| 
								 
								
								Bakıdakı 1 nömrəli uşaq evinin "Azəri" mahnı və 
								rəqs ansamblı bu il 19-25 sentyabr tarixlərində  
								Sankt-Peterburq Şəhər Meriyasının maliyyə və 
								"Kastalskiy Klyuç" İctimai Birliyinin təşkilatı 
								dəstəyi ilə keçirilən yetim və valideyn 
								himayəsindən məhrum olmuş uşaqların beynəlxalq 
								 bədii- yaradıcılıq festivalında uğurla çıxış 
								edərək I yerə layiq görülüb. Məlumat üçün 
								bildirək ki, "Kastalskiy Klyuç" İctimai Birliyi 
								Qrişenko Nataliya Vladimirovnanın rəhbərliyi 
								altında fəaliyyət göstərir.  Bu festival 
								adıçəkilən ictimai birliyin  yetim və valideyn 
								himayəsindən məhrum olmuş uşaqlar üçün 
								Sankt-Peterburqda təşkil etdiyi üçüncü  
								yaradıcılıq festivalıdır.  
								
								
								 Festivalın 
								keçirilməsində əsas məqsəd yetim və valideyn 
								himayəsindən məhrum olmuş uşaqların estetik 
								tərbiyəsinin inkişaf etdirilməsidir. Qeyd edək 
								ki, həmin festivalda 7 ölkədən 12 rəqs 
								kollektivi müxtəlif janrlarda öz məharətlərini 
								nümayiş etdirib. Azərbaycanı  Bakıdakı 1 nömrəli 
								uşaq evinin "Azəri" mahnı və rəqs ansamblı 
								təmsil edib. Ansambl bu günlərdə Vətənə dönüb.
								 
								
								
								Səfər təəssüratlarını bizimlə bölüşən 1 nömrəli 
								uşaq evinin direktoru Nərminə Zöhrabova bildirdi 
								ki, 2003-cü ildən fəaliyyət göstərən ansamblın 
								kifayət qədər uğurları var. İstər 
								respublikamızda, istərsə də xarici ölkələrdə 
								keçirilən müsabiqələrdə, festivallarda, eləcə də 
								bir sıra dövlət tədbirlərində müvəffəqiyyətlə 
								çıxış edən ansambl uşaq evinə hər zaman 
								başucalığı gətirib. Ansamblda yüksək səhnə 
								mədəniyyətinə malik olduqca istedadlı uşaqlar 
								var. Hər çıxışına ilk çıxışı kimi böyük coşqu, 
								eyni zamanda məsuliyyətlə yanaşan kollektivin 
								üzvləri qazandıqları uğurları da elə  ilk 
								uğurları kimi qəbul edirlər.  
								
								
								Uşaq evinin direktoru "Azəri" mahnı və rəqs 
								ansamblının Sankt-Peterburq şəhərindəki 
								beynəlxalq festivalda ilk dəfə çıxış etməsinə 
								baxmayaraq, I yerə layiq görülməsinin onlara 
								olduqca xoş təsir bağışladığını dedi. Onu da 
								bildirdi ki, festivalda iştirakçılardan 
								incəsənətin müxtəlif janrlarında - klassik, 
								xalq, müasir rəqs nömrələri üzrə və eyni 
								zamanda, pantomima, sirk nömrələri və parodiya 
								ilə çıxış etmək tələb olunurdu. Ansambl 
								festivalda ümumilikdə 6 rəqslə çıxış edib, 2 
								mövzuda - "Xeyir və şər" və ölməz bəstəkarımız 
								Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasından 
								isə  müəyyən bir hissəni hazırlayaraq  pantomima 
								göstəriblər. "Xeyir və şər" mövzusunda 
								hazırlanmış pantomima səhnəciyini  Xocalı 
								soyqırımına həsr etdiklərini bildirən direktor 
								uşaqların həmin faciəni kövrək duyğularla, 
								müəyyən mimika, ifadəli hərəkətlərlə başqa 
								millətin nümayəndələrinə məharətlə çatdıra 
								bildiklərini və bu çıxışın tamaşaçılarda kədərli 
								hisslər oyatdığını, onların təsirləndiklərini 
								söylədi.  
								
								
								 Uşaqlar  
								tərəfindən nümayiş olunan istər rəqslər, istərsə 
								də  göstərilən pantomimalar  münsiflər heyəti, 
								eyni zamanda digər ölkələrin iştirakçıları və 
								bütövlükdə tamaşaçılar tərəfindən böyük maraqla 
								qarşılanb. Hamının rəğbətini qazanan ansamblın 
								uğurlu çıxışlarının ayrı-ayrı məqamlarından söz 
								açan N.Zöhrabova  bu səfərin yaddaqalan olduğunu 
								vurğuladı. Belə ki,  Azərbaycan nümayəndələri 
								səfər çərçivəsində Ermitajda, Perqof, Qatçina  
								və A.S.Puşkinin ev-muzeyində olublar. Onlar  
								həmçinin Böyük Kukla Teatrında, Musiqili 
								Komediya Teatrında tamaşalara baxıblar, 
								Sankt-Peterburqun bir sıra görməli yerlərinə baş 
								çəkiblər.  
								
								
								Direktor onu da əlavə etdi ki, digər ölkələrin 
								iştirakçıları ilə söhbət zamanı onlar dövlətimiz 
								tərəfindən yetim və valideyn himayəsindən məhrum 
								olmuş uşaqlara necə diqqət və qayğı ilə 
								yanaşılmasının şahidi olduqlarını söyləyir, 
								ölkəmizdə belə uşaqlar üçün yaradılan şəraitin 
								yüksək səviyyədə olmasını müsbət 
								qiymətləndirirdilər.  
								
								
								Ölkəmizdə  yetim və valideyn himayəsindən məhrum 
								olan uşaqlara göstərilən qayğıdan razılıq hissi 
								ilə danışan  Nərminə Zöhrabova Təhsil 
								Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi 
								işləri yüksək dəyərləndirdi.  1 nömrəli uşaq 
								evinin mahnı və rəqs ansamblına yüksək etimad 
								göstərərək onların belə bir geniş tərkibdə 
								festivalda iştirakını təmin etdiklərinə görə 
								təhsil naziri Misir Mərdanova öz təşəkkürünü 
								bildirdi.  
								
								
								
								Samirə KƏRİMOVA   |