| 
								 
								
								
								"Pedaqoji (təlim və tərbiyə) tarixi şərqdə".
								
								
								Müəllifi: Professor Fərrux Rüstəmov (Ustad-e 
								Daneşqah). Tərcüməçi: Həsən Cəfəri Qənbəri. 
								Təbriz - Bəmhar, Xurşidi-Afərin,  1389).  
								
								
								  Son 
								dövrlərdə tarixi - pedaqoji irsin 
								araşdırılmasına maraq və diqqət demək olar ki, 
								hər yerdə artmışdır. Bunu təbii hal kimi qəbul 
								etmək olar. Çünki geriyə baxmadan, keçmiş 
								pedaqoji təcrübələri öyrənib təhlil etmədən, 
								onlardan nəticə çıxarmadan, həmçinin başqa 
								xalqların təcrübəsini, pedaqoji fikrini 
								öyrənmədən, müqayisələr aparmadan  cəmiyyətin 
								müasir təhsilini müvəffəqiyyətlə qurmaq olmaz.
								 
								
								
								Mübaliğə etmədən deyə bilərik ki, Azərbaycan 
								təhsili öz inkişafında həmişə mütərəqqi 
								təcrübələrə əsaslanmış, xüsusilə Şərq 
								fəlsəfi-pedaqoji fikrinə istinad etmiş, Qərb 
								pedaqoji fikrindən faydalanmış, dünya pedaqoji 
								təcrübəsinə əsaslanmış və özünün ildən-ilə 
								təkmilləşən, yeniləşən müasir təhsil sistemini  
								qurmuş və bu sahədə də hər zaman qabaqcıl 
								mövqedə olmuşdur.  
								
								
								Hörmətli təhsil nazirimiz, professor Misir 
								Mərdanovun Azərbaycan təhsilinin keçmişi və bu 
								günü ilə əlaqədar mətbuatda dərc etdirdiyi 
								silsilə məqalələri, "Azərbaycan təhsili yeni 
								inkişaf mərhələsində" (Bakı, 2009, 528 səh.), 
								Azərbaycan təhsil tarixi ilə bağlı kitabları 
								məhz təhsil tariximizdən, məktəb və pedaqoji 
								fikir tariximizdən qaynaqlanan dəyərli 
								əsərlərdir. 
								
								
								Dünya xalqlarının, Şərq pedaqoji  fikrinin, 
								Azərbaycan məktəb və pedaqoji fikrinin 
								araşdırılması ilə bağlı keçən əsrin 20-ci 
								illərindən professorlardan X.Fikrət, 
								B.B.Komarovski, Ə.Seyidov, M.Mehdizadə və 
								H.Əhmədovun, dosent Ə.Tağıyevin Azərbaycanda 
								yaratdıqları ənənə bu gün də yeni pedaqoji 
								təfəkkür işığında daha mükəmməl şəkildə  uğurla 
								davam etdirilir.  
								
								
								Pedaqoji fikir tariximizin araşdırılmasında öz 
								dəst-xətti ilə tanınan, Şərq, Qərb, ümumdünya 
								pedaqoji fikrinin  yorulmaz  tədqiqatçısı, 
								həmişə məhsuldar elmi yaradıcılığı ilə seçilən, 
								müasir Azərbaycan pedaqojişünaslığının əsasını 
								qoyan pedaqoji elmlər doktoru, professor Fərrux 
								Rüstəmovun elmi nailiyyətləri bu gün nəinki 
								respublikamızda, artıq beynəlxalq miqyasda  
								diqqəti cəlb edir. Onun  "Şərqdə  pedaqogika 
								tarixi" adlı əsərinin bu yaxınlarda İranda nəşr 
								olunması pedaqoji ictimaiyyətimiz üçün 
								sevindirici hal olmaqla bərabər, həm də böyük 
								elmi-pedaqoji, ictimai-siyasi və  tarixi hadisə 
								kimi qiymətləndirilə bilər. Bu ilk pedaqoji 
								hadisədir ki, Azərbaycan pedaqoqunun əsəri ana 
								dilində 1000 tirajla İranda nəşr olunur. Bu, 
								həmçinin Azərbaycan pedaqoq-aliminin əsərinə 
								zəngin pedaqoji ənənələrə, qədim təhsil 
								tarixinə  malik  İran İslam Respublikasında 
								verilən yüksək qiymətdir. 
								
