| 
								 
								
								1917-ci ildə Rusiyada baş vermiş Böyük Oktyabr 
								Sosialist İnqilabının nəticəsində S.Şaumyanın 
								başçılıq etdiyi bolşevik-daşnak Bakı Soveti Bakı 
								quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik 
								erməni olan və Böyük Britaniya hökumətindən bir 
								milyon qızıl rubl məbləğində ilkin yardım alan 
								Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı 
								bolşeviklərlə erməni millətçilərinin 
								əməkdaşlığını təmin etmişdi. Ötən yüzillikdə 
								ermənilərin azərbaycanlılara qarşı törətdikləri 
								kütləvi qırğınlar, talanlar artıq öz təsdiqini 
								tapmışdı.  
								
								
								 Təkcə 
								tarixi faktlar və yazılı mənbələr deyil, həm də 
								bilavasitə hadisələrin törədildiyi ünvanlar bu 
								soyqırımların gerçəkliyinin danılmaz olduğuna 
								heç kəsdə şübhə yeri qoymayıb. Özü də 
								hadisələrin coğrafiyası yalnız ermənilərin 
								məskunlaşdığı əraziləri deyil, Azərbaycanın 
								əksər bölgələrini əhatə edir. Belə ki, 
								Qarabağda, Zəngəzurda, Qubada, Şuşada, Göyçayda, 
								Şamaxıda, Gəncədə, Lənkəranda, Naxçıvanda, 
								Neftçalada və digər ərazilərdə baş vermiş 
								hadisələr, törədilən qətliamlar tarixi fakt 
								olmaqla artıq öz təsdiqini çoxdan tapıbdır. 
								
								
								2007-ci ilin aprel ayında Quba şəhərinin 
								şimal-qərb hissəsində, yəni Qudyalçayın sağ 
								sahilində yerləşən stadionun yaxınlığında 
								yenidənqurma işləri aparılarkən kütləvi məzarlıq 
								aşkar edildi. Üstü açılan bu mənzərə hər kəsi 
								dəhşətə gətirdi. Dərhal Azərbaycan MEA-nın 
								Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat 
								verildi. İnstitutun əməkdaşları Qəhrəman Ağayev 
								və Əsgər Əliyev Quba rayonuna ezam edildilər. 
								Onların araşdırmaları tezliklə böyük bir 
								cinayətin üstünü açdı. Aparılan tədqiqatlar 
								göstərdi ki, burada kütləvi qırğın 
								törədilmişdir. 500 kvadrat metr ərazini əhatə 
								edən, dərinliyi 4 və 5 metr olan iki quyudan 
								ibarət bu məzarlıqda ilk dəfə 55 insanın cəsədi 
								ortaya çıxdı. Bu cəsədlərin 24-ü 8-14 yaşlı 
								uşağa aid idi. 23 cəsədin isə qadınlara məxsus 
								olduğu dəqiqləşdirildi. 
								
								
								Aparılan tədqiqatlar zamanı məlum oldu ki, 
								1918-ci ilin may ayında Bakıda törədilən 
								qırğınlarla yanaşı, bolşeviklərin lideri 
								S.Şaumyanın tapşırığı ilə erməni generalı 
								Amazaspın komandanlığı altında Qubaya xüsusi 
								cəza dəstəsi göndərilib. Həmin dəstə Quba 
								şəhərində 2000-dən artıq günahsız insanı qətlə 
								yetirmişdir. Diri-diri torpağa basdırılan bu 
								insanların günahı yalnız müsəlman, azərbaycanlı 
								olmaları idi.  
								
								
								Qubada tapılan kütləvi məzarlıq indi yalançı 
								erməni soyqırımı barəsində təbliğat aparan 
								ermənilərin həyasızlığını, yalanlarını ifşa edən 
								danılmaz faktlardandır. Ötən ilin sentyabr 
								ayının 18-də Qubaya səfər etmiş ölkə Prezidenti 
								İlham Əliyev cənabları həmin məzarlığın 
								yerləşdiyi ərazini ziyarət etmiş və burada muzey 
								kompleksinin tikilməsi barədə göstərişlər 
								vermişdi. Artıq bu istiqamətdə addımlar atılır. 
								Tarixin bir acı həqiqətini də Azərbaycana səfər 
								edən turistlərin, tarixçilərin, bütövlükdə dünya 
								ictimaiyyətinin diqqətinə çatdırmaq üçün gərəkli 
								işlər görülür. Zaman nə qədər dəyişir dəyişsin, 
								həqiqəti gizlətmək mümkün deyil. Belə ki, 
								ermənilər də öz cinayətlərini gizlədə 
								bilmədilər. Quba məzarlığı onları bir daha ifşa 
								etdi.  
								
