| 
								 
								
								Ölkəmizdə aparılan islahatlar, bazar 
								iqtisadiyyatına əsaslanan yeni istehsal 
								münasibətlərinin formalaşması, əməyin təşkilinin 
								müasir formaları mükəmməl bilik, bacarıq və 
								vərdişlərə yiyələnmiş, dəyişən iqtisadi şəraitə 
								asanlıqla uyğunlaşan, yeniliyi yaradıcı şəkildə 
								mənimsəyən çevik işçi qüvvəsi tələb edir. Bu 
								baxımdan, böyüməkdə olan nəslin həyata praktik 
								cəhətdən hazırlanması, uşaq və gənclərə yaşam 
								üçün vacib ən sadə əməli, məişət, özünəxidmət 
								vərdişlərinin aşılanması, onların əməyə məhəbbət 
								ruhunda tərbiyəsi istiqamətində sistemli iş 
								aparılması çox vacibdir. Məktəbin bu istiqamətdə 
								apardığı işlərdə əmək hazırlığı fənninin 
								tədrisinin daha çox rolu və payı vardır. 
								 
								
								
								 Bütün 
								bunları nəzərə alaraq, mən tədris etdiyim əmək 
								hazırlığı fənninin məzmununa daxil olan texniki, 
								məişət, kulinariya, özünəxidmət kimi əmək 
								növlərinin hər biri üzrə dərslərimi müasir 
								tələblər səviyyəsində qurmağa, hər bir mövzunun 
								təlim-tərbiyə və inkişaf vəzifələrini tam 
								reallaşdırmağa çalışıram. 
								
								
								Müəllimlik fəaliyyətimin ilk illərindən 
								başlayaraq fənnimi sevdirməklə yanaşı, 
								şagirdləri həyata hazırlamaq, maddi ehtiyacı 
								olduqda onu ödəyə bilən, məişətdəki ən sadə əmək 
								əməliyyatlarını yerinə yetirməyi bacaran 
								insanlar kimi yetişdirməyə səy edirəm. Dərsdə 
								şagirdlərin sərbəst işləmələri üçün şərait 
								yaradır, müasir, interaktiv təlim metodlarından 
								geniş istifadə edirəm. Əmək hazılığı dərslərində 
								fərdi, cütlərlə və qruplarla iş metodlarından 
								istifadə xüsusilə səmərəli nəticə verir. Hər 
								mövzuya uyğun metod seçirəm. Dərsin ilk 
								mərhələsində "beyin həmləsi" metodundan istifadə 
								edərək şagirdlərin mövzunu necə öyrəndiklərini 
								aşkar edirəm. Hər şagirdin fikri mənim üçün 
								önəmli olduğundan hamını dinləyirəm. Şagirdlərin 
								arzu, istək və təkliflərini nəzərə alaraq 
								dərsimin gedişini, ssenarisini qururam. Sonra 
								isə hər hansı bir məmulatın və ya xörəyin 
								hazırlanma texnologiyasını, insanın 
								sağlamlığındakı və məişətindəki rolu və iş 
								zamanı təhlükəsizlik qaydaları haqqında onları 
								məlumatlandırıram. Frontal sorğu apararaq 
								mənimsəməni yoxlayıram. Lazım olan ərzaq və 
								ləvazimatları, hazırlama texnologiyasını 
								şagirdlər iş dəftərlərində qeyd edirlər. Növbəti 
								dərsdə nə hazırlayacağımızı qərarlaşdırırıq. 
								Fikirlərimi kulinariya ilə bağlı keçdiyim bir 
								dərsin nümunəsində bir qədər konkretləşdirim.
								 
								
								
								Dərslərin birində qərara aldıq ki, milli 
								mətbəximizdə yüngül xörək hesab olunan 
								"Lavaşiçi" hazırlayaq. Valideynlərin istəyi və 
								ailənin maddi imkanlarına uyğun, könüllü olaraq 
								lazımi ərzaq və ləvazimatlar şagirdlər 
								tərəfindən dərsə gətirilir. Mövzuya həsr olunan 
								ikinci qoşa saatda qızları qruplara bölürəm. 
								Görüləcək işlər qruplar arasında bölüşdürülür. 
								Qızlar ləçəklərini və önlüklərini geyinməkdə 
								bir-birinə yardımçı olurlar. Əllərini sabunla 
								yuyub öz masalarının arxasına keçirlər. 
								Bir-birlərinə mane olmadan sərbəst şəkildə 
								işləyirlər. Onlar özlərini sanki evlərində, öz 
								mətbəxlərində hiss edirlər. Dərslərimiz 5-6-cı 
								saatlara düşəndə əmək nəğmələri, bayatılar 
								səsləndirərək şagirdlərin zehni yorğunluqlarını 
								aradan qaldırmağa çalışıram. Birinci saatın 
								sonunda lavaşın içinə qoyulası ərzaqlar (ət, 
								göyərti, xiyar, pomidor, pendir) xırda-xırda 
								doğranaraq ayrı-ayrı qablara yığılır. Sonra 
								lavaş sərilərək üzərinə xama çəkilir, doğranmış 
								ərzaqlardan düzülərək duz-istiot vurulur, 
								sinifdəki uşaqların sayı qədər (oğlanlarla 
								birlikdə) pay düzəldilir. Paylar salfetin 
								arasında birdəfəlik qablarda verilir. Dərsin 
								sonuna 10 dəqiqə qalmış növbətçilərdən biri 
								oğlanları yeməyə dəvət edir. Səliqəli, təmiz, 
								qənaətlə işləyən şagirdlərə təşəkkür edirik. 
								Qızlar belə dərslərdə yemək masası arxasında 
								əyləşənlərə qulluq etməyi də öyrənirlər. Sinifdə 
								öyrəndiklərini evdə tətbiq edərək valideynlərini 
								sevindirirlər. 
								
