| 
								 
								
								70 illik ömrünün 46 ilini gənc nəslin 
								təlim-tərbiyəsinə həsr etmək, bu illərdə öz 
								pedaqoji ustalığını daim təkmilləşdirmək, adi 
								məktəb müəllimindən tanınmış alim-pedaqoqa 
								çevrilmək, kimya müəllimlərinin və təlim verdiyi 
								on minlərlə digər insanların sevimlisi olmaq 
								həqiqətən də böyük zəhmət və fədakarlıq tələb 
								edir. Belə yaşamın bir adı var - şərəfli pedaqoq 
								ömrü.  
								
								
								 Belə 
								ömür yaşamışdır Akif müəllim. Şərəfli pedaqoq 
								ömrünü o, indi də davam etdirir: yazır, yaradır, 
								müəllimlərin, elmi işçilərin daim köməyinə 
								gəlir, tədris və təlimdə yenilikləri, pedaqoji 
								innovasiyaları öyrənməkdə, işdə tətbiq etməkdə 
								onlara yardımçı olur. 
								
								
								Akif Hümbət oğlu Əliyev orta təhsilini 1957-ci 
								ildə başa vurduqdan sonra həmin ildə də 
								sənədlərini Azərbaycan Dövlət 
								Universitetinə(indiki BDU) verdi və böyük maraq 
								göstərdiyi kimyaçı peşəsinə yiyələndi. 
								 
								
								
								Orta məktəbdə fizika, kimya və biologiya 
								dərslərində aparılan möcüzələrlə dolu maraqlı 
								təcrübələr, cəlbedici elmi söhbətlər təbiətin 
								sirlərini öyrənməyə böyük maraq göstərən gənc 
								Akifi məftun etmişdi. O, gənc yaşlarından ətraf 
								aləmdə rastlaşdığı bütün qeyri-adi 
								dəyişiklikləri müşahidə etməyi, onların ilk 
								baxışdan anlaşılmaz görünən səbəblərini açmağı 
								çox sevərdi. Buna görə də onun təbiət fənlərinə 
								hələ uşaqlıq illərindən xüsusi marağı vardı. O, 
								həmçinin dil-ədəbiyyat fənlərinə də dərin maraq 
								göstərirdi. Orta məktəbin sonuncu sinfində 
								yeniyetmə Akif Azərbaycan və rus dillərində olan 
								bədii ədəbiyyatın əksəriyyətini mütaliə etmişdi, 
								rus dilində sərbəst danışır, alman və gürcü 
								dillərini lüğətlə tərcümə edirdi. 
								
								
								Söhbət zamanı Akif müəllim bildirdi ki, məktəb 
								illərində kimya-biologiya ixtisaslı Mehralı 
								müəllimin əyləncəli təcrübələrlə dolu kimya 
								dərsləri olmasaydı, yəqin ki, mən filologiya 
								ixtisasını seçərdim, çünki ədəbiyyatı, dilləri 
								çox sevirdim. 
								
								
								Tələbəlik dövrü başa çatdıqdan sonra A.Əliyev 
								1962-1964-cü illərdə aspirant həyatını 
								yaşayırdı. O, iki il yarım universitetin (indiki 
								BDU) Analitik kimya kafedrasının aspirantı kimi 
								elmi tədqiqat işi aparır. Lakin səhhəti ilə 
								bağlı Akif müəllim elmi tədqiqat işinə fasilə 
								vermişdir, əvvəlcə müalicə üçün möhlət götürmüş, 
								1964-cü ildən isə öz doğma kəndi Aşağı 
								Qoşakilsədə müəllimlik fəaliyyətinə başlamışdır. 
								Sonra o, pedaqoji fəaliyyətini Kürdəmir 
								rayonundakı Muradxan kəndində, Bakı şəhərindəki 
								respublika kimya-biologiya təmayüllü orta 
								məktəbdə və Suraxanı rayonundakı 275 nömrəli 
								orta məktəbdə davam etdirmişdir. Pedaqoji  
								fəaliyyətinin ilk günlərindən Akif müəllim 
								kimyanı şagirdlərə sevdirməyi bacarırdı. Tədrisə 
								ciddi yanaşmağı, fənnini yaxşı bilməyi, 
								dərslərində kimyəvi təcrübələrdən mümkün qədər 
								çox istifadə etməyi buna nail olmağa imkan 
								verirdi. Odur ki, Akif müəllimin dərs dediyi 
								yüzlərlə məzun keçmiş SSRİ-nin müxtəlif 
								şəhərlərində kimya profilli ixtisaslara 
								yiyələnmiş və hazırda kimyaçı-mühəndis, 
								kimyaçı-texnoloq, həkim, kimya müəllimi kimi 
								fəaliyyət göstərir. Onun yetirmələrindən altı 
								nəfəri alimlik dərəcəsi almışdır. 
								
