| 
								 
								
								Təhsilin uğurlarını təmin edən amillər arasında 
								dərsliklər mühüm yer tutur. Şağird dərsliklə 
								işləyir. Qarşısındakı kitab onu hər cəhətdən 
								qane etməlidir: bədii-estetik cəhətdən onun 
								zövqünə, elmi-metodik baxımdan yaş və inkişaf 
								səviyyəsinə uyğun olmalı, pedaqoji-tərbiyəvi 
								prinsiplərə ciddi riayət edilməklə hazırlanmalı, 
								eyni zamanda texniki tərtibatına görə mükəmməl 
								olmalıdır. Dərslik şagirdin yaxın dostuna, 
								istəkli sirdaşına çevrilməlidir. Belə dərsliklə 
								ünsiyyətdə olan şagirdin qarşısında təhsil 
								standartlarının yerinə yetirilməsi ilə bağlı ən 
								ciddi tələblər qoymaq o qədər də çətin olmur. 
								
								
								Respublikamızda dərsliklərin hazırlanması və 
								məktəblərə vaxtında çatdırılması istiqamətində 
								Təhsil Nazirliyində görülən işlər ildən-ilə 
								təkmilləşdirilir. Nazirliyin yaratdığı plüralist 
								imkanlardan bəhrələnən dərslik müəllifləri və 
								nəşriyyatlar son illərdə həm şagirdlərin, həm də 
								valideynlərin rəğbətini qazanan xeyli adda orta 
								məktəb dərslikləri hazırlamış və şagirdlərin 
								istifadəsinə vermişlər. Bir çox dərslik və 
								proqramlar yeniləşdirilmişdir. 1-3-cü sinifləri 
								əhatə edən, kurikulum islahatının tələblərinə 
								müvafiq hazırlanmış dərslik komplektləri artıq 
								məktəblərə paylanılmışdır.  
								
								
								Təəssüflə qeyd etməliyəm ki, görülmüş işlər bəzi 
								mətbuat orqanlarında lazımınca 
								qiymətləndirilmir, bəzən dərsliklərlə bağlı 
								xırda qüsurlar ya şişirdilir, ya da qərəzliliyə, 
								birtərəfliliyə yol verilir. Sözsüz ki, iş olan 
								yerdə çatışmazlıqlar da ola bilər. Lakin 
								ümumilikdə baxış bucağı hər bir işdə yaxşını 
								görməyə, ümummilli maraqları üstün tutmağa 
								yönəldilməlidir. Mən də qeydlərimi hazırlayarkən 
								məhz bu cəhəti əsas götürməyə çalışmışam... 
								
								
								Mövcud dərsliklər ilə yaxından tanışlıq göstərir 
								ki, respublikamızda dərsliklərin tərtibatı və 
								hazırlanmasında dünya pedaqoji təcrübəsində 
								mövcud olan bir çox müasir və mütərəqqi cəhətlər 
								nəzərə alınır. Məsələn, dərsliklərdə əksini 
								tapan elmi-didaktik materiallarda şagirdlərin 
								yaşına uyğunluq əsas şərtlərdən biri kimi 
								gözlənilmişdir. Dərslik hazırlığına verilən əsas 
								tələblərdən biri kimi onun  aid olduğu fənnə 
								dair elmlilik səviyyəsi, pedaqogika və 
								psixologiyanın tələbləri gözlənilərək 
								hazırlanması nəzərə alınmışdır. Müəlliflər 
								qarşısında tələb qoyulmuşdur ki, dərsliyin dili 
								sadə və anlaşıqlı olmalı, mürəkkəblikdən 
								qaçılmalıdır. Eyni zamanda müəlliflər elə 
								dərsliklər hazırlamalıdırlar ki, şagirdin 
								qəlbində incə duyğular, insansevər hisslər 
								cücərdə bilsin. Əsas prinsiplərdən biri də 
								Vətənə məhəbbət, xalqımızın milli mənəvi 
								dəyərlərinə bağlılıq olmalıdır. Nəhayət, dərslər 
								tədris planında nəzərdə tutulmuş dərs saatlarına 
								aid proqramlarla paralel işlənilməlidir... 
								
