| 
								 
								
								Bildiyimiz kimi, Azərbaycan Respublikası 
								Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 
								nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi 
								istedada malik olan uşaqların (gənclərin) 
								yaradıcılıq potensialının inkişafı üzrə Dövlət 
								Proqramı (2006-2010-cu illər)" xüsusi əhəmiyyətə 
								malik tarixi bir sənəddir. 
								
								İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan bu 
								proqram ümumtəhsil məktəblərimizdəki istedad və 
								qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli 
								təhsil almalarına, şəxsiyyət kimi 
								formalaşmalarına, düzgün peşə seçmələrinə şərait 
								yaradır.  Xüsusi qabiliyyətli uşaqlarla işin 
								reallaşdırılması mexanizminin yaradılmasında 
								əsasən aşağıdakılar nəzərə alınmalıdır: xüsusi 
								qabiliyyətli uşaqların axtarışı; uşaqların 
								yaradıcılıq tələbatlarının təminatının təşkili; 
								şagirdlərin öz qabiliyyətlərini reallaşdırması; 
								diaqnostika; müəllim; təlimin texniki 
								vasitələri; ailə;  ekoloji mərkəz; ümumi 
								akademik müvəffəqiyyət; şagirdin xüsusi maraq və 
								meyillərinin aşkar edilməsi; müsabiqələr; 
								olimpiadalar; akademik 
								nailiyyətlər.                  
								
								
								Xüsusi qabiliyyətli uşaqların xarakteristikaları 
								aşağıdakılardır: 
								
								
								Düşünmək və yaratmaq qabiliyyəti hər bir insanın 
								yaradılarkən aldığı ən qiymətli nemətdir. 
								Bioloq-alimlər təsdiq edirlər ki, hər bir uşaq 
								təbiətin təkrarolunmaz yeni eksperimentidir. 
								Xüsusi qabiliyyətin hər bir fərddə özünəməxsus 
								şəkildə təzahür etməsinə baxmayaraq, elə 
								xüsusiyyətlər var ki, onlar bu və ya digər 
								dərəcədə bütün istedadlı uşaqlarda, insanlarda 
								mütləq olur. Xüsusi qabiliyyətin əsas əlaməti 
								təxəyyül sferasına aiddir. 
								
								
								Təfəkkür zirvəsinə aparan yolu aşağıdakı 3 
								pilləyə ayırmaq olar: 
								
								
								·         
								
								
								Həvəskarlıq, yeniliyə həvəs, intellektual 
								stimulyasiya. Bunlar bütün sağlam  uşaqlara 
								xasdır. 
								
								
								·         
								
								
								İntellektual aktivlik. Onun üçün təkcə əqli 
								qabiliyyətlər kifayət etmir, həm də hisslər, 
								motivlər olmalıdır. Uşaqların əksər hissəsində  
								həvəskarlıq intellektual aktivliyədək inkişaf 
								etmir, onların ətraf aləmə marağı yalnız 
								situativ, dayanıqsız xarakter daşıyır. 
								
								
								·         
								
								
								Ən sonuncu, bəzi uşaqlar, əsasən də xüsusi 
								qabiliyyəti olanlar ətraf mühitin tədqiqinə, 
								biliyin qazanılmasına həvəskar olurlar. Belə 
								uşaqlar  öz dünyagörüşünü artırmaq  üçün bütün 
								qüvvəsini sərf etməyə hazır olur, tədqiqatlarda 
								məhdudluğa yol vermir, istənilən yolla, 
								oxumaqla, müşahidə etməklə, eksperiment 
								aparmaqla onun üçün maraqlı problemə aid daha 
								çox məlumat toplamağa çalışır. Bu xarakterik 
								xüsusiyyət kifayət qədər kiçik yaşlardan özünü 
								göstərsə də, bütün yaş mərhələlərində o, 
								istedadlı insanların əsas xarakteridir. 
								
