| 
								 
								
								 Bakıdakı 
								236 nömrəli orta məktəbin VI sinfində  "Adi 
								kəsrlərin üzərində bütün əməllərə aid  
								məsələlərin həlli" mövzusunda "açıq dərs" 
								keçirildi. Fənn müəllimi Şəhla Əhmədova bildirdi 
								ki, adi kəsrlərin toplanması, çıxılması, 
								vurulması, bölünməsi, ədədi hissəsinin tapılması 
								şagirdlərin məntiqi, riyazi təfəkkürünü 
								dərinləşdirmək, yazı və nitqdə ümumi, eləcə də 
								riyazi mədəniyyət baxımından çox əhəmiyyətlidir.
								 
								
								
								Şagirdlərin davamiyyəti yoxlandıqdan sonra 
								motivasiya ilə "açıq dərs"ə start verildi. 
								Şagirdlərə lazım olan vəsaitlər paylandı. 
								Ümumiləşdirici təkrarı aparmaq üçün söz 
								assosiasiyasından istifadə olundu. Kəsrlərin 
								toplanması, çıxılması, vurulması, bölünməsi 
								terminləri yazılmış konvertdən biri şagirdlər 
								tərəfindən seçildi. Həmin termin lövhədə 
								yazılandan sonra 4-5 dəqiqə ərzində bu terminin 
								yaratdığı assosiasiya şagirdlər tərəfindən 
								söylənildi.  
								
								
								Sonra  lövhəyə 8 şagird dəvət olundu və onlar 
								iki qrupa bölündü.  Hər şagirdə üzərində ədəd 
								yazılmış tablo verildi. Şərtə görə, hər şagird 
								qrupda özünün tərs ədədini axtarmağa başladı. 
								Sonra yoldaşlarına seçimin doğru olduğunu izah 
								etməyə çalışdılar.  
								
								
								"Açıq dərs"in növbəti mərhələsində lövhəyə 
								ardıcıl olaraq 4 məsələ yazıldı. Şagirdlər 
								məsələləri həll edərkən stolun üstündəki 
								qırmızı, göy, yaşıl bayraqlardan  istifadə  
								etdilər. Hər məsələnin   həlli  lövhədə   
								yazıldı.  
								
								
								Sonra sinifdəki şagirdlər, hər qrupda 4 nəfər 
								olmaqla, 6 qrupa bölündü. Üzvlərin arzusu ilə 
								qrupların lideri seçildi. Hər qrupa üzərində 
								şəkil ("Əkin sahəsi", "Nənə və nəvənin söhbəti", 
								"Neft buruqları", "Dəhşətli günlər", "Azərbaycan 
								xəritəsi", "Qlobus", "Futbol meydançasında")  
								çəkilmiş vərəqlər təqdim edildi.   
								
								
								Qruplar üzrə şəkil əsasında məsələ tərtib 
								edildi. Məsələnin həlli üçün ayrılmış vaxt 
								bitəndən sonra şagirdlər tapşırığın həllini 
								yoldaşlarına izah etdilər. Hər qrupun işi digər 
								şagirdlər tərəfindən qiymətləndirildi və 
								məsələlərin  həllinin daha optimal variantı ilə 
								bağlı təkliflər söylənildi. Sonda dərsin 
								yekunlaşdırıcı mərhələsi oldu və izahlı şəkildə 
								evə tapşırıqlar verildi. Şagirdlərin "açıq 
								dərs"dəki fəaliyyəti hazırlanmış meyarlara 
								əsasən qiymətləndirildi.  
								
								
								"Açıq dərs"in sonunda şagirdlərinə məsələlərin 
								həllinə operativ münasibətindən razılıq edən 
								fənn müəllimi Şəhla Əhmədova bildirdi ki, 
								təhsilə göstərilən qayğı onların gələcəkdə 
								Azərbaycanın ləyaqətli vətəndaşı olmalarına 
								yönəlib. Ona görə də siz bütün dərslərinizə 
								beləcə diqqət və məsuliyyətlə yanaşmalısınız ki, 
								qarşıya qoyduğunuz hədəflərə asanlıqla çata 
								biləsiniz.  
								
								
								
								Vasif SÜLEYMAN, 
								foto Ziya ZAKİROĞLUNUNDUR   |