| 
								 
								
								Hər il olduğu kimi, bu il də Beynəlxalq 
								Müəllimlər Günü ərəfəsində Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								sərəncamları ilə ölkəmizdə təhsilin 
								inkişafındakı xidmətlərinə görə bir qrup təhsil 
								işçisi orden və medallarla, "Əməkdar müəllim" 
								fəxri adı ilə təltif olunub. 
								
								Təltif olunanlar, bütövlükdə təhsil 
								ictimaiyyətimiz bunu ölkə başçısının təhsilə, 
								təhsil işçilərinə davamlı olaraq göstərdiyi 
								diqqət və qayğının yeni nümunəsi kimi 
								qarşılayıb, müəllim əməyinə verilən yüksək 
								qiymət kimi dəyərləndiriblər. Təbii ki, çoxillik 
								zəhmətinin layiqincə qiymətləndirilməsi təltif 
								olunanların hər birində böyük sevinc və 
								məmnunluq hissləri, minnətdarlıq duyğuları 
								doğurub. Bəs onlar yüksək mükafat almaları 
								xəbərini hansı şəraitdə eşidiblər, necə 
								qarşılayıblar?  Həmin suallarla bu il "Əməkdar 
								müəllim" fəxri adı və "Tərəqqi" medalı almış 4 
								müəllimə müraciət etdik. 
								
								
								
								 "Bu 
								xəbəri mənə 276 nömrəli məktəbin direktoru dedi"  
								
								
								
								Həqiqə Məmmədova (Bakıdakı 177 nömrəli məktəbin 
								direktoru): 
								
								
								- Həyatımın 40 ilini təhsilə həsr etmişəm. 
								1972-ci ildən pedaqoji fəaliyyətdəyəm. 1981-ci 
								ildən bu günədək isə təhsil sahəsində müxtəlif 
								rəhbər vəzifələrdə işləmiş, məktəb direktoru, 
								Xətai və Binəqədi rayonları təhsil şöbələrinin 
								müdiri olmuşam. Həyatımda təhsillə bağlı 
								maraqlı, yaddaqalan hadisələr çox olub. 
								Təltiflər də görmüşəm. Belə ki, keçmiş SSRİ-nin, 
								Azərbaycanın maarif əlaçısıyam. Krupskaya adına 
								medalın, mənim üçün xüsusilə əziz olan Mehdi 
								Mehdizadə adına mükafatın laureatıyam. Bunlar 
								hamısı həyatımda iz qoyub və məni daha yaxşı 
								işləməyə sövq edib. 
								
								
								Şəxsi uğurlarıma da, rəhbərlik etdiyim 
								məktəblərin, rayon təhsil şöbələrinin uğurlarına 
								da çox sevinmişəm. Lakin builki qədər 
								sevindiyim, yəqin ki, olmayıb. Çünki bu il iki 
								böyük uğur bizə nəsib olub. Biri məktəbimizin 
								adı ilə bağlı, digəri isə şəxsi uğurum. 
								Məktəbimizin uğuru budur ki, təhsil müəssisəmiz 
								möhtərəm Prezidentimizin sərəncamı ilə artıq 
								üçüncü ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil 
								məktəbi" müsabiqəsində qalib gələrək 10 min 
								manatla mükafatlandırılıb. 
								
								
								Müsabiqə 2007-2008-ci dərs ilindən başlasa da 
								etiraf edim ki, onda iştirak etməyə həvəsli 
								deyildim. Düşünürdüm ki, mən özüm bir təhsil 
								işçisi kimi müsabiqədə iştirak etməyə layiqəm. 
								Çünki bu gün də müəllimlik sənətimdən böyük zövq 
								alıram və çalışıram ki, dünya təhsil sistemində 
								olan bütün yenilikləri təhsilimizə gətirim. 
								Tədris etdiyim kimya fənninə də münasibətim çox 
								gözəldir. Proqramlar müəllifiyəm.  
								