								
								Həqiqi yaradıcı insanın ən vacib 
								keyfiyyətlərindən biri də onun problemə yüksək 
								həssaslığı, digərləri üçün sanki aydın olanları 
								tam görmək qabiliyyətidir. Problemə yüksək 
								həssaslıq təlimin xarakteri ilə əlaqədardır. 
								Sərbəst tədqiqat işlərinə istiqamətləndirilmiş 
								təlim bu qabiliyyəti inkişaf etdirir. Xüsusi 
								qabiliyyəti olan insanlar elə uşaqlıqdan 
								divergent məsələlərə, başqa sözlə tipik, formal 
								məsələlərə deyil, yaradıcı, problemli, bir neçə 
								cavabı olan müxtəlif məsələlərə maraq 
								göstərirlər. Divergent məsələlər üçün müxtəlif 
								situasiyalı məsələlər, o cümlədən aktiv 
								yaradıcılığı stimullaşdıran qeyri-müəyyənlik 
								dərəcəsi yüksək olan məsələlər  xarakterikdir. 
								
								
								Yeni, orijinal ideya irəli sürmək, geniş məlum 
								olan, mənasız ideyalardan fərqlənən ideya ortaya 
								qoymaq orijinal düşünmə adlanır. Orijinallıq və 
								yaxud onun olmaması bütün fəaliyyət növlərində, 
								oyun və şəkillərdə, həmyaşıd və yaşlılarla 
								münasibətdə və davranışda təzahür edir. 
								
								
								Yaradıcılığın əsası - təfəkkürdə tamlıq, başqa 
								sözlə, fəaliyyətin yeni strategiyasının tez və 
								asan tapılması, assosiativ əlaqənin qurulması, 
								bir sinif hadısədən məzmunca ondan  çox uzaq 
								olan digər qrup hadisələrə keçmək bacarığıdır.
								 
								
								
								Xüsusi qabiliyyətin başqa bir tərəfi çoxlu sayda 
								yeni ideyaların verilməsi, yəni təfəkkürün 
								məhsuldarlığıdır. İdeya çox olduqca, müqayisə, 
								inkişaf, dərinləşdirmə üçün optimal seçim imkanı 
								da  böyük olur. 
								
								
								Yaradıcılıq məlum baxışlar, əlaqə və 
								münasibətlərdən gizli olanları görmək 
								qabiliyyətidir, əvvəllər heç kimin baxmadığı 
								analoji halları tapıb üzə çıxarmaqdır. 
								
								
								İstedadlı insanlara  diqqətin yüksək 
								konsentrasiyası qabiliyyəti xasdır. Bu, 
								istənilən şəraitdə, hətta  ciddi maneə olduqda 
								belə işləmək, tam məsələnin həllinə aludə 
								olmaqla xarakterizə olunur. 
								
								
								Xüsusi qabiliyyətli insanlara xas olan əsas 
								keyfiyyətlərdən biri də mütəxəssislərin qeyd 
								etdiyi kimi əla yaddaşdır. 
								
								
								Alimlər xüsusi qabiliyyətin bir xassəsini də  
								qiymətləndirmə qabiliyyətində görürlər. Bu, 
								tənqidi təfəkkürün  inkişafı, özünün və 
								digərlərinin fəaliyyətinin qiymətini dəqiq 
								müəyyənləşdirmək bacarığıdır. Digər bir xassə 
								maraq dairəsinin genişliyidir. 
								
								
								Xüsusi qabiliyyətli insanların yaradıcılıq 
								fəaliyyətinin bu xüsusiyyətlərindən başqa, həm 
								də onların şəxsi xarakterləri və ətraf mühitlə 
								qarşılıqlı münasibətlərinin üsulları 
								fərqlidir.    Məsələn, onlar hər işi ən yaxşı 
								tərzdə yerinə yetirir və ən az əhəmiyyətli 
								detallara belə əhəmiyyət verirlər. 
								
