| 
								 
								
								Tarixən dövlətlərin və mədəniyyətlərin təşəkkül 
								məskəni olan Mərkəzi Asiya və Qafqaz regionu 
								geostrateji mövqeyi, malik olduğu sərvətləri və 
								hazırkı sürətli inkişafı baxımından dünya 
								ictimaiyyətinin diqqətini daha çox cəlb edir. Bu 
								səbəbdən qloballaşan dünyada Qafqaz və Mərkəzi 
								Asiyanın yerini və rolunu elmi cəhətdən təhlil 
								etmək xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə 
								də Qafqaz Universiteti 2003-cü və 2007-ci 
								illərdə bu sahədə keçirdiyi I və II Beynəlxalq 
								Konqresin davamı olaraq Azərbaycan Dövlət 
								İqtisad Universiteti ilə birgə "Qloballaşma 
								prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda 
								III Beynəlxalq Konqres təşkil etmək təşəbbüsü 
								ilə çıxış edib. Beynəlxalq Konqres oktyabrın 
								15-dən 17-dək Azərbaycan Dövlət İqtisad 
								Universitetinin II tədris korpusunda 
								keçiriləcək.  
								
								
								Bununla əlaqədar oktyabrın 13-də Qafqaz 
								Universitetində mətbuat konfransı keçirilib. 
								Konfransda beynəlxalq tədbir haqqında 
								jurnalistlərə ətraflı məlumat verən Qafqaz 
								Universitetinin rektoru, professor Ahmet Saniç 
								bildirib ki, konqresin təşkilinə Azərbaycan 
								Respublikası Təhsil Nazirliyi, Sənaye və 
								Energetika Nazirliyi, İqtisadi İnkişaf 
								Nazirliyi, Türkiyə Respublikasının Baş Nazirliyi 
								Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başqanlılığı 
								(TİKA) Bakı Koordinatorluğu, Azərbaycan-Türk 
								Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti 
								(TUSİAB), Türkiyə İsrafi Öyrənmə Vəqfi, ABŞ-ın 
								Troy Universiteti yaxından dəstək veriblər. 
								
								
								Konqresdə dünyanın 13 ölkəsinin ali 
								məktəblərindən nümayəndələr iştirak edəcək. 
								Artıq 170 məruzə təqdim olunmuş konqresin 3 
								bölmədə aparılması, bölmələrdə "Qloballaşma 
								prosesində təhsil", "Qloballaşma prosesində 
								Azərbaycan-Türkiyə iqtisadi əlaqələri və gələcək 
								perspektivlər", "Regional inkişafın əhəmiyyəti 
								və tətbiq edilən siyasətlər" mövzularında 
								məruzələr dinləniləcək, çıxışlar olacaq, 
								müzakirələr aparılacaq. 
								
								
								
								Y.ƏLİYEV  |