								
								Lakin müəllim kimi, məktəb direktoru kimi 
								mükəmməl olsam da düşünürdüm ki, hələ 
								məktəbimizin fəaliyyətində müəyyən 
								çatışmazlıqlar var və onları aradan 
								qaldırmalıyıq. Buna baxmayaraq, həmkarlarımın, 
								kollektivimizin məsləhəti ilə ötən il müsabiqəyə 
								qatıldıq və gördüyünüz kimi indi onun qalibləri 
								sırasındayıq. 
								
								
								Ötən il şagird fəaliyyəti ilə bağlı çoxlu 
								uğurlarımız olub. X sinif şagirdimiz Nəsrəddin 
								Əfəndi TOEFL proqramı üzrə yüksək bal toplayaraq 
								tələbə adını qazanıb və XI sinfi qurtardıqdan 
								sonra Kanada universitetlərinin birində 
								oxuyacaq. Bir məzunumuz - Adil Məmmədov ali 
								məktəblərə qəbul imtahanlarında 600-dən yüksək 
								bal toplayaraq Prezident təqaüdünə layiq 
								görülüb. 7 nəfər yuxarı sinif şagirdimiz fənn 
								olimpiadalarının ikinci şəhər mərhələsində 
								müxtəlif fənlərdən I yerləri tutub və respublika 
								turuna vəsiqə qazanıb. İdmançılarımızın 
								uğurlarını isə saymaqla qurtarmaz. Hətta ibtidai 
								siniflər də məktəbimizin uğur "daxılına" öz 
								töhfələrini veriblər. 4-cü sinif şagirdlərindən 
								ibarət futbol komandamız idmanın bu növü üzrə 
								keçirilən birinciliyin qalibi olaraq medallarla 
								və kuboklarla mükafatlandırılıblar, onlara idman 
								forması hədiyyə verilib və s.  
								
								
								Məqsədim bütün uğurlarımızı saymaq deyil. 
								Deməyim odur ki, məhz belə kollektiv, fədakar 
								işin nəticəsi olaraq müsabiqədə qalib gəldik. 
								Mükafat olaraq aldığımız 10 min manat pulu da 
								məktəbimizin maddi-texniki bazasının 
								möhkəmlənməsinə, İKT ilə təminata xərcləməyi 
								qərara almışıq. 
								
								
								Məhz buna görə də mən, şəxsi planda da olsa, 
								özümü ona layiq bilsəm də, dövlət səviyyəsində 
								hər hansı yeni bir təltif gözləmirdim. Bu 
								baxımdan fəxri ad almağım xəbəri mənim üçün 
								tamamilə gözlənilməz oldu.  
								
								
								"Əməkdar müəllim" adını almağım xəbərini mənə 
								hələ Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri 
								vəzifəsində işləyərkən yaxşı tanıdığım 276 
								nömrəli məktəbin direktoru Bəhram Şiriyev verdi. 
								Ayın 5-də səhər tezdən zəng etmişdi. Beynəlxalq 
								Müəllimlər Günü münasibəti ilə təbrik etmək 
								üçün. Əlavə etdi ki, adınız münasibəti ilə də 
								təbrik edirəm. Duruxdum. Elə bildim ki, 
								məktəbimizin müsabiqədə qalib gəlməsinə işarə 
								edir. Lakin axı o vaxtdan xeyli keçib. Dedim ki, 
								nə ad? Dedi: "səhər qəzet almışam, təltif 
								olunanlar arasında sənin də adın var. Çox 
								sevindim və sizə zəng etdim". 
								
								
								Təltif olunmağımdan beləcə xəbər tutdum və təbii 
								ki, çox sevindim. Bir azdan isə təbriklər 
								başlandı.  
								