								
								Xüsusi qabiliyyətin əsas əlamətlərindən biri də 
								avtonomluq, yəni ətrafdakıların fikrindən asılı 
								olmamaqdır. Elə olur ki, bu əlamət həmin uşağın 
								ətrafdakılarla münasibətlərində çətinliklər 
								yaradır. Müəllimlər, valideynlər, həmyaşıdları 
								onların sərbəst mövqeyinə dözmürlər. Adətən 
								onları həm də ənənəvi təlim üsulları qane 
								etmədiyindən sözəbaxan olmurlar. Bu uşaqlar çox 
								zaman nəinki əlaçı, heç yaxşı oxuyan  da 
								olmurlar. Ənənəvi stildə məşğələlər, müəllimdən 
								sadə yolla alınan məlumatlar onlar üçün 
								maraqsızdır. Nəticədə çox hallarda müəllimlə 
								gizli, yaxud aşkar şəkildə konfliktlər baş 
								verir. 
								
								
								Xüsusi qabiliyyətli uşaqları aşağıdakı qruplar 
								üzrə təsnifləşdirmək olar:  
								
								
								1. Yüksək intellektli uşaqlar.  
								
								
								2. Yüksək səviyyəli yaradıcılıq qabiliyyətli 
								uşaqlar.  
								
								
								3. Müəyyən sahə üzrə nailiyyətlər qazanan 
								uşaqlar.  
								
								
								4. Yaxşı oxuyan uşaqlar. 
								
								
								Belə klassifikasiya uşaqlarla işi 
								planlaşdırarkən istifadə etmək üçün məlumat 
								bankı yaratmağa imkan verir. 
								
								
								Xüsusi qabiliyyətli uşaqlarla işin əsas 
								mərhələləri aşağıdakılardır: 
								
								
								1. Uşaqların yaş və psixoloji xüsusiyyətləri 
								haqqında materialların toplanması, təhlili və 
								sintezi. 
								
								
								2.Toplanmış materiallar əsasında bir neçə yaş 
								qruplarını ayırmaq və onların yaradıcılıq 
								qabiliyyətinin inkişafı istiqamətlərini 
								müəyyənləşdirmək. 
								
