| 
								 
								
								 Azərbaycan 
								Dillər Universitetinin İnformasiya Resurs 
								Kompleksində "Buta" müasir Azərbaycan, Türkiyə 
								və ABŞ qadın yazarlarının nəsr və poeziya 
								toplusunun təqdimat mərasimi keçirildi. Təqdimat 
								mərasimində "Sönməz məşəl" mədəni əlaqələr 
								ictimai birliyinin sədr əvəzi Rəşad Həsənov 
								bildirdi ki,  bu  toplunun  ərsəyə gəlməsində  
								birliyin  keçirdiyi  seminarların böyük rolu 
								olub. Toplu haqqında qısa məlumat verərək, 
								toplunun elektron versiyasının da oxucuların 
								ixtiyarına verildiyini bildirib.  
								
								
								Mərasimdə iştirak edən Azərbaycan Yazıçılar 
								Birliyinin katibi, "525-ci qəzet"in baş 
								redaktoru Rəşad Məcid toplunun əhəmiyyətindən 
								söz açdı. Qadın yazarlarının əsərlərinin bir 
								topluda çap edilməsini əlamətdar hadisə hesab  
								edən  R.Məcid  millətin,  xalqın  savadlı,  
								intellektual  olmasının  həm  də  bilavasitə  
								qadınlardan  asılı olduğunu söylədi.  
								
								
								Sonra toplunun redaktorları və layihənin 
								gerçəkləşməsində xidmətləri olan Şəhla Nağıyeva 
								və Elison Məndəvil ilə birbaşa İnternet-əlaqə 
								yaradıldı. Onlar gənc və perspektivli qadın 
								yazıçılarla birgə iş görməkdən məmnun 
								olduqlarını bildirdilər. Qeyd edildi ki, nəşr 
								olunan bu toplu ADU-nun, eyni zamanda digər ali 
								məktəblərin tərcümə və filologiya fakültələrində 
								əyani vəsait kimi istifadə olunacaq. 
								Azərbaycanın dünyaya tanıdılmasının, eləcə də 
								ədəbiyyat incilərinin ingilis və başqa xarici 
								dillərdə yayılmasının böyük hadisə olduğu və bu 
								baxımdan da belə kitabların böyük əhəmiyyət 
								daşıdığı xüsusi vurğulandı. Kitab haqqında fikir 
								və mülahizələr bildirildi. 
								
								
								
								Şakir DAYANDUROĞLU  |