								
								 Tarixi 
								mənbələrdən, həmin dövrün sənədlərindən məlum 
								olur ki, erməni vəhşiliyi və vandalizmi 
								bolşevizmin böyük dəstəyi nəticəsində milli 
								mənəvi dəyərlərimizə ağır zərbə vurmuş, 
								respublikamızın gələcək inkişafını ləngitmişdir. 
								İnsanlarda böyük qorxu yaradan bu vəhşilik 
								haqqında həmin dövrdə Qafqaz İslam Ordusunun 
								əsgərinin qeydlərində yazılmışdır:   
								
								
								"Ermənilər bu ətrafdakı bütün müsəlman 
								kəndlərini yandırmış, əhalisini qətl və məhv 
								etmişdir. Bu kənd həmd olsun, özünü 
								qurtarmışdır. Burada ermənilər kişi deyiləcək 
								heç kimi saxlamamışlar. Hamısını samanlıqlara 
								dolduraraq məhv etmişdir. Bununla yanaşı, bütün 
								mal-qara və inəkləri güllələmişlər. Minlərlə 
								mal-qara leşləri vardır. Bu qətliamı görəndə qan 
								ağlamamaq mümkün deyil. Unudulmayacaq günlərdir. 
								Vay, zavallı müsəlmanlar (...) Müsəlmanları məhv 
								etmək və şərqdə bir erməni hökuməti təşkil etmək 
								qayəsi ilə məmləkətimizdə çalışan və hər gün 
								ixtilal (iğtişaş) çıxaran ermənilərin 
								müsəlmanlara nə qədər faciəli zülmlər etdikləri 
								və neçə-neçə müsəlman kənd və qəsəbələrini məhv 
								etdikləri məlumdur.  Edilən faciəli zülmlər 
								təsəvvür edilməz bir dərəcədədir. Bir çox 
								müsəlman uşaqların kəllələrini kəsərək.., bir 
								çox insanların ciyərlərini çıxararaq divarlara 
								mıxla vurmuş, bir çox bədəni, əlləri, kəllələri 
								divarlardan asmışlar. Artıq ermənilərin 
								müsəlmanlara etdikləri zülmlər haqqında 
								uzun-uzadı yazmağa lüzum görmürəm. Şərq 
								vilayətlərimizdə olan müsəlman qardaşlarımız, 
								kəndlilərimiz, qəsəbəlilərimiz bu böyük zülmlərə 
								şahiddir. Bunun üçün müsəlmanlar bu faciəni 
								əbədi olaraq unutmamalıdır".  
								
								
								Belə mənbələrdən biri də 7 may 1918-ci ildə 
								Bakıya gələn Brandner adlı alman casusunun 
								raportlarıdır. Həmin raportların birində 
								ermənilərin Bakıda və ətraf ərazilərdə törətdiyi 
								qətliamlar haqqında aşağıdakı məlumatlar vardır: 
								"Bakı və onun ətrafında olan əyalətlər 3 
								apreldən etibarən bolşeviklərin əlindədir. 
								Azərilərin Tiflislə əlaqəsi tam kəsilmiş 
								vəziyyətdə 400-500 nəfərlik nizami birlikləri 
								var. Əksinə, ermənilərin yanvar ayından bəri 
								bir, bolşeviklərin də iki yarım alay əsgəri 
								vardı. Qətliam 31 mart günü başladı və 3 aprel 
								günü qurtardı. Təxminən 12 min nəfər öldü. Bəzi 
								evlər yandırıldı, bəzi evlər də top atəşləri 
								nəticəsində yox edildi. Əlimdə ermənilərin 
								qətliam törətdiklərini sənədləşdirən bəzi 
								fotolar var. Burada bir azəri soyqırımından 
								söhbət gedə bilər. Qaça bilməyən azərilər 
								evlərində ermənilər tərəfindən öldürüldülər. 
								Ermənilər hamilə ananın qarnındakı dölləri deşib 
								çıxarmışlar. Uşaqlar da bu qətliamlarda nəsibini 
								almışdır. Bu qətliama görə, ruslarla ermənilər 
								arasında bir soyuqluq olduğu nəzərə çarpır...".
								 
								
								
								Bəli, hələ əsrin əvvəllərində erməni-bolşevik 
								birləşmələrinin Azərbaycanda apardığı soyqırımı 
								siyasəti bir çox xalqların nümayəndələri 
								tərəfindən nəzərə çatdırılsa da, sonralar sovet 
								imperializmi bu vəhşiliklərin üstünü ört-basdır 
								etmiş, dünya ictimaiyyətindən gizlətmişdir. 
								Lakin zaman həmişə olduğu kimi, bu gün də 
								gerçəkliklərin üzünü açmış, ermənilərin 
								törətdikləri vəhşiliyin bağlı qalmasına şərait 
								yaratmamışdır. Bu gün Quba məzarlığında tapılan 
								cəsədlər bunu bir daha sübut edir.  
								
								
								
								Niyazi RƏHİMOV  |