								
								3. Xüsusi qabiliyyətli uşaqlarla işin forma və 
								metodlarını daim təkmilləşdirmək. 
								
								
								4. Xüsusi qabiliyyətli uşaqlar haqqında 
								informasiya yerləşən məlumat bankını yaratmaq. 
								
								
								Hazırda xüsusi qabiliyyət anlayışının dəqiq 
								tərifi yoxdur. Onun müəyyənləşdirilməsinin bir 
								çətinliyi də ondadır ki, çox vaxt xüsusi 
								qabiliyyət və istedad terminləri eyniləşdirilir 
								və ya onlara sinonim kimi baxılır. 1973-cü ildə 
								ABŞ təhsil komitəsi xüsusi qabiliyyətin tərifini 
								belə vermişdir. "Xüsusi qabiliyyətli və 
								istedadlı uşaq o uşaqlara demək olar ki, 
								təcrübəli mütəxəssislərin qiymətləndirilməsinə 
								görə bir və ya bir neçə fəaliyyət sahəsində - 
								intellektual, akademik, yaradıcı, ünsiyyət və 
								liderlik, incəsənət və idmanda yüksək fəaliyyət 
								nümayiş etdirsin". Beləliklə, xüsusi 
								qabiliyyətin tərifində inkişaf və yaradıcılıq 
								qabiliyyəti üstün rol oynayır. Xüsusi 
								qabiliyyətli uşaqların əsas fərqləndirici 
								xüsusiyyəti ondadır ki, onların düşünmə tərzi 
								heç kimə oxşar olmayan, qeyri-standart və 
								orijinal olur.  Xüsusi qabiliyyətli uşaqlar, bir 
								qayda olaraq, güclü yumor hissi ilə fərqlənir və 
								geniş müşahidə qabiliyyətinə malik olurlar. 
								Onların digər bir xarakteri maraq sahəsinə aid 
								olan məsələlərdə həddindən artıq inadkar 
								olmalarıdır. Xüsusi qabiliyyətli uşaqların aşkar 
								edilməsi məktəb həyatının ən vacib 
								proseslərindən biridir. Xüsusi qabiliyyət 
								şəxsiyyətin dəyişilməz keyfiyyəti olmadığından 
								onun ilkin diaqnostikası etibarlı sayıla bilməz. 
								Uşağın xüsusi qabiliyyəti onun inkişafının daha 
								sonrakı mərhələlərində də aşkar oluna bilər. 
								Buradan aydındır ki, diaqnostika proseduru bütün 
								şagird kontingentini əhatə etməli, 
								müəyyənləşdirilmiş dövrdə aparılmalı, hər bir 
								uşaq üçün tədris proqramında korrektəyə əsas 
								olmalıdır. Xüsusi qabiliyyətli uşaqların 
								yaradıcılıq potensialının inkişafı xüsusi 
								yaradıcı proqram və tədris materiallarının 
								işlənib hazırlanmasını və reallaşdırılmasını 
								tələb edir. Xüsusi qabiliyyətlilərin təliminə 
								tipik yanaşma məktəb tədris proqramının sürətlə 
								və dərindən öyrənilməsinin təşkilidir. Standart 
								proqramlarda müxtəlif mövzulara daha çətin və 
								əlavə materiallar daxil edilir. Lakin çətinlik 
								səviyyəsini yüksəltmək və materialların sayını 
								artırmaq şagirdlərin xüsusi qabiliyyətlərinin 
								inkişafına optimal şərait yaratmır. Adi məktəb 
								proqramlarında demək olar ki, yaradıcı məsələlər 
								yoxdur. Yaradıcılığa tələbat xüsusi qabiliyyətin 
								reallaşdırılması üçün həm də intellektual 
								səviyyənin yüksəldilməsini tələb edir. Hazırda 
								xüsusi qabiliyyətli uşaqların yaradıcılığı, 
								ünsiyyət bacarığı, liderliyin formalaşdırılması 
								və digər şəxsi keyfiyyətlərinin inkişafı üçün 
								xüsusi təlim proqramları hazırlanmalıdır.  
								Xüsusi qabiliyyətli uşaqlarla iş zamanı təlimin 
								dialoq formasından istifadə etmək 
								məqsədəuyğundur. Təlim prosesində indiyədək 
								tətbiq olunan ünsiyyət forması (müəllim soruşur, 
								şagird cavab verir) məsələnin qoyuluşunda 
								şagirdin aktivliyini məhdudlaşdırır. 
								
								
								Psixoloqlar uşaqların qabiliyyətlərinin əsas 
								inkişaf tələbatlarını stimullaşdırmağın optimal 
								şəraiti kimi tədris prosesinin  aşağıdakı 
								xarakteristikalarını  qeyd edirlər:  
								
								
								·         
								
								
								Uşağın özünü yüksək qiymətləndirməsi, başqa 
								sözlə, onda öz qüvvəsinə kifayət qədər inam 
								yaradılması. 
								
								
								·         
								
								
								Dərsdə və ailədə müvafiq psixoloji iqlim 
								yaradılması. Öyrənməyə tələbat, biliyə sevgi 
								münasibəti şəraitində inkişaf edə bilər. 
								
								
								Son zamanlar fərdi tədris planları haqqında çox 
								danışılır. Öz maraqları dairəsində  sərbəst 
								məşğul olmaq üçün, adətən, xüsusi qabiliyyətli 
								uşaqların asudə vaxtları  çox qalır. Fərdi 
								tədris planı xüsusi qabiliyyətli uşaqların 
								ayrı-ayrı fənləri  həm kiçik həcmdə, həm də az  
								nəticə ilə öyrənməyə, qüvvəni əsas fənlərə 
								saxlamağa imkan verir. 
								
								
								Praktik olaraq bütün tədqiqatçılar bu nəticəyə 
								gəlmişlər ki,  xüsusi qabiliyyətli uşaqlarla 
								işləmək üçün  onların tələbatlarına cavab verə 
								bilən xüsusi təlim keçmiş pedaqoqlar lazımdır. 
								Bəs, xüsusi qabiliyyətli uşaqlar və onların 
								valideynləri ilə işləyəcək pedaqoqlarda hansı 
								professional keyfiyyətlər olmalıdır? 
								