								
								A.Əliyev qabaqcıl müəllim kimi "Azərbaycan 
								SSR-in maarif əlaçısı" adını almış, dəfələrlə  
								şagirdləri respublika fənn olimpiadasının qalibi 
								olan müəllim kimi fəxri diplomlarla təltif 
								edilmişdir. 
								
								
								1978-ci ildən o, irəli çəkilərək Azərbaycan 
								Respublikası Pedaqoji Kadrların İxtisasının 
								Artırılması və Yenidən Hazırlanması İnstitutunun 
								(indiki AMİ) kimya tədris-metodika kabinetinin 
								müdiri vəzifəsinə təyin edilmişdir. Burada 
								işlədiyi müddətdə Akif müəllim respublikanın 
								müxtəlif bölgələrindən olan kimya müəllimlərinin 
								ixtisasının artırılması məsələləri (müəllimlərin 
								müxtəlif müddətli ixtisasartırma kurslarından 
								keçirilməsi, yerlərdə metodik mərkəzlərin və 
								fənn birləşmələrinin işinin təşkili, qabaqcıl 
								müəllimlərin iş təcrübəsinin öyrənilməsi, 
								müəllimlər üçün müxtəlif mövzuda tövsiyələrin və 
								göstərişlərin hazırlanması və s.) ilə məşğul 
								olmuşdur. A.Əliyev bu məzmunda fəaliyyətini 
								90-cı illərdə yaradılan Respublika Metodik 
								Mərkəzində də davam etdirmişdir. Eyni zamanda o, 
								onlarca metodik məqalə işləyərək "Kimya və 
								biologiyanın tədrisi" respublika metodik 
								məcmuəsində və "Ximiya v şkole" ümumittifaq 
								miqyaslı metodik jurnalda çap etdirmişdir. Onun 
								80-ci illərdə "Ximiya v şkole" jurnalında çap 
								olunan  "Razvitie ximiçeskoy nauki i 
								promışlennosti v Azerbaydjane" və "Bolşoy 
								trujennik i umelıy pedaqoq" (Sosialist Əməyi   
								Qəhrəmanı M.Quliyevin  fəaliyyəti barədə)  adlı 
								məqalələri o dövrdə xüsusilə diqqəti cəlb 
								etmişdir. 
								
								
								A.Əliyev pedaqoji fəaliyyətində kimyanın 
								tədrisinə, kimya müəllimlərinə praktiki köməyi 
								dəyən metodik məqalələr, tövsiyələr, göstərişlər 
								və kitabçalar hazırlamaqla yanaşı, eyni vaxtda 
								irimiqyaslı elmi-pedaqoji tədqiqatlar apararaq, 
								böyük həcmdə dərs vəsaiti və metodik vəsaitlər 
								işləmiş və müxtəlif səviyyəli tədris proqramları 
								tərtib etmişdir. 
								
								
								O, XX əsrin 80-ci illərində Azərbaycanın 
								qiymətli təbii sərvəti olan neftin orta 
								məktəblərdə daha geniş öyrədilməsi üçün "Neft 
								emalının texnologiyası" fakültativ kursunun 
								məzmunu və tədrisi metodikasına aid elmi-metodik 
								tədqiqat üzərində işləyir, 1986-cı ildə bu 
								mövzuda Moskva Dövlət Pedaqoji İnstitutunda 
								namizədlik dissertasiyası müdafiə edir. Onun 
								hazırladığı "Neft emalının texnologiyası" üzrə 
								fakültativ kursun  proqramı (Bakı, 1980, 
								Azərbaycan və rus dillərində) indiyədək 
								məktəblərdə tətbiq olunur. Bundan başqa, 
								A.Əliyev ümumtəhsil məktəbləri üçün kimya 
								proqramı (Bakı, 1999, 35 səh.), ümumtəhsil 
								məktəblərinin  VIII-XI sinifləri üçün kimya 
								proqramı  (Bakı, 22 səh.) müəlliflərindən 
								biridir. 
								
