| 
								 
								
								Yunusov İsmayıl  Səbuhi oğlu 1995-ci il avqustun 
								9-da  Bakıda anadan olub. Hazırda  229 nömrəli 
								orta məktəbin X sinif şagirdidir. Kiçik 
								yaşlarından musiqiyə olan marağını hiss edən 
								valideynləri 6 yaşlı İsmayılı Nizami rayon Uşaq 
								- Gənclər Yaradıcılıq  Mərkəzinə gətirir, onu 
								vokal və fortepiano dərnəyinə yazdırırlar. Orada 
								təhsil aldığı müddətdə  İsmayılın  istedadı  üzə 
								çıxır.  
								
								
								 O, 
								Nizami rayonundakı Rauf Hacıyev adına  15 
								nömrəli musiqi məktəbinin fortepiano  sinfinə 
								daxil olur, eyni zamanda vokalla da məşğul olur. 
								8 yaşında ikən  İsmayıl respublikanın  xalq 
								artisti, dirijor  Teymur Göyçayevin rəhbərlik 
								etdiyi  Dövlət  Kamera Orkestrinin müşayiəti ilə 
								məşhur bəstəkarların əsərlərini  məharətlə ifa 
								edir. T.Göyçayev  İsmayılın səsini yüksək 
								qiymətləndirərək, Gənclər  Simfonik Orkestri 
								yaranan gündən  onu ora  solist qəbul edib. 
								2007-ci ildə  Bakının  Ramana  kəndində  
								tikilən  qaçqınlar üçün şəhərciyin açılışı 
								zamanı  Prezident İlham Əliyev cənablarının 
								iştirak etdiyi tədbirdə  o da iştirak edib.
								 
								
								
								İ.Yunusov M.Maqomayev adına  Azərbaycan Dövlət 
								Filarmoniyasında,  muğam teatrında  solo 
								konsertlər verib. 2008-ci ilin mayında  Parisdə, 
								Strasburqda, Belçikada  respublikanın xalq 
								artisti T.Göyçayevin rəhbərliyi ilə  
								"Azərbaycanın xoşməramlı mələkləri" adlı  
								konsert proqramının iştirakçısı  olub. Həmin 
								konsertdə o, "Solo  mio" Neopolitan mahnısını 
								ifa edib. Bu ifa  Azərbaycanın birinci xanımı, 
								YUNESKO-nun və İSESKO-nun  xoşməramlı səfiri 
								Mehriban Əliyeva tərəfindən yüksək 
								qiymətləndirilib.  
								
								
								2009-cu ildə  "Azərbaycan dünyam mənim" 
								mövzusunda məktəblərarası keçirilən  müsabiqənin 
								şəhər turunda  vokal ifaçılığı üzrə I  yerə 
								layiq görüldüyünə görə  İsmayıl  Azərbaycan 
								Respublikası  Gənclər və İdman Nazirliyi və 
								Təhsil Nazirliyi tərəfindən  diplomla təltif 
								olunub.  Elə həmin il "Azərbaycanın mədəniyyət 
								günləri" çərçivəsində Hollandiyada, daha sonra  
								Moskva və Kazan şəhərlərində  öz solo ifası ilə  
								Azərbaycanı təmsil edib. İsmayıl 2010-cu ildə 
								gənc ifaçıların Nazim Əliverdibəyov adına V 
								ümumşəhər müsabiqəsinin vokal üzrə laureatı  
								adına layiq görülüb. 
								
								
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin 17 sentyabr 2010-cu il tarixdə 
								imzaladığı "Gənc istedadların xüsusi təqaüdə 
								layiq görülməsi  haqqında" Sərəncamı ilə İsmayıl 
								Yunusovun adı Azərbaycanın  gənc istedadlarının 
								"Qızıl kitabı"na daxil olunmaqla  o,xüsusi aylıq 
								təqaüdə layiq görülüb.   
								
								
								
								Sifai SƏFƏROVA  |