								
								Müxtəlif fəaliyyət sahələri üzrə uşağın xüsusi 
								qabiliyyətinin əlamətlərini sezə bilmək 
								bacarığı. Buraya: 
								
								
								1. Təlimi diaqnostikanın nəticələrinə uyğun 
								qurmaq bacarığı. 
								
								
								2. Öz fəaliyyətini valideynlərin fəaliyyəti ilə 
								koordinasiya etmək bacarığı. 
								
								
								3. Valideynlərlə və şagirdlərlə məsləhətləşmək 
								bacarığı. 
								
								
								4. Professional yetişkənlik.  
								
								
								5. Xüsusi qabiliyyətli uşaqlarla işləmək üçün 
								nəzəri və praktiki hazırlıq. 
								
								
								6. Emosional stabillik.  
								
								
								7. Özünü təhlil etmək bacarığı.  
								
								
								8. Dəqiqlik, səmimilik, yumor hissinin olması.
								 
								
								
								9. Xüsusi qabiliyyətli uşaqların inkişafı və 
								təlimi üzrə konseptual modellərlə tanışlığı 
								daxildir.  
								
								
								Müəllimin xüsusi qabiliyyətli uşaqlarla işi 
								mürəkkəb və davamlı prosesdir. Bu hər şeydən 
								əvvəl, müəllim və məktəb rəhbərliyindən  onların 
								psixologiyası və təlimi sahəsində yaxşı bilik, 
								digər müəllimlərlə, valideynlərlə, psixoloqlarla 
								daimi əməkdaşlıq tələb edir. O, həm də daim 
								müəllimdən öz ustalığını inkişaf etdirməyi tələb 
								edir.   
								
								
								
								Xüsusi qabiliyyətli uşaqlarla fərdi iş 
								
								
								Xüsusi qabiliyyətli uşaqlarla təmas, ünsiyyət 
								pedaqoqdan professionallıq, yaradıcılıq, yüksək 
								məntiqi düşüncə tələb edir. 
								
								
								Hər sinifdə belə şagirdlərin aşkar edilməsinin 
								müxtəlif sayda üsulları var. Məsələn, müsahibə, 
								dərslərdə diaqnostika, yeniliyin necə qəbul 
								edilməsi səviyyəsinin testin köməyilə 
								yoxlanılması, çətinliyi artırılmış fərdi 
								məsələlərlə iş və s. 
								
								
								İstedadlı uşaqlarla iş dərslərdə onlara daha 
								qayğı ilə yanaşmaqla dərnəklərdə, fərdi qrup 
								işlərində, eləcə də dərsdənkənar vaxtlarda 
								konsultasiya şəklində davam etdirilməlidir. 
								
								
								Sinifdə müxtəlif inkişaf səviyyəli uşaqlarla işi 
								güclü uşaqlarla  əlaqələndirmək, güclülərə 
								sərbəst yaradıcı işlərə aid olan tapşırıqlar 
								verilməlidir. Hər bir dərsdə  qeyri-standart 
								düşünmə tərzi tələb edən tapşırıqlar yazılmış 
								kartoçkalar hazırlanmalıdır. Ədəbiyyat 
								dərslərində mövzunu sərbəst seçməklə müxtəlif 
								inşa variantlarını tətbiq etmək olar. 
								
								
								Xüsusi qabiliyyətli uşaqlarla   əlverişli təlim 
								şəraitini hər dərsdə yaratmağa  çalışmaq 
								lazımdır. Ədəbiyyatın dərindən öyrədilməsi  
								müxtəlif ədəbi janrlar, süjet,  kompozisiya, 
								müəllifin stili və sair kimi anlayışların 
								sərbəst öyrənilməsi gələcəkdə  mətnin ədəbi 
								təhlilinə hazırlığa  kömək edir. Şagirdlər 
								özləri mühazirə hazırlayır, ayrı-ayrı mövzularda 
								sərbəst çıxış edirlər. 
								
