| 
								 
								
								Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin  
								gələcəyi və müstəqilliyinin mühüm şərtidir. 
								Respublikamızda həyata keçirilən təhsil 
								islahatının məqsədi təlim prosesinin 
								səmərəliliyini təmin etməklə milli və ümumbəşəri 
								dəyərlərə yiyələnən, yaradıcı və tənqidi 
								düşünməyi bacaran, fəal şəxsiyyət 
								yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, 
								işgüzar, ixtisasını dərindən bilən, müəllimlik 
								adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca 
								pak, özünə və şagirdlərinə qarşı tələbkar, 
								sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə 
								cəmləşdirməlidir. 
								
								
								Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji 
								xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim 
								bütün hallarda, xüsusən "müəllim - şagird" 
								münasibətlərinin qurulmasında pedaqoji taktı - 
								nəzakəti, onun davranışına verilən etik 
								tələbləri gözləməli, şagirdlərin şərəf və 
								ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə 
								ədəblə davranmalıdır. 
								
								
								Təhsil islahatlarının tələblərinin yerinə 
								yetirilməsində, ilk növbədə, müəllim özü 
								dəyişməli, təlimin yeni texnologiyalarını 
								bilməli, yeni proqram və dərsliklərdən, fənn 
								kurikulumunun tələblərindən irəli gələn 
								dəyişiklikləri tətbiq etməyi bacarmalıdır. Yeni 
								metodlardan istifadə zamanı müəllim şagirdlərin 
								idraki fəallığına, müstəqil düşünmə 
								qabiliyyətinin inkişafına nail olur. İş 
								prosesində müəllim - şagird münasibətlərinin 
								düzgün qurulması, şagirdlərin təhsilə marağının 
								artmasında, tədris olunan fənlərin 
								sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.
								 
								
								
								Müəllim və şagird arasında qarşılıqlı hörmət 
								olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə 
								və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim 
								şagirdi bir şəxsiyyət kimi görməli, onun 
								mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, 
								hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, 
								nadinc şagird olsa belə, müəllim özünün pedaqoji 
								metodlarından istifadə edib, xoş, isti münasibət 
								yaratmalıdır.  
								
								
								Müəllim və şagird arasında problemlər adətən, 
								sinifdən-sinfə keçdiyi zaman və onların yaş 
								dövrləri ilə əlaqədar olaraq baş verir. Məsələn, 
								4-cü sinifdən 5-ci sinfə keçəndə  yeni 
								müəllimlərlə tanışlıq zamanı şagirdlərin 
								psixologiyasında müəyyən dəyişikliklər olur. 
								Birdən-birə onlar bir müəllimin əlindən çıxıb, 
								bir neçə müəllimin qarşısında otururlar. Yeni 
								müəllimlərlə tanışlıq onların özünəməxsus 
								xarakterlərinin formalaşmasında mühüm rol oynasa 
								da,  ibtidai sinfi yenicə bitirmiş şagirdlər 
								arasında çaşqınlıq yaradır. Bu sahədə onlara 
								yeni təyin olunmuş sinif rəhbəri və məktəbin 
								psixoloqu kömək etməlidir.  
								
								
								İlk vaxtlarda onların çoxu ağlayır, müəllimə öz 
								şıltaqlıqlarını bildirir, bunun da həlli yolu 
								ondan ibarətdir ki, uşaqlar məktəbə gəlməmişdən 
								əvvəl mütləq məktəbəqədər müəssisələrə, yəni  
								uşaq bağçalarına getməli, cəmiyyətin arasında 
								özlərini  necə aparmaq lazım olduqlarını 
								öyrənməlıdirlər. 
								
								
								Düzgün qurulmuş müəllim - şagird münasibətləri 
								şagirdlərin təlim marağının artmasında mühüm 
								vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin 
								fəallığını artırır, kollektiv şəkildə işləməyə 
								istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin 
								olmaması təhsil sistemində şagird - müəllim 
								problemlərinin yaranmasına gətirib çıxarır. 
								
								
								Müəllim və şagird arasında problemləri aradan 
								qaldırmaq üçün bu təklifləri irəli sürürəm: 
								
								
								1. Müəllim yaxşı psixoloq olmalıdır. Pedaqoji 
								məktəblərdə psixoloji treninqlər keçirilməlidir, 
								hətta orta məktəbdə işləyən müəllimlər üçün də 
								ara-sıra belə məşğələlər təşkil olunmalıdır. 
								 
								
								
								2. Müəllim etik, estetik mədəniyyətə malik 
								olmalıdır. 
								
								
								3. Müəllim hər bir şəxsə fərdi yanaşmağı 
								bacarmalıdır. 
								
								
								4. Müəllim valideynlə sıx əlaqədə olmalıdır.  
								
								
								
								Xumara AĞACANOVA, 
								Bakıdakı İ.Hacıyev adına  
								"Tərəqqi" texniki-humanitar  
								liseyin ibtidai sinif müəllimi  |