								
								Onun müstəqillik dövründə təhsilin yenidən 
								qurulması tələblərinə cavab verən və kimya 
								müəllimlərinin stolüstü vəsaiti kimi istifadə 
								olunan kitabları - "Kimya-ekologiya"dərs vəsaiti 
								(Bakı, 1997, 84 səh.); "Ximiya -ekologiya" rus 
								dilində (Bakı, 1997, 81 səh.); "Kimyadan 
								məsələlər, çalışmalar və testlər" professor 
								O.Əkbərovla birlikdə, dərs vəsaiti (Bakı, 
								"Nərgiz", 2001, 188 səh.); "8-ci sinifdə 
								kimyanın tədrisi" (müəllimlər üçün vəsait, Bakı, 
								2004, 136 səh.); "9-cu  sinifdə kimyanın 
								tədrisi" (yeni pedaqoji texnologiyalardan 
								istifadə. Orta məktəb müəllimləri üçün vəsait. 
								Bakı, 2006, 240 səh.); "Müasir pedaqoji 
								texnologiyalar və kimyanın tədrisində onlardan 
								istifadənin metodikası" (monoqrafiya, Bakı, 
								2009, 256 səh.) indi də gündəlik 
								fəaliyyətlərində müəllimlərin köməyinə çatır. 
								
								
								A.Əliyev öz pedaqoji fəaliyyətində müəllimlərlə 
								işləyən metodistləri də unutmur. Onun 
								hazırladığı: "Məktəb islahatı dövründə kimya 
								müəllimləri ilə iş aparan metodistlərin 
								vəzifələri (metodik tövsiyə)". Bakı, 1987 və 
								"Məktəbdə kimyanın təlimini səmərəli təşkil edək 
								(metodistlər və inspektorlara kömək üçün)". 
								Bakı, 1999. - kitabçalar təhsil şöbəsi (idarəsi) 
								metodistləri üçün  istiqamətverici faydalı 
								vasitələrdir. O, eyni zamanda uzun illərdir ki, 
								respublika kimya olimpiadasının məsul katibi 
								kimi ictimai vəzifə aparır, gələcək istedadlı 
								kimyaçıların yetişməsində müəllimlərə yaxından 
								köməklik göstərir. 
								
								
								Son illərdə Akif müəllim metodik xidmət və 
								elmi-pedaqoji tədqiqat işlərini XXI əsrin 
								tələbləri və  özəllikləri səviyyəsində qurmağa 
								çalışır. O, Təhsil Problemləri İnstitutunun 
								Kurikulum Mərkəzi üzrə Ümumi orta və tam orta 
								təhsilin kurikulumu şöbəsinin müdiri vəzifəsini 
								aparmaqla yanaşı ciddi elmi-pedaqoji fəaliyyətlə 
								də məşğul olur. Ümumtəhsil məktəbləri üçün Milli 
								Kurikulum və fənn kurikulumları sənədlərinin 
								hazırlanmasında onun böyük əməyi vardır. Bu 
								işlərdə o, həm təşkilatçı, həm də fənn 
								kurikulumlarının məzmununun tələb olunan 
								keyfiyyətə gətirilməsində tədqiqatçı kimi 
								yaxından iştirak edir. 
								
								
								A.Əliyev son 10 ildə ciddi elmi tədqiqat işi ilə 
								də məşğul olmuşdur: respublikanın müxtəlif 
								bölgələrində, Bakı və Sumqayıt şəhərlərində 24 
								qabaqcıl kimya müəlliminin iş təcrübəsini 
								öyrənmiş, onların pedaqoji innovasiyalardan 
								istifadə səviyyəsini müəyyənləşdirmiş və "Orta 
								məktəb kimya kursunun tədrisində yeni pedaqoji 
								texnologiyalardan istifadənin sistemi" 
								mövzusunda doktorluq dissertasiyasını işləmiş, 
								hazırladığı metodika əsasında 11 məktəbdə 
								pedaqoji eksperiment qoymuş,  nəticələrini 
								təhlil edərək ümumiləşdirmişdir.  
								
								
								Akif müəllim həm də xoşbəxt ata və qayğıkeş ailə 
								başçısıdır, övladları ali təhsilli müəllim və 
								həkimdir, böyük qızı psixologiya üzrə fəlsəfə 
								doktorudur, üç nəvəsi ali məktəb tələbəsidir. 
								
								
								Yaşının ahıl vaxtına baxmayaraq, Akif müəllimin 
								elmi yaradıcılıq həvəsi indi də yüksələn xətt 
								üzrədir. Uzun illər belə görək Səni əziz 
								həmkarımız!  
								
								
								
								M.ABBASOV,  
								pedaqoji elmlər doktoru, 
								 
								M.FƏRƏCOV,  
								pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
								  |