								
								Xüsusi qabiliyyətli  uşaqları  yaradıcılıq 
								prosesinə cəlb etmək məqsədilə  problemli 
								situasiya yaratmaq, problemin həlli yollarını 
								axtarmaq üçün maraq oyatmaq, qeyri-standart 
								situasiyalar yaratmaq, öz əqli təhlillərini 
								vermək lazımdır. Bu isə  artıq yaradıcı 
								təfəkkürü inkişaf etdirən yaradıcılıq 
								prosesidir. 
								
								
								
								Məqsədlər. 
								
								
								1. Xüsusi qabiliyyətli uşaqların aşkar edilməsi. 
								
								
								2. Optimal inkişafa şərait yaratmaq. 
								
								
								
								Məsələlər. 
								
								
								1. Müxtəlif fəaliyyət sahələrində yüksək 
								nəticələr göstərən və müəyyən sahələrə meyili 
								olan uşaqların aşkar edilməsi üçün dərsdənkənar 
								təlim fəaliyyəti və dərslərdə məqsədyönlü  
								müşahidələrin aparılması. 
								
								
								2. Xüsusi qabiliyyətin  varlığını 
								müəyyənləşdirməyə imkan verən  materialların 
								seçilməsi və testlərin aparılması. 
								
								
								3. Təlim sistemindən sərbəst düşüncəni, təşəbbüs 
								və yaradıcılığı inkişaf etdirən metod, forma və 
								üsulların seçilməsi. 
								
								
								4. Xüsusi qabiliyyəti artıq aşkar edilmiş 
								şagirdlər üçün fərdi təlim proqramının işlənilib 
								hazırlanması. 
								
								
								Xüsusi qabiliyyətli uşaqlarla  iş üç istiqamətdə 
								aparılır. 
								
								
								1. Şagirdlərlə: 
								
								
								·         
								
								
								Konfrans,  
								
								
								·         
								
								
								Olimpiada, viktorina, müsabiqələr,  
								
								
								·         
								
								
								Fənn üzrə məsləhətlər, 
								
								
								·         
								
								
								Fərdi proqramla iş. 
								
								
								2. Pedaqoqlarla: 
								
								
								·         
								
								
								Yaradıcı qrup, 
								
								
								·         
								
								
								Pedaqoji mühazirə, 
								
								
								·         
								
								
								Direktor müavinlərinin yanında iclaslarla iş. 
								
								
								3. Valideynlərlə: 
								
								
								·         
								
								
								Valideyn iclası, 
								
								
								·         
								
								
								Anketləşdirmə, 
								
								
								·         
								
								
								Tövsiyələrin seçilməsi, 
								
								
								·         
								
								
								Fərdi söhbət vasitəsilə iş.  
								
								
								Xüsusi qabiliyyətli uşaqlarla  işin forma və 
								metodları 
								
								
								Ən mühüm problem xüsusi qabiliyyətin saxlanması 
								və inkişafıdır. Bizim qarşımızda duran əsas 
								problem hər bir şəxsiyyətin inkişafına kömək 
								etməkdir. Ona görə də uşaqlarda 
								qabiliyyətlərinin səviyyəsini və onun 
								müxtəlifliyini müəyyənləşdirmək vacibdir, lakin 
								ondan da vacibi bu qabiliyyətlərin düzgün 
								inkişafını  həyata keçirməkdir. Xüsusi 
								qabiliyyətli uşaqlarda tədqiqatçılıq və 
								axtarıcılıq qabiliyyəti dəqiq müşahidə olunur. 
								Bu isə onları  təlim prosesində  yaradıcı 
								işlərlə yükləməyə, aktiv əqli fəaliyyət tələb 
								edən işlərlə təmin etməyə imkan verən şərtlərdən 
								biridir. 
								
