| 
								 
								
								Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın mühüm 
								bölməsi olub, bədii əsərin xüsusiyyətini, həyatı 
								əks etdirmə prinsipini... öyrədir. 
								
								
								Ədəbiyyat nəzəriyyəsi tədrisinin ən çox praktik 
								əhəmiyyətə malik olan bölmələrindən biri nəzm 
								sisteminin, şeir şəkillərinin spesifik 
								xüsusiyyətlərinin öyrədilməsidir.  
								
								
								"Nəzm" sözü nizam mənasını ifadə edir. Nəzmə 
								ədəbiyyatşünaslıqda şeir də deyilir. Nəzmin əsas 
								xüsusiyyətlərini bilmədən şeiri ahəngdar və 
								rəvan oxumaq, orada irəli sürülən fikri başa 
								düşmək, nəzm əsərlərinin məzmununu mənimsəmək 
								olmaz. Şagirdlərə nəzm haqqında veriləcək ilk 
								anlayışı ahəngcə oynaq, qafiyə etibarı ilə 
								qüvvətli, dil baxımından sadə şeir parçası ilə 
								əlaqələndirmək lazımdır. Nəzmdə ahəng daha böyük 
								əhəmiyyət kəsb edir: 
								
								
								Sükuta qərq olmuş ürəyimlə mən, 
								
								
								Keçirəm yenə də Muğan çölündən. 
								
								
								Yanında balası yağış gölündən 
								
								
								Əyilib su içir bir ana ceyran. 
								
								
								Bu şeir parçasında ifadə olunan fikir 
								şagirdlərdən soruşulur və heç bir söz dəyişmədən 
								lövhəyə yazılır: "Mən sükuta qərq olmuş ürəyimlə 
								yenə də Muğan çölündən keçirəm. Bir ana ceyran 
								yanında balası əyilib yağış gölündən su içir". 
								
								
								Bu cümlələri qeyd etdikdən sonra şeir 
								parçasındakı "ürəyimlə mən", "gölündən", 
								"çölündən" sözlərinin altından xətt çəkir və 
								izah edirəm: 
								
								
								- Bu sözlər şeirdə elə sıralanmışdır ki,oxu 
								zamanı qulağımızda musiqi səsi verir. İndi gəlin 
								bu cümləni oxuyaq, görək həmin şeir parçasındakı 
								sözlərdən düzəlmiş cümlə şeirdəki kimi ahəngdar 
								səslənirmi? 
								
								
								Mən sükuta qərq olmuş ürəyimlə, 
								
								
								yenə də Muğan çölündən keçirəm. 
								
								
								Burada nəzmin ifadə tərzi adi danışıq tərzindən 
								əsaslı surətdə fərqlənir. Sözlər müəyyən bir 
								qayda ilə nizamlı düzülür. Sözlərin belə 
								düzülməsində bir ahəngdarlıq yaranır. 
								
								
								Ahəngdarlığı daha geniş başa salmaq üçün 
								ahəngdar səslər çıxaran əşyalardan misallar 
								gətirilməlidir. 
								
								
								Ölçü haqqında məlumat vermək üçün heca haqqında 
								şagirdlərin aldıqları biliklərdən istifadə etmək 
								lazımdır. Şagirdlər şifahi xalq ədəbiyyatında 
								öyrəndikləri bayatılardan nümunələr söyləyirlər.
								 
								
								
								Ədəbiyyatşünaslıqda ölçüyə vəzn də deyilir. Ölçü 
								və yaxud vəzn şeirdə ahəngi yaradan, 
								qüvvətləndirən amillərdən biridir. Azərbaycan 
								şeirində müxtəlif vəznlər (heca, əruz, sərbəst 
								şeir) mövcuddur. Vəznin (ölçünün) tələbinə görə 
								misralar bir-birinə bərabər tutulur ki, bu, 
								ahəngin yaranması üçün əsas şərtdir. Ölçü 
								haqqında müəyyən məlumat verdikdən sonra 
								ahəngdarlıq üçün şərt olan qafiyə haqqında 
								məlumat verilir: Şeirdə tələffüzcə, səs tərkibi 
								etibarı ilə bir-birinə yaxın olan sözlərə qafiyə 
								deyilir. 
								
								
								Yerdən ayağını quş kimi üzüb, 
								
								
								Yay kimi dartılıb, ox kimi süzüb, 
								
								
								Yenə də sürünü nizamla düzüb, 
								
								
								Baş alıb gedirsən hayana, ceyran!   
								
								
								Bu şeirdə "üzüb", "süzüb", "düzüb" sözləri daha 
								ahəngdar səslənir. Həmin sözlər deyiliş cəhətdən 
								bir-birinə daha yaxındır. Belə sözlər şeir 
								ahəngini tamamlayır, nizama salır və zəngin 
								qafiyə sayılır. Şagirdlər müxtəlif şeir 
								parçaları söyləməklə qafiyə haqqında daha geniş 
								məlumat alırlar. Söylədikləri şeir parçalarında 
								qafiyə təşkil edən sözlərə uyğun həmqafiyə olan 
								sözlər tapmaq tapşırıq verilir. 
								
								
								Şeirin ahəngini qüvvətləndirmək, təsirini 
								artırmaq məqsədilə eyni sözlər misraların 
								sonunda təkrar edilir. Şeirdə təkrar olunan belə 
								sözlərə rədif deyilir. 
								
								
								Şagirdlər həm klassik, həm də müasir 
								şairlərimizin şeirlərindən nümunələr 
								söyləyirlər. Bu, nitq vərdişlərini 
								möhkəmləndirməklə yanaşı, şagirdlərin emosional 
								duyğularına müsbət təsir edir.  
								
								
								
								Mehriban BAXŞƏLİYEVA, 
								Bərdə şəhər 2 nömrəli  
								məktəbin Azərbaycan dili  
								və ədəbiyyat müəllimi  |