								
								Məktəbdə vaxtaşırı olaraq əmək hazırlığı 
								dərslərində şagirdlərin hazırladıqları xörək və 
								məmulatların satış-sərgisini təşkil edirik. 
								Sərgi üçün işləri şagirdlər özləri proqramda "Ən 
								yaxşı əl işinin təqdimatı" mövzusu keçilərkən 
								seçirlər. Bu dərsə məktəbin direktorunu, sinif 
								rəhbərini və təsviri incəsənətə marağı olan 
								müəllimləri də dəvət edirik.  
								
								
								Kulinariya dərslərində hazırladığımız 
								məmulatlardan təşkil olunan satış-sərgi isə 
								digər sərgilərdən daha geniş formatda olması, 
								bütün məktəb kontingentinin bu sərgidə həvəs və 
								maraqla iştirak etməsilə fərqlənir. Müəllimlərin 
								də sərgidən məlumatlı olmaları şagirdləri ona 
								məsuliyyətlə hazırlaşmağa sövq edir. Həmin gün 
								uşaqlar bufetdən heç nə almır, özləri 
								hazırladıqları xörəkləri yeyirlər.  
								
								
								Satış-sərgini belə təşkil edirik: məktəbin 
								dəhlizində stollar düzülür, onların üzərinə ağ 
								süfrələr salınır, hazırlanmış xörəklər, 
								şirniyyatlar qablara yığılaraq stolun üzərinə 
								qoyulur. Hər bir məmulatın qarşısındakı açıqca 
								üzərində onun adı, tərkibi və qiyməti haqqında 
								məlumat verilir. Dəhliz uşaqların əl işləri ilə 
								bəzədilir. Şagirdlərin əl işləri, təsviri sənət 
								nümunələri, dəzgah işləri də satışa çıxarılır. 
								Həm qızlardan, həm də oğlanlardan püşk atmaqla 
								iki satıcı, iki xəzinədar seçilir. Xəzinədar 
								üçün püşk riyaziyyatı yaxşı bilən şagirdlər 
								arasında atılır. Onlar əmək formalarını geyib 
								masa arxasında yerlərini tutur, sərgi 
								iştirakçılarına xidmət göstərirlər. Fasilələr 
								zamanı məktəbin müəllim və şagird heyəti, 
								məktəbə gələn qonaqlar, valideynlər uşaqların 
								böyük həvəslə hazırladıqları yeməkləri və əl 
								işlərini alırlar. Biz, əmək müəllimləri isə 
								kənardan müşahidə aparıb, lazım gəldikdə 
								uşaqlara yardım edirik. Sərginin sonunda 
								şagirdlərin hazırladıqları yeməklərin dəyəri 
								xəzinədar tərəfindən hesablanıb sahiblərinə 
								çatdırılır. Alıcılar sərgi haqqında 
								təəssüratlarını və təkliflərini "Rəy və 
								təkliflər" kitabına qeyd edirlər. Biz təklifləri 
								uşaqlara oxuyuruq.  
								
								
								Liseyimizə bir bayram əhvali-ruhiyyəsi gətirən 
								belə satış-sərgilər həm də şagirdlərin əmək 
								tərbiyəsində mühüm rol oynayır. 
								
								
								Hazırda yeni bir layihə üzərində işləyirik. 
								Dünya rekordlar kitabına düşmüş "Ən hündür 
								bayraq" dirəyinin maketini penoplast üzərində 
								pilə və muncuqlarla hazırlamaq qərarına 
								gəlmişik. Layihəni başa vurandan sonra onun 
								təqdimatını keçirəcəyik. 
								
								
								Əmək hazırlığı dərslərinin belə qeyri-ənənəvi iş 
								forma və üsullarından istifadə olunmaqla 
								keçilməsi fənnin qarşısında duran vəzifələri 
								daha səmərəli reallaşdırmağa imkan verir.  
								
								
								
								Gülsüm İBRAHİMOVA, 
								Bakıdakı 147 nömrəli texniki-humanitar  
								liseyin rəsmxət və əmək hazırlığı müəllimi  |