								
								Tədris prosesində xüsusi qabiliyyətli uşaqların 
								inkişafına onun daxili potensialının inkişafı 
								kimi, yaradıcı, özü yaradan aktiv yaradıcı, 
								sərbəst seçmək  qabiliyyətlinin, müəllif olmaq 
								qabiliyyətinin inkişafı kimi baxmaq lazımdır. 
								
								
								Ona görə də xüsusi qabiliyyətli uşaqlarla işin 
								forma və metodları qeyd edilən bu məsələlərin 
								həllinə yardım etməlidir. 
								
								
								İş metodları: 
								
								
								1. Tədqiqatçılıq. 
								
								
								2. Hissə-hissə axtarıcılıq. 
								
								
								3. Problemli. 
								
								
								İş formaları:       
								
								
								1. Sinif-dərs, müxtəlif səviyyəli tapşırıqlar, 
								yaradıcı məsələlər. 
								
								
								2. Üzə çıxan problemlər üzrə məsləhətləşmə. 
								
								
								3. Dərnəklər. 
								
								
								4. Diskussiyalar. 
								
								
								5. Oyunlar. 
								
								
								İş planı  
								
									
										|   | 
										
										
											
												| 
												 
												
												Sıra No-si  | 
												
												
												VII sinif şagirdi Əhmədova 
												Aydanın şəxsi keyfiyyətləri | 
												
												
												Qiymətlər | 
											 
											
												| 
												
												1. | 
												
												
												Biliyə məhəbbət | 
												
												
												5 | 
											 
											
												| 
												
												2. | 
												
												
												Problemə yüksək həssaslılıq | 
												
												
												5 | 
											 
											
												| 
												
												3. | 
												
												
												Proqnozlaşdırma qabliyyəti | 
												
												
												4 | 
											 
											
												| 
												
												4. | 
												
												
												Lüğət ehtiyatı | 
												
												
												4 | 
											 
											
												| 
												
												5. | 
												
												
												Qiymətləndirmə bacarığı | 
												
												
												5 | 
											 
											
												| 
												
												6. | 
												
												
												Yaradıcılığı | 
												
												
												4 | 
											 
											
												| 
												
												7. | 
												
												
												Müzakirə etmək, məntiqi düşünmək | 
												
												
												5 | 
											 
											
												| 
												
												8. | 
												
												
												Qabliyyəti | 
												
												
												5 | 
											 
											
												| 
												
												9. | 
												
												
												İnadkarlığı | 
												
												
												5 | 
											 
											
												| 
												
												10. | 
												
												
												Öz fəaliyyətinin nəticələrinə 
												tələbkarlığı | 
												
												
												5 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								
								Bu verilənlər isə müəllim üçün sonrakı işlərin 
								hansı istiqamətdə aparılmasını əyani olaraq belə 
								göstərir: 
								
								
								1. Xüsusi qabiliyyətin inkişafı üzərində o 
								vaxtadək işləməli ki, nəticə real olsun, onun 
								davamlılığı, haqqında artıq tam fikir yürütmək 
								mümkün olsun. 
								
								
								2. Yazmaq, özündən müəyyən inşa hazırlamaq üçün 
								böyük lüğət ehtiyatına malik olmaq lazımdır. Bu 
								isə uşağın əqli qabiliyyətinin inkişafı 
								kriteriyasının nəticəsidir. 
								
								
								3. Oyunlarda Aydanın yaradıcılıq qabiliyyəti 
								güclü inkişaf edib. Müəllimin qarşısında duran 
								məsələ  gözlənilməyən, orijinal üsulları tapmaq 
								qabiliyyətinin inkişafına kömək etməkdir. 
								
								
								Tədris prosesində xüsusi qabiliyyətli uşaqların 
								inkişafında çox vacibdir: fənn olimpiadaları; 
								intellektual marafonlar; müsabiqə, viktorinalar; 
								müxtəlif mövzular üzrə layihələr; fərdi 
								yaradıcılıq tapşırıqları.   
								
								
								
								Gülşən HACIYEVA, 
								Bakıdakı 99 nömrəli orta  
								məktəbin informatika müəllimi  |