								
								Əməyimə, çoxillik fəaliyyətimə verilən böyük 
								dəyərə görə möhtərəm Prezidentimiz İlham 
								Əliyevə, hər zaman dəstəyini, köməyini hiss 
								etdiyim təhsil naziri Misir Mərdanova, Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyevaya minnətdarlığımı bildirir, fəxri ad 
								alan bütün təhsil işçilərini təbrik edir, onu 
								layiq olanların hamısına arzulayıram. Bu adın 
								çox böyük məsuliyyəti var, olduğundan da yaxşı 
								işləmək məsuliyyəti.  
								
								
								
								 "Zəhmətimin 
								mükafatsız qalmayacagına əmin idim"  
								
								
								
								Almaz Həsrət (Bakı şəhərindəki Ə.Əliyev adına 
								204 nömrəli orta məktəbin biologiya müəllimi): 
								
								
								- Mənim tez-tez işlətdiyim bir ifadə var: 
								öyrənmək istəyən 100 imkan, vasitə və ya üsül, 
								yol tapar, öyrənmək istəməyən 100 bəhanə. Bu 
								sözlər mənim həyat amalıma çevrilibdir. 
								Çalışıram ki, həmişə daim axtarışlarda olum və 
								öyrənmək üçün, hansısa yeni metodikanı əldə 
								etməkdən ötrü 100 üsul tapım.  
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyi və 
								"İntel" şirkətinin təhsildə İKT-nin tətbiqi üzrə 
								"İntel: gələcək üçün təhsil" kursunun təlimçisi, 
								Azərbaycan İnternet Forumunun üzvüyəm. 
								 
								
								
								"İntel: gələcək üçün təhsil" və Rusiyanın "Trans 
								Telekom" şirkətlərinin birgə təşəbbüsü ilə 
								keçirilən "300 intellektual məktəb" beynəlxalq  
								İnternet layihə müsabiqəsində 1-ci dərəcəli  
								Fəxri fərman və  diplomlara layiq görülmüşəm. 
								
								
								2008-2009-cu tədris ilində Azərbaycan 
								Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Ən 
								yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. 
								
								
								2010-cu ildə Təhsil Nazirliyi və 
								"Microsoft-Azərbaycan" şirkətinin birgə 
								keçirdiyi "İnnovatıv müəllimlər" müsabiqəsində 
								2-ci yeri tutmuşam. 
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								2010-cu ildə təşkil etdiyi "Elektron təhsil" 
								respublika müsabiqəsində "İKT-dən istifadə 
								edilməklə qurulan tədris prosesinin ən yaxşı 
								modeli" və "Təhsildə İnternet texnologiyaları" 
								nominasiyalarının hər birində 2-ci yerə 
								çıxmışam. 
								
								
								Mən, hər halda, təhsil sahəsində gördüyüm 
								zəhmətimin diqqətdən kənar qalmayacağına 
								inanırdım. Bu inam məndə ümidlə qatıldığım "Ən 
								yaxşı müəllim" müsabiqəsində daha çox 
								yaranmışdı. 
								
								
								 "Əməkdar müəllim" adını almağım xəbərini 
								İnternetdən, AzərTac-ın saytından bildim. 
								Siyahıda adımı görcək, çox sevindim.   Hətta 
								gözlərim doldu. Həyəcanlandım. Bu cür gözəl 
								sürpriz, bu cür gözəl xəbər hər halda adamı lap 
								sevindirirdi...  
								
								
								Təbii ki, belə yüksək ada layiq görülməyim məndə 
								hər şeydən öncə minnətdarlıq hissi doğurur. 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin təhsilə və təhsil işçilərinə  
								göstərdiyi diqqət və qayğıya görə öz dərin 
								minnətdarlığımı bildirirəm. Bu sərəncam müəllim 
								üçün çox böyük stimuldur!    
								
