| 
								 
								
								Uşaqların gələcəyi qayğısına qalmaq, onların 
								xoşbəxt və rahat həyatını təmin etmək üçün 
								əlindən gələni əsirgəməmək azərbaycanlıların 
								milli xüsusiyyətlərindəndir. Deyə bilərik ki, 
								biz bu aspektdə daha çox səy göstəririk. 
								Uşaqlarımız məktəbə getməyə başlayandan onların 
								mükəmməl təhsil almalarına çalışır, yaxşı 
								məktəb, yaxşı müəllim axtarırıq. 
								
								
								Kimliyimizdən asılı olmayaraq, hamımız həm də 
								valideynik. Mənim övladlarım Bakıdakı Əsəd 
								Əhmədov adına 308 nömrəli məktəbdə təhsil 
								alırlar. 
								
								
								Məktəbdə ciddi nizam-intizam var. Məncə, bu 
								bütün valideynlərin ürəyincə olan haldır. Məni 
								xüsusilə razı salan isə müəllim kollektivinin 
								səmimi, qayğıkeş olması, təlimə ciddi münasibət 
								göstərməsidir. 
								
								
								Qızımın riyaziyyat dərsində iştirak edərkən 
								müəllim Vəsilə Məmmədovanın  mövzunu şagirdlərə 
								mükəmməl çatdıra bilməsi, aktiv şəkildə dərsə 
								cəlb etməsi xoşuma gəldi. Həm də sinif rəhbəri 
								şagirdlərin davranışlarına səriştəli bir pedaqoq 
								kimi nəzarət edirdi. 
								
								
								Azərbaycan dili müəllimi Səadət Rzayeva isə öz 
								tələbkarlığı ilə şagirdləri passivlikdən 
								uzaqlaşdırmağı məharətlə bacarır. Qısa zaman 
								ərzində şagirdlərin keçmiş mövzuya hazırlıq 
								səviyyəsini obyektiv şəkildə qiymətləndirməyi 
								bacaran gənc müəllim yeni mövzunun uşaqlar 
								tərəfindən tam qavranılmasına nail olur. 
								
								
								Hesab edirəm ki, övladlarımın ana dilimizi 
								incəliklərinə qədər öyrənə bilməsi, 
								riyaziyyatdan misal və məsələləri həvəslə həll 
								etməsi Səadət müəllimin, Vəsilə müəllimin 
								əməyinin nəticəsidir. 
								
								
								308 nömrəli məktəbdə belə müəllimlər az deyil. 
								Çoxillik pedaqoji təcrübəsi olan Şükufə Aslanlı 
								coğrafiya fənnini tədris edir. Sinifdə vaxtaşırı 
								bilik yarışmaları təşkil edən Şükufə müəllim 
								qızımda coğrafiya fənninə böyük həvəs yaradıb. 
								
								
								İbtidai sinif müəllimi Vəsilə Şahbazova da razı 
								qaldığımız müəllimlərdəndir. Mən onların 
								hamısına təşəkkür edirəm. 
								
								
								Bəzən olur ki, valideynlər hansısa müəllimin ya 
								dərs üslubundan, yaxud da şagirdin biliyini 
								obyektiv qiymətləndirməməsindən razı qalmır. 
								Ancaq düşünürəm ki, narazılıqlarımızı 
								bildiririksə, razılıqlarımızı niyə söyləməyək?
								 
								
								
								Mən bir valideyn olaraq 308 nömrəli məktəbdə 
								işləyən Vəsilə Məmmədova, Səadət Rzayeva, Şükufə 
								Aslanlı, Vəsilə Şahbazovaya, eləcə də onların 
								timsalında əsl müəllimlərə minnətdarlığımı 
								bildirir, onlara uğurlar arzulayıram. 
								
								
								Bir də onu demək istəyirəm ki, yaxşı 
								müəllimlərin sayı çox olduqca biz valideynlərdə 
								övladlarımızın gözəl gələcəyinə ümidlər də 
								artır.  
								
								
								
								Elgül KƏRİMOVA, 
								valideyn, tibb üzrə  
								fəlsəfə doktoru  |