| 
								 
								
								 Azərbaycan 
								Respublikası Prezidentinin sərəncamı ilə 
								ölkəmizdə "Ekologiya ili" elan olunmuş 2010-cu 
								il başa çatmaqdadır. İlboyu ölkəmizin ekoloji 
								cəhətdən sağlamlaşdırılması, ətraf mühitin 
								mühafizəsi və yaşıllaşdırılması istiqamətlərində 
								çox böyük işlər görülüb. Ekoloji harmoniyanın 
								qorunub saxlanmasına təhsil ocaqları da öz 
								töhfələrini veriblər. Məktəblilərə ekoloji 
								biliklərin aşılanması, onların ekoloji 
								tərbiyəsi, ekoloji yönümlü tədbirlərin 
								keçirilməsi ilboyu diqqət mərkəzində saxlanıb. 
								Bakıdakı 201 nömrəli orta məktəb bu baxımdan 
								xüsusilə fərqlənib. 
								
								
								Dekabrın 5-də məktəbdə "Gəlin dünyamızı qoruyaq" 
								mövzusunda ədəbi-bədii mərasim keçirildi. 
								
								
								Nizami Rayon İcra Hakimiyyətinin yaxından 
								dəstəyi ilə baş tutan və ekologiya mövzusunda il 
								ərzində keçirilmiş tədbirlərə bir növ yekun 
								vuran mərasimdə Azərbaycan Respublikasının 
								ekologiya və təbii sərvətlər naziri Hüseynqulu 
								Bağırov, Nizami Rayon İcra Hakimiyyətinin 
								başçısı Tahir Budaqov, millət vəkilləri Sədaqət 
								Vəliyeva, Rasim Musabəyov, Təhsil Nazirliyinin 
								şöbə müdiri Ağababa İbrahimov, rayonun digər 
								rəhbər işçiləri, Ailə, Qadın və Uşaq Problemləri 
								üzrə Dövlət Komitəsindən, Azərbaycan 
								Respublikası Dövlət Neft Şirkətindən qonaqlar, 
								qeyri-hökumət təşkilatlarının nümayəndələri, 
								məktəb direktorları, valideynlər iştirak 
								edirdilər. 
								
								
								Mərasim başlamazdan öncə qonaqlar məktəbin 
								foyesində ekologiya mövzusunda açılmış sərgi ilə 
								tanış oldular. Sərgidəki ayrı-ayrı stend və 
								guşələrdə şagirdlərin əl işləri və rəsm 
								əsərləri, hazırladıqları referatlar, albomlar 
								nümayiş olunurdu. 
								
								
								Məktəbin akt zalında keçirilən mərasimi direktor 
								Süsən Salmanova açaraq qonaqları salamladı, son 
								illər təhsil ocağında görülən işlər, əldə olunan 
								uğurlar haqqında onlara qısa məlumat verdi. 
								Direktor bildirdi ki, rəhbərlik etdiyi təhsil 
								müəssisəsində son illər ölkə Prezidentinin 
								Azərbaycan dilinin inkişafı, 2009-cu ilin 
								ölkəmizdə "Uşaq ili" elan olunması ilə bağlı 
								verdiyi sərəncamlardan irəli gələn vəzifələrin 
								icrası istiqamətində bir sıra silsilə tədbirlər 
								həyata keçirilmiş və onlar həmin tədbirlərin 
								iştirakçıları olmuş rayonun, Təhsil Nazirliyinin 
								rəhbər işçiləri, çoxsaylı qonaqlar, 
								mütəxəssislər tərəfindən yüksək 
								qiymətləndirilmişdir. 
								
								
								Keçirilən tədbirlərin əsas qayəsinin 
								məktəblilərin mənəvi, əxlaqi, vətənpərvərlik 
								tərbiyəsi, onların gələcəyə baxışlarını 
								istiqamətləndirmək, dünyagörüşlərini 
								genişləndirmək olduğunu deyən direktor həmin 
								tədbirlərin təşkilində böyük zəhməti olan, 
								onların ssenarisini yazan məktəbin dil-ədəbiyyat 
								müəllimi Simuzər Əhmədovanı qonaqlara təqdim 
								edib ona öz minnətdarlığını bildirdi. 
								 
								
								
								Sonra səhnə istedadlı məktəblilərin ixtiyarına 
								verildi. Bir şagirdin ifasında "Həyat sən 
								kiminsən" şeiri ilə başlanan tədbir xorun 
								oxuduğu "Azərbaycan" mahnısına keçid aldı. 
								Mahnıdan sonra aparıcılar səhnəyə çıxıb növbə 
								ilə ekologiyadan, onun harmoniyasını gözləməyin 
								zəruriliyindən, insanın təbiətdən qaydasız 
								istifadəsi nəticəsində dünyanı bürümüş ekoloji 
								böhrandan, Prezident İlham Əliyevin rəhbərliyi 
								altında ölkəmizdə ekoloji sağlamlaşdırma 
								sahəsində aparılan işlərdən, xüsusən də 
								"Ekologiya ili" çərçivəsində həyata keçirilən 
								tədbirlərdən söz açdılar. Onların çıxışları 
								ekologiya mövzusunda şeir, mahnı, səhnəciklərlə 
								növbələşdi. 
								
								
								Tədbirdən sonra çıxış edərək öz təəssüratlarını 
								bölüşən ekologiya və təbii sərvətlər naziri 
								Hüseynqulu Bağırov, Nizami Rayon İcra 
								Hakimiyyətinin başçısı Tahir Budaqov, Təhsil 
								Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov 
								məktəblilərin çıxışlarını yüksək 
								qiymətləndirdilər.   
								
								
								
								Yusif ƏLİYEV  |