| 
								 
								
								Elmi araşdırmalar aparmaqla yanaşı, bədii 
								yaradıcılıq sahəsində də tanınıb özünü təsdiq 
								etmək çox az insana nəsib olan tale payıdır. 
								Azərbaycan elm və mədəniyyət tarixində bu 
								qəbildən olanlar sırasında Kamal Mehdi oğlu 
								Abdullayevin öz yeri var. 
								
								
								 1950-ci 
								ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmiş 
								K.Abdullayev tarixi ənənə və zəngin salnaməsi 
								olan 190 nömrəli orta məktəbi bitirib; 
								Azərbaycanın ilk universitetində - ADU-da 
								filologiya fakültəsində (1968-1973-cü illər) ali 
								təhsil alıb. SSRİ EA Dilçilik İnstitutunun Türk 
								dilləri şöbəsinin əyani aspiranturasında oxumuş 
								K.Abdullayev Moskvada (1977) "Sintaktik 
								paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının 
								dili üzrə) adlı namizədllik, 1984-cü ildə Bakıda 
								"Azərbaycan dili sintaksisinin nəzəri 
								problemləri" adlı doktorluq dissertasiyalarını 
								müdafiə  edib. 
								
								
								Bu illər ərzində Kamal Abdullayev Nəsimi adına 
								Dilçilik İnstitutunda kiçik elmi işçi, baş elmi 
								işçi, şöbə müdiri, Azərbaycan Xarici Dillər 
								İnstitutunda Ümumi və Azərbaycan dilçiliyi 
								kafedrasının müdiri vəzifələrində çalışıb. 
								
								
								Professor Kamal Abdullayevin elmi maraq dairəsi 
								genişdir. "Problemı sintaksisa prostoqo 
								predlojeniya v azerbaydjanskom yazıke" (Bakı, 
								Elm, 1983), "Azərbaycan dili sintaksisinin 
								nəzəri problemləri" (Bakı, Maarif, 1999), 
								"Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar 
								üçün dilçilik" (Bakı, "Mütərcim", 2010), 
								"Azərbaycanca danışaq" (Paris, 2008, Buxarest, 
								2010) kitabları onun dilşünaslıq baxımından elmi 
								maraq dairəsini əks etdirir. 
								
								
								Azərbaycan MEA-nın müxbir üzvü K.Abdullayev 
								dünya ədəbiyyatının problemləri ilə maraqlanır, 
								qədim dövr söz sənətinin tədqiqi ilə məşğul 
								olub, müasir ədəbi prosesin görünməyən 
								tərəflərini öyrənib. Bu məsələləri əks etdirən 
								əsərləri-ədəbiyyatşünaslıq və tənqidə aid 
								kitabları aşağıdakılardır: "Müəllif-əsər-oxucu" 
								(Bakı, Yazıçı, 1985), "Əvvəl-axır yazılanlar" 
								(Bakı, Yazıçı, 1990), "Yolun əvvəli və axırı" 
								(Bakı, Azərnəşr, 1993), "300 azərbaycanlı" 
								(Bakı, "Mütərcim", 2007). 
								
								
								Elmi araşdırmalarının bir hissəsi türkologiya 
								məsələlərinə həsr olunmuş filoloq alimin daim 
								diqqət yetirdiyi tədqiqat obyektlərindən biri 
								xalqın Ana kitabı adlandırılan "Dədə Qorqud 
								kitabı"dır. "Gizli Dədə Qorqud" (1991), "Sirr 
								içində dastan və yaxud Gizli Dədə Qorqud-2" 
								(1999), "Mifdən Yazıya - Gizli Dədə Qorqud" adlı 
								əsərlər Qorqudşünaslığa dair dəyərli 
								araşdırmalardandır. Professor Kamal Abdullayevin 
								"Gizli Dede Korkut" kitabı 1995-ci ildə 
								Bursada,  elə həmin il həm də İstanbulda türkcə 
								çap olunmuşdur. 
								
								
								Kamal müəllimin geniş elmi ictimaiyyət 
								tərəfindən maraqla qarşılanmış əsərlərindən biri 
								akademik Azad Mirzəcanzadə ilə birlikdə 2003-cü 
								ildə nəşr etdirdikləri "Leksiya v Bakinskom 
								slavyanskom universitete" kitabı (Baku, 
								Mutardjim)  ədəbiyyat və poetika problemlərinə 
								aid dəyərli əsərdir. 
								
								
								Kamal Abdullayev bədii yaradıcılığı elmi 
								araşdırmaları ilə növbələşdirib əlaqələndirən 
								qüdrətli təxəyyül sahibidir. O, Azərbaycanda və 
								xarici ölkələrdə hekayə, roman və pyeslər, 
								esselər, şeirlər müəllifi kimi tanınır. 
								