								
								
								"Evdə böyük həyəcan yaşandı"  
								
								
								
								 Yusif Qazıyev (Bakıdakı 276 nömrəli məktəbin 
								alman dili müəllimi, pedaqoji elmlər namizədi): 
								
								
								- Həmin gün mən məktəbə getməyə hazırlaşırdım, 
								dərsim 2-ci saat idi. Elə evdən çıxmaq 
								istəyirdim ki, telefon zəng çaldı.  Dəstəyi 
								qaldırdım. Məktəbimizin direktor müavini idi. 
								Fikirləşdim ki, yəqin dərsimin olmasını 
								xatırlatmaq istəyir. Lakin salam-kəlamdan sonra 
								dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 
								sərəncamı ilə mənə "Əməkdar müəllim" fəxri adı 
								verilib. Evdə böyük həyəcan yaşandı, bütün ailə 
								üzvlərimiz məni təbrik edib, dövlətimizin 
								müəllimlərə olan qayğısını alqışladılar. 
								
								
								Doğrusu, özümü bu ada layiq bilsəm də, 
								gözləmirdim. Mən hələ birinci sinfə gedərkən 
								uşaq təxəyyülümdə müəllim olacağımı 
								canlandırırdım. Sonralar bunu məqsəd olaraq 
								qarşıma qoydum və məqsədimə çatdım. Artıq 52 il 
								3 aydır ki, müəllim işləyirəm. Bu müddət ərzində 
								bir saat da olsa üzrsüz dərs buraxmamışam. 
								Həmişə məktəbin ictimai işlərində müəllim 
								yaradıcılığı, fəaliyyəti ilə bağlı keçirilən 
								əksər müsabiqələrdə və yarışlarda iştirak 
								etmişəm. Moskvada İttifaq miqyasında Böyük Vətən 
								müharibəsinin 30 illiyi şərəfinə təşkil olunmuş 
								orta ümumtəhsil məktəbləri hərbi-vətənpərvərlik 
								tərbiyəsinə baxış-müsabiqədə nümunəvi iştirakıma 
								görə SSRİ Maarif Nazirliyinin Fəxri fərmanını və 
								mükafat olaraq qızıl qol saatı (1975), SSRİ 
								"Bilik" cəmiyyətinin mükafatını (1965)  
								almışam.  Yaratdığım alman dili kabineti SSRİ 
								PEA-nın kənd məktəbləri laboratoriyasının xarici 
								dillər şöbəsi tərəfindən linqafon kompleksi ilə 
								mükafatlandırılmışam (1972).  
								
								
								Çoxlu yetirmələrim var və onlarla həmişə fəxr 
								edirəm.  
								
								
								1995-96-cı tədris ilindən bu günə kimi alman 
								dilindən dərs dediyim şagirdlərdən 37 nəfər 
								Azərbaycan Dillər Universitetini alman dili  
								ixtisası üzrə bitirib, 5 nəfəri isə hazırda 
								təhsil alır. Əməyimə, pedaqoji sahədə uzunillik 
								xidmətlərimə verilən yüksək mükafata görə 
								dövlətimizin başçısı, möhtərəm Prezidentimiz 
								İlham Əliyevə minnətdarlığımı bildirirəm.  
								
								
								
								 "Məktəbimizin radio qovşağı ilə direktorumuzdan 
								eşitdim"  
								
								
								
								Ələddin Məmmədli (Bakıdakı akademik Zərifə 
								Əliyeva adına orta məktəbin riyaziyyat 
								müəllimi): 
								
								
								- 1990-cı ildə BDU-nun mexanika-riyaziyyat 
								fakültəsini bitirmişəm. Elmi fəaliyyətlə məşğul 
								olmağı arzulayırdım. Ona görə də Milli Elmlər 
								Akademiyası Riyaziyyat İnstitutunun 
								aspiranturasına qəbul oldum. Aspiranturada 
								təhsilimi davam etdirə-etdirə pedaqoji 
								fəaliyyətlə də məşğul olmağa başladım. Bir 
								müddət BDU-da işlədim. Sonra tale elə gətirdi 
								ki, orta məktəblərdə dərs deməyə başladım. 
								"Zəngi" liseyində çalışdım. Oranı çox sevdim. 
								Həmin lisey indi də mənə çox doğmadır. Müasir 
								Təhsil Kompleksinə işə düzələndə də çox 
								sevinmişdim. O məktəb təzə açılmışdı. Düşünürdüm 
								ki, görəsən məni bura müəllim götürərlər? 
								Müsabiqədə ən yüksək nəticə əldə etdim və 
								kompleksə qəbul olundum. Orada 4-5 il işləyəndən 
								sonra yenidən "Zəngi" liseyində fəaliyyətimi 
								davam etdirdim. Liseydə işləyəndə 2-3 müəllim 
								dostumla bir kitabımız çıxdı. Bu da məni çox 
								sevindirdi. Satışda kitablarımızı görəndə qürur 
								hissi keçirirdim.  
								