								
								Əsər İran İslam Respublikasının təhsil nazirinin 
								və Xüsusi Siyasi İdarənin icazəsi ilə Təbrizdə 
								ərəb əlifbası ilə Təbriz ləhcəsinə 
								uyğunlaşdırılaraq Azərbaycan dilində nəşr 
								edilmişdir. Bu, Təbriz əhlinə, bəlkə bir qədər 
								də geniş miqyasda, 30 milyondan artıq 
								azərbaycanlılara ana dilində ünvanlanmış dəyərli 
								pedaqoji əsərdir. Kitabın birinci fəsli 
								"Tərbiyənin meydana gəlməsi və onun inkişafı", 
								ikinci fəsli "Qədim Şərqdə məktəb və tərbiyə", 
								üçüncü fəsli "Xristianlığaqədərki dinlərdə 
								tərbiyə və erkən xristianlıqda tərbiyə", 
								dördüncü fəsli "Orta əsrlərdə Şərqdə məktəb və 
								pedaqoji fikir", beşinci fəsli "İslam Şərq 
								pedaqoji fikrinin mühüm qaynağıdır", altıncı 
								fəsli  "19-cu əsrdə məktəb və pedaqogika" 
								adlanır. Fəsillərin adından göründüyü kimi, əsər 
								geniş bir dövrü əhatə etməklə özü 377 səhifədən 
								ibarət olaraq Yaxın, Orta və Uzaq Şərqi əhatə 
								etmişdir.   
								
								
								Kitab və onun fəsilləri  haqqında ümumiləşmiş 
								fikirlər söyləyərkən deyə bilərik ki, professor 
								Fərrux Rüstəmov ilk dəfə olaraq Şərq 
								dəyərlərini, Şərq müdrikliyini tədrisə 
								gətirmişdir və müəllifin fikirlərindən aydın 
								olur ki, ilkin pedaqoji fikirlər,  ilkin savad 
								təlimi, əlifba, kitab, kitabxana,  mətbəə, kağız 
								və qələmin icadı Şərqə məxsusdur. Əsərdə Şərq 
								təhsilinin, Şərq pedaqoji fikrinin bitkin 
								konsepsiyaya malik olduğu və onun Qərb 
								təhsilinin inkişafına  təsiri aydın fakt və 
								nümunələrlə göstərilir.  
								
								
								"Bir saat elm öyrənmək, altmış il nafilə 
								ibadətdən yaxşıdır" - deyən Məhəmməd Peyğəmbər, 
								"Elmü - ədəbdir kişinin ziynəti,  Elmü - ədəb 
								olmasa yox rahəti", - deyən Həzrət Əli, "Ədəb 
								bir tac imiş nuri-xudadan, Gey ol tacı, əmin ol 
								hər bəladan", - deyən Farabi, "Ya olduğun kimi 
								görün, ya göründüyün kimi ol", - deyən 
								Cəlaləddin Rumi, "Əlinə, Dilinə, Belinə sahib 
								ol!", - deyən Hacı Bektaş Vəli, "Oruc, namaz, 
								zəkat bəzi hallarda vacib, bəzi hallarda 
								qeyri-vacib sayılırsa, elm öyrənmək həmişə 
								vacibdir", - deyən Qəzzali, "Ağıl ilə dövlət 
								qazanmaq olar, dövlətlə ağıl qazanmaq olmaz", - 
								deyən Keykavus və bu kimi müdrik fikirlər Şərq 
								fəlsəfi-pedaqoji fikrinin məhsuludur. 
								 
								
								
								Kitabın əvvəlində "Mütərcimin sözlüyü"ndə 
								yazılır: "Təlim-tərbiyə mərkəzlərində çalışan 
								adamların bir sırası elmin əsl qaynaqlarını 
								yalnız  Qərbdə olan alimlərin əsərləri 
								bilirlər... Təəssüf ki, Farabi, Biruni, Tusi, 
								İbn Sina, Keykavus  kimi  alimlərin adını belə 
								bilmirlər. Bu kitabda onlar haqqında ətraflı 
								məlumat verilir. Kitabda Allaha inanmaq, 
								xüsusilə İslam dinini əqidə üçün seçməklə bağlı  
								təkidli sözlər vardır.  Müəllif özünün müsəlman 
								olmasını bildirir və o, "Quran"dan Həzrəti 
								Məhəmməddən (s.ə.s), Həzrəti Əlinin  "Nəhcül 
								Bəlağa"sından təlim-tərbiyə haqqında olan 
								fikirləri  izah etmişdir. Bu kitab bizim 
								xalqımızın savadlısı üçün də və savadsızı  üçün 
								də  əhəmiyyətlidir. Bu kitab təlim-tərbiyə işi 
								ilə  çalışan adamlar, o cümlədən  müəllimlər,  
								valideynlər,  ruhanilər, tələbələr, şagirdlər  
								və tədqiqatçılar üçün bir  mənbədir ".   
								
								
								
								Rüfət HÜSEYNZADƏ, 
								AMİ-nin pedaqogika kafedrasının müdiri, pedaqoji
								 
								elmlər doktoru, professor, əməkdar müəllim  |