| 
								 
								
								Azərbaycanın birinci xanımı, YUNESKO-nun və 
								İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev 
								Fondunun prezidenti Mehriban Əliyevanın adını 
								daşıyan eksperimental dillər məktəbi tədrisin 
								keyfiyyətinə görə Misirin aparıcı təhsil 
								ocaqlarından biri hesab olunur. Fəaliyyətə 
								başlamasının bir ili tamam olan məktəb qısa 
								vaxtda bölgənin aparıcı təhsil ocağına 
								çevrilmişdir.  
								
								
								Misirin Əl-Obur şəhərində yerləşən məktəbdə 1600 
								şagird təhsil alır. Onlara 80-dən artıq müəllim 
								dərs deyir. Azərbaycan hökumətinin, Heydər 
								Əliyev Fondunun birbaşa himayəsi və dəstəyi ilə 
								məktəbdə xarici dillərin tədrisi yüksək 
								səviyyədə həyata keçirildiyindən artıq ölkənin 
								digər bölgələrindən də şagirdlər Mehriban 
								Əliyeva adına eksperimental məktəbə üz tuturlar. 
								Məktəbin texniki avadanlıq və dərs vəsaitləri 
								ilə təchizatında da Azərbaycan tərəfi xüsusi rol 
								oynayır. Bu yaxınlarda təhsil ocağına 10 dəst 
								kompüter və 100-ə yaxın kitab hədiyyə 
								edilmişdir. Bu xeyirxah missiya misirli 
								məktəblilərdə Azərbaycana dərin sevgi hissi 
								aşılayır.  
								
								
								Məktəbdə Azərbaycanın birinci xanımı Mehriban 
								Əliyevanın fəaliyyəti, Heydər Əliyev Fondunun 
								həyata keçirdiyi layihələrdən bəhs edən 
								fotostend qurulmuşdur. Ayrı-ayrı fotolarda 
								Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı 
								Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və 
								qayğısı əksini tapmışdır. Azərbaycanın birinci 
								xanımının adını daşıyan bu təhsil ocağını 
								Misirdə ölkələrimiz arasında möhkəm dostluq 
								körpüsü adlandırırlar.  
								
								
								Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev 
								bir yaşını qeyd edən məktəbdə olmuşdur. Təhsil 
								ocağında həyata keçirilməsi nəzərdə tutulan 
								yeniliklərlə bağlı müzakirələr aparılmışdır. 
								Səfir Ş.Abdullayev Azərbaycan hökumətinin 
								məktəbə dəstəyinin bundan sonra da davam 
								edəcəyini vurğulamışdır.  
								
								
								
								AzərTAc  |