								
								Məqsədim heç də dərslik standartlarını saymaq 
								deyil. Son illərdə, xüsusən son iki-üç il 
								ərzində dərsliklərin tədricən keyfiyyətcə 
								yaxşılaşması ilə bağlı fikirlərimi bildirmək 
								istərdim. Təəssüflə xatırlayıram ki, ötən yaxın 
								illərdə dərsliklərdə elmi təhriflərə yol 
								verilir, istər müəlliflər, istərsə də 
								nəşriyyatlar buna "xırda məsələ" kimi 
								baxırdılar. Lakin Təhsil Nazirliyinin əlaqədar 
								qurumlarının rəhbərliyi dərsliklərin işlənməsinə 
								alim-pedaqoqlarla yanaşı, orta məktəblərin 
								təcrübəli müəllimlərini də cəlb etməklə bu işi 
								canlandırmağa, həmin qüsurların aradan 
								qaldırılmasına, demək olar ki, nail olmuşdur. 
								Hazırda şagirdlərin istifadəsində olan  
								dərsliklərin, demək olar ki, hamısında orta 
								məktəb müəllimləri  əsas müəlliflərdən biri, 
								rəsmi rəyçi, yaxud metodik cəhətdən işləyən 
								qismində hazırlanma prosesində işə cəlb 
								olunmuşlar. Məsələn, XI sinfin "Ədəbiyyat" 
								dərsliyi ilə bağlı müzakirələrdən sonra 
								dərsliyin hazırlanmasında rəsmi rəyçi kimi 
								iştirakımı Təhsil Nazirliyində bu işə orta 
								məktəb müəllimlərinin cəlb olunması 
								istiqamətində görülmüş işlərin təzahürü kimi 
								qiymətləndirirəm. 
								
								
								Fənn birləşməsinin rəhbəri kimi V-XI siniflərdə 
								Azərbaycan dili dərsliklərinin vəziyyəti ilə 
								bağlı müəllimlərin fikir və mülahizələri ilə 
								tez-tez qarşılaşıram. Abşeron rayonunda 
								müəllimlərin builki ənənəvi sentyabr 
								konfransının Azərbaycan dili və ədəbiyyat 
								bölməsinin iclasında da iştirakçı müəllimlər 
								dərsliklərin son nəşrlərində özünü göstərən 
								üstünlüklərdən, ötən nəşrlərdə təsadüf olunan 
								qüsurların artıq aradan qaldırıldığından razılıq 
								hissi ilə danışdılar. VIII və IX siniflərdə 
								alternativ dərsliklərin olmasını şagirdlərin 
								diferensial təlimi üçün əlverişli  vasitə kimi 
								bəyəndiklərini bildirdilər. 
								
								
								Dərsliklə bağlı düşüncələrimi bölüşərkən 
								prioritetləri də qeyd etmək istərdim. 
								Azərbaycanımızın tarixi keçmişinə, mənfur 
								qonşularımızın zaman-zaman xalqımıza qarşı 
								törətdikləri xəyanətlərin ifşasına, milli 
								faciələrimizi doğuran səbəblərin dərkinə - bir 
								sözlə, şagirdlərimizin azərbaycançılıq və 
								vətənpərvərlik ruhunda tərbiyələnməsinə yönəldə 
								bilən materialların seçilib dərsliklərin 
								səhifələrində yerləşdirilməsinə üstünlük 
								verilsin. Tarixi həqiqət bütün acılığı və 
								şəffaflığı ilə balalarımız üçün açılsın, onların 
								qəlbində xəmiri xeyirxahlıq və humanizmlə 
								yoğrulmuş xalqımızın düşmənlərinə qarşı nifrət 
								alovlandırılsın, torpaqlarımıza göz dikmiş 
								yadellilər adı ilə tanıtdırılsın, dostla düşməni 
								seçmək bacarıqları aşılansın... Bunlar 
								mənəvi-əxlaqi tərəflərdir. Təhsil standartları 
								baxımından məktəblilərin müstəqil düşünmək, öz 
								fikirlərini yaradıcı şəkildə ifadə etmək, 
								mühakimə yürütmək, faktları və hadisələri təhlil 
								etmək bacarıqlarının inkişaf etdirilməsinə imkan 
								yaradan materiallara üstünlük verilsin. Müasir 
								tədris tələbləri və təhsilin strategiyasını əsas 
								tutmaqla gələcəkdə kurikulum islahatına keçid 
								nəzərə alınsın... 
								
								
								Bir də canı və qanı ilə illərlə təhsilə bağlı 
								olub, həyatını ona həsr edən təcrübəli və 
								səriştəli müəllimlərin bu işə (dərsliklərin 
								hazırlanmasına!) cəlb olunması daha da 
								genişləndirilsin. Məncə, belə insanların xidməti 
								müxtəlif tribunalardan şəxsi mənfəəti naminə 
								sözçülük edənlərdən daha artıq fayda gətirər...  
								
								
								
								Hüseyn ŞAHBƏNDƏYEV, 
								Xırdalan şəhər 6 nömrəli  
								məktəbin Azərbaycan dili  
								və ədəbiyyat müəllimi   |