								
								"Zəngi" liseyində 2 il bundan öncə "Ən yaxşı 
								müəllim" müsabiqəsinə qatıldım. Müsabiqənin ilk 
								ili olduğundan çoxları, o cümlədən mənimlə 
								birlikdə çalışan müəllimlər ona qatılmaqdan 
								çəkinirdilər. Amma mən iştirak etdim və qaliblər 
								sırasında oldum. Ömrümdə ən sevincli anlarımdan 
								birini  yaşadım.  
								
								
								Akademik Zərifə Əliyeva adına məktəb açılanda 
								mənə təklif olundu ki, bu məktəbə gəlim. Bura 
								gəlməyimdə əməyi olan hər bir insana təşəkkürümü 
								bildirirəm. Xüsusən də cənab nazirə. Çünki Misir 
								müəllim bizə universitetdə dərs deyib, 
								tanışlığımız vardı. O, mənə təklif etdi ki, 
								düşünürəm, sən bu məktəbə fayda verə bilərsən. 
								Mən bura gəldim.  
								
								
								"Tərəqqi" medalına təqdim olunduğumu bilmirdim. 
								Ümumiyyətlə, gözləmirdim ki, nə isə ola bilər. 
								Dərsdə idim. Məktəbimizdə daxili radio qovşağı 
								var. Bir də gördüm ki, direktor danışır. O dedi 
								ki, indi aldığımız məlumata görə, Azərbaycan 
								Prezidentinin sərəncamı ilə məktəbimizin 
								müəllimi "Tərəqqi" medalına layiq görülüb. Mən 
								də, uşaqlar da çox sevindik. Həm də mənim üçün  
								çox gözlənilməz oldu. Dərs qurtaran kimi mən 
								direktorun otağına qalxdım. Dedim ki, bəs 
								Məhəbbət xanım, dünən bir yerdə olmuşuq, səhər 
								görüşmüşük. Nə əcəb mənə deməmisiniz? Dedi ki, 
								sərəncam dünən çıxıb və mənim özümün də 
								məlumatım yox idi.  
								
								
								Çox sevindim. Dostlarım, tanışlarım zəng edib 
								təbrik etdilər. Bu diqqət və qayğıya görə cənab 
								Prezidentə minnətdarlığımı bildirir, əməyi keçən 
								hər bir insana təşəkkür edirəm.  
								
								
								Mən məktəbə, təhsilə qırılmaz tellərlə bağlıyam, 
								sənətimi sevirəm. Təbaşir əlimdə yazı lövhəsinin 
								qarşısında dərsə başlayanda  hər şeyi unuduram. 
								Əgər ən yorğun vaxtlarımda, mənə bir misal və ya 
								məsələ təqdim etsələr, desələr ki, 
								auditoriyalarda dərs demək lazımdır, həmin an 
								bütün yorğunluğumu unuduram.  
								
								
								Uşaqları çox sevirəm, onlara millətimizin 
								gələcəyi kimi baxıram. Hesab edirəm ki, bu vacib 
								faktordur. Yəni müəllimə əlavə impuls, enerji 
								verir. Çəkilmiş zəhmətin müqabilində belə 
								qiymətlərin verilməsi çox yaxşı haldır.    
								
								
								
								Yusif ƏLİYEV  |