								
								"Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", 
								"Unutmağa kimsə yox..." romanları, 7 pyesi, 
								"Qəribədi, deyilmi?" şeirlər toplusu, "Ruh" 
								(1997), "Casus" (2004) və s. kitabları 
								ölkəmizdə, Türkiyə, Rusiya, Fransa və Polşada 
								Azərbaycan, türk, rus, polyak, fransız 
								dillərində nəşr olunub. 
								
								
								Bunlara onu da əlavə edək ki, professor 
								K.Abdullayev həm də bədii tərcümə ilə məşğul 
								olur. 2001-ci ildə "Mütərcim" nəşriyyatının 
								buraxdığı "Gümüş dövrün  sirləri" tərcümələr 
								toplusu oxucular tərəfindən rəğbətlə qarşılanıb. 
								
								
								2000-ci ildən ulu öndər Heydər Əliyevin 
								sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan 
								Universitetinin rektoru təyin edilmiş görkəmli 
								alim həm də BSU-nun "Tərcümə problemləri" 
								elmi-tədqiqat laboratoriyasının rəhbəridir. 
								Universitetin Elmi Əsərlərinin "Dil-ədəbiyyat" 
								seriyasının baş redaktoru, D 02.071 indeksli 
								elmi şuranın sədri, "Filoloqun kitabxanası-100", 
								"Türkologiya", "Azərbaycanşünaslıq", "Dünya 
								nəşri" seriyalarının müəllifi və icraçısı olan 
								professor K.Abdullayev həm də ictimai xadim kimi 
								geniş fəaliyyət göstərir. Belə ki, professor 
								K.Abdullayev Azərbaycan Yaradıcılıq Fondunun 
								(keçmiş Azərbaycan Mədəniyyət Fondunun) 
								sədridir, Azərbaycan Yazıçılar Birliyinin İdarə 
								Heyətinin, Teatr Xadimləri Cəmiyyətinin, 
								Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 
								üzvü, Respublika Badminton Federasiyasının 
								prezidentidir. 
								
								
								Türk Dil qurumunun fəxri üzvü seçilmiş 
								K.Abdullayev Ukrayna Beynəlxalq Kadr 
								Akademiyasının akademiki, Moskva Şəhər Pedaqoji 
								Universitetinin fəxri doktorudur. 2007-ci ildə 
								Rusiya Prezidenti V.V.Putin tərəfindən Puşkin 
								medalı ilə təltif olunub. Alim haqqında kitablar 
								çap olunub. 
								
								
								Azərbaycan alimi, yazıçısı, ictimai xadimi, 
								filologiya elmləri doktoru, əməkdar elm xadimi, 
								AMEA-nın müxbir üzvü, BSU-nun rektoru 
								K.Abdullayev bu il Dədə Qorqud Milli Fondunun 
								"Dədə Qorqud Milli Mükafatı", "Azərbaycan 
								dünyası" beynəlxalq jurnalının "Vətən övladı" 
								qızıl medalı ilə təltif olunub. 
								
								
								Bu günlərdə "Elm" nəşriyyatı professor 
								K.Abdullayevin anadan olmasının 60 illiyi ilə 
								bağlı "Kamal Mehdi oğlu Abdullayev" adlı 
								biblioqrafiya buraxıb. 
								
								
								Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət 
								Heyətinin qərarı ilə çap olunmuş 
								biblioqrafiyanın redaktoru akademik Ağamusa 
								Axundov, tərtibçilər Şükufə Ağakişiyeva, Anna 
								Malaxovadır. 
								
								
								136 səhifəlik kitabda görkəmli alimin həyat 
								yolunu, elmi və bədii yaradıcılıq uğurlarını əks 
								etdirən məlumat Azərbaycan, rus və ingilis 
								dillərində verilib. 
								
								
								Sonrakı səhifələrdə 1973-cü ildən başlayaraq 
								2010-cu ilə qədər zaman kəsimində görkəmli alim 
								və yazıçının, ictimai xadimin, ali məktəb 
								rektorunun həyatının biblioqrafiyası illər üzrə 
								qələmə alınıb. 
								
								
								Vətənə, xalqa, milli təhsilə, zəngin ədəbiyyat 
								tarixinə bağlı alimin, söz sənəti nümunələri ilə 
								oxucu auditoriyası qazanmış yazıçının 60 
								illiyinə həsr olunmuş biblioqrafiya elm və 
								mədəniyyət tariximizi öyrənib tədqiq edənlər 
								üçün lazımlı və faydalı mənbədir.  
								
								
								
								Ş.MƏMMƏDOV  |