| 
								 
								
								Bu il dahi bəstəkar, dramaturq, publisist və 
								alim, müəllim və ictimai xadim Üzeyir 
								Hacıbəylinin anadan olmasının 125 illik yubileyi 
								Azərbaycanda, o cümlədən bir sıra xarici 
								ölkələrdə yüksək səviyyədə qeyd olunur. 
								
								
								 Azərbaycan 
								Milli Konservatoriyası tərkibində İncəsənət 
								Gimnaziyasının direktoru M.Şabanbəyovanın 
								təşəbbüsü ilə gimnaziyada bu əlamətdar yubileylə 
								əlaqədar bir neçə tədbir keçirilib. Belə 
								tədbirlərdən biri noyabrın 23-də gimnaziyanın 
								fortepiano şöbəsində oldu. Həmin gün mən 
								"Ü.Hacıbəylinin yaradıcılığında lad və tonallıq 
								münasibətləri" mövzusunda multimedia dərsi 
								keçdim. Dərsin əsas məqsədi Ü.Hacıbəylinin 
								əvəzolunmaz şəxsiyyət və böyük insan olmasını, 
								şərq musiqisini Avropa musiqisindən fərqləndirən 
								əsas cəhətləri göstərməkdən, əsas ladların 
								(məqamların) səs sıraları, şöbələri və 
								xarakterləri haqqında məlumat verməkdən, dahi 
								bəstəkarın əsərlərini təhlil edərək onların 
								hansı ladda və ya şöbədə bəstələndiyini təyin 
								edib hər ladın slaydında musiqini 
								səsləndirməkdən ibarət idi. 
								
								
								Şagirdim Ülkər Şıxəliyeva (2-ci sinif) 
								Ü.Hacıbəylinin fortepiano üçün bəstələdiyi 
								sonatanı ifa etdi. İfadan sonra mən əsəri təhlil 
								etdim. Təhlili 3 istiqamətdə - Şərq, Avropa 
								musiqisi və onların sintezi nöqteyi-nəzərindən 
								apardım. Əvvəlcə sonatinanın hansı ladda 
								bəstələndiyini təyin etdim: sonatinanın 1-ci 
								cümləsi do mayeli "Çargah" ladının "Hasar" 
								şöbəsində, 2-ci cümlə isə "Çargah" ladının 
								"Müxalif" şöbəsində yazılmışdır. 2-ci cümlə sol 
								mayeli "Çargah" ladına modulyasiya edilmişdir. 
								Rerpizdə sonatinanın harmoniyası zənginləşmiş və 
								əsər do mayeli "Çargah" ladının kvinta səsində 
								tamamlanır. Klassik sonata forması kimi 
								baxıldıqda bu sonatinanın sxemi iki bir-birinə 
								zidd - əsas mövzu lirik, köməkçi mövzu isə 
								qətiyyətli - mövzular əsasında qurulmuşdur. Ən 
								maraqlısı budur ki, sonatinanı Şərq və Avropa 
								musiqisinin sintezi kimi təhlil etdikdə 
								Ü.Hacıbəylinin bəstəkarlıq bacarığını, dahiyanə 
								kəşflərini görürük. Bəstəkar "Çargah" ladının 
								"Hasar" şöbəsinin lirik xarakterdə olduğuna görə 
								onu əsas mövzu, "Müxalif" şöbəsi isə qətiyyətli, 
								inamlı xarakterdə olduğuna görə köməkçi mövzu 
								kimi qəbul edib. Tonallıq cəhətdən əsəri təhlil 
								etdikdə sonatinanın do minor tonallığında 
								yazıldığını görürük. Bəstəkar əsəri Avropa 
								musiqisinə yaxınlaşdırmaq məqsədilə do mayeli 
								"Çargah" ladında yazmışdır. 
								
								
								Nəticədə onu deyim ki, Ü.Hacıbəylinin bizə miras 
								qoyduğu fundamental kitab - "Azərbaycan xalq 
								musiqisinin əsasları" kitabı bizə ladlarımız 
								haqqında ətraflı məlumatlar verir və tədqiqat 
								işləri aparmaq üçün geniş imkanlar açır. Böyük 
								sənətkar Ü.Hacıbəyli yazırdı: "Bu kitab 
								göstərilən sübutlar və qaydalarla dəfələrlə 
								yoxlanılmış axtarış və təhlillərin nəticəsidir. 
								Bu, Azərbaycan xalq musiqisinin əsas cəhətlərini 
								öyrənməyə və bəstəkarlara Azərbaycan xalq 
								ladları əsasında musiqi bəstələməyə kömək edən 
								nəzəri vəsaitdir. Mənim bir bəstəkar kimi 
								Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək 
								işim "Koroğlu" kimi operamı yazmaqda praktiki 
								əhəmiyyət kəsb edir".  
								
								
								
								Ülviyyə QARAYEVA, 
								İncəsənət Gimnaziyasının fortepiano şöbəsinin 
								müəllimi  |