənn kurikulumunda 
								"Sağlamlıq və təhlükəsizlik" məzmun xəttində  
								nəzərdə tutulmuşdur. Bununla yanaşı təbiət 
								fənlərinin tədrisi imkanları daha da 
								genişləndirilmiş, fiziki tərbiyə fənni idman 
								fənni ilə əvəz edilmiş, ingilis dili fənni  
								birinci sinifdən başlayaraq  tədris edilmişdir.
								 
								
								
								Dünya mədəniyyəti fənni üzrə tədrisi nəzərdə 
								tutulan məsələlər dünyada qloballaşma getdiyi 
								bir zamanda cəmiyyətin və öyrənənin 
								ehtiyaclarının təmin olunması baxımından çox 
								əhəmiyyətlidir.  
								
								
								Riyaziyyat, elm və texnologiyalar şöbəsinin  
								müdiri Yekaterina Slavinskaya "Riyaziyyat, 
								təbiət fənləri və İKT-nin məzmununda 
								dəyişikliklər", Humanitar və ictimai elmlər 
								şöbəsinin müdiri Tamar Cakeli "Çoxdilli təhsil" 
								mövzularında  məruzə etdilər.  
								
								
								Konfransda milli qiymətləndirmə  və onun həyata 
								keçirilməsi istiqamətində görülmüş işlər 
								müzakirə olundu.  
								
								
								Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə 
								Mərkəzinin direktoru Natiya Cokadze "Milli 
								qiymətləndirmə (məsələyə ümumi baxış)", Milli 
								qiymətləndirmənin keçirilməsi  üzrə beynəlxalq 
								məsləhətçi, Niderlandın təhsilin 
								qiymətləndirilməsi üzrə CİTO Beynəlxalq 
								İnstitutunun rəhbəri Henk Moelands "Milli 
								qiymətləndirmə və kurikulum, Milli 
								qiymətləndirmə nümunə kimi", həmin institutun 
								əməkdaşı Frans Kleyntces isə "Gürcüstan Milli 
								Kurikulum və Qiymətləndirmə Mərkəzi və 
								Niderlandın CİTO qrupu" mövzularında təqdimat 
								etdilər.   
								
								
								Konfransda Gürcüstan Milli Kurikulum və 
								Qiymətləndirmə Mərkəzinin şöbə  müdirləri ana 
								dili və ədəbiyyat, riyaziyyat, təbiət fənləri 
								üzrə milli qiymətləndirmənin nəticələri haqqında 
								ətraflı məlumat verdilər. 
								
								
								Sonda əldə edilən nəticələr ətrafında  
								müzakirələr aparıldı və konfrans öz işini 
								yekunlaşdırdı. 
								
								
								Konfrans başa çatdıqdan sonra Gürcüstan 
								televiziyasına müsahibə verdim. Gürcüstanlı 
								həmkarlarımızın kurikulum islahatı sahəsində 
								əldə etdikləri təcrübəni bu şəkildə dost 
								ölkələrin təhsil işçiləri ilə   mübadilə 
								etmələrini yüksək dəyərləndirdiyimizi və  bu 
								baxımdan keçirilən beynəlxalq konfransın böyük 
								əhəmiyyət daşıdığını bildirdim. 
								
								
								 Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə 
								Mərkəzinin direktoru Natiya Cokadze azərbaycanlı 
								həmkarları ilə yaxından əməkdaşlıq etmək 
								arzusunda olduğunu bildirdi.   
								
								
								
								A.SÜLEYMANOVA, 
								Təhsil Nazirliyinin Kənd rayonları üzrə  
								ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi
								  |