| 
								 
								
								Ulu öndərimiz Heydər Əliyevin "Təhsil millətin 
								gələcəyidir" müdrik sözlərini həmişə bəyənmiş və 
								təqdir etmişəm. Bir millətin işıqlı istiqbala və 
								gələcəyə  yiyələnə bilməsi üçün təhsilin önəmi 
								danılmaz və şübhəsizdir. Odur ki, hazırkı 
								iqtisadi inkişaf və dünyaya inteqrasiya 
								şəraitində ölkəmizdə inkişaf etməkdə olan elm və 
								təhsilin bizi hədəf seçdiyimiz parlaq və 
								mütərəqqi gələcəyə qüvuşmağımızı daha da 
								yaxınlaşdıracağını  düşünür və buna inanıram. 
								
								
								Bunları söyləyərkən əsas gətirdiyim, istinad 
								etdiyim bir sıra amillər vardır, əlbəttə ki, 
								yeni məktəblərin tikilməsi, mövcud olanların 
								madditexniki bazasının yaxşılaşdırılması yolunda 
								atılan addımlar və s. Belə amillərdən biri də 
								tədris müəssisələrinin pulsuz dərsliklərlə 
								təminatıdır. Bildiyimiz kimi, uzun müddət 
								Azərbaycan məktəblərində yaşanan və tədrisin 
								keyfiyyətinə bilavasitə mənfi təsir göstərən 
								dərslik çatışmazlığı probleminin, artıq bir neçə 
								ildir ki, həll edilməsi təqdirəlayiq hal olmaqla 
								biz şagirdləri sevindirir. Zənnimcə, elm və 
								biliyə meyil edən, dəyər verən və keyfiyyətli 
								təhsil almaq istəyən hər bir şagird bundan 
								ruhlanmışdır. Şəxsən mən bir Azərbaycan 
								vətəndaşı və şagirdi olaraq qürurlanır və 
								sevinirəm.  
								
								
								Ancaq, əfsus ki, hərdən kitaba qarşı etinasız 
								münasibətlə qarşılaşarkən üzülməyə bilmirəm.  
								Birini bu və ya digər kitabı "vərəq" sanıb 
								yazarkən və ya hər hansı bir şəkildə 
								zədələyərkən görüncə,  bunların bizim üçün, 
								təhsil ala bilməmiz üçün külli miqdarda vəsait 
								müqabilində ərsəyə gəldiyini düşünərək 
								təəssüflənir  və belələrini hər vəchlə 
								əngəlləməyə və çəkindirməyə çalışıram. 
								 
								
								
								Mənim düşüncəmə görə, yalnız kitaba qayğı ilə 
								yanaşan, ona dəyər verən və hörmət edən kəs uğur 
								və müvəffəqiyyətə nail ola bilər.  Kitaba qarşı 
								xoş rəftar ona dəyər vermənin nişanəsidir, 
								kitabı dəyərləndirən və sevən şəxs isə elmi 
								dəyərləndirəndir. Odur ki, hər bir şagirdə 
								kitabları sevməyi və qorumağı tövsiyə edirəm.  
								Əks təqdirdə, gələcək nəsillərin dövlətimizin 
								bizlərə göstərdiyi qayğıdan tam yararlana 
								bilməsini əngəlləmiş olarıq.  Ümumiyyətlə, bizim 
								rifahımız üçün yaradılan, bizə bilgi verəcək, 
								faydalana biləcəyimiz hər bir şeyə yüksək qiymət 
								verib onu sevməliyik. Var olanı dəyərləndirərək, 
								şübhəsiz, daha çox şey qazana bilərik. Və təbii 
								ki, bütün bu keyfiyyətləri və xüsusiyyətləri 
								bizlərə aşılamaq yolunda müəllimlərimiz də əsas 
								rola malikdirlər. Düşünürəm ki, yuxarıda qeyd 
								olunmuş  arzuolunmaz və xoşagəlməz hallardan 
								qorunmaq üçün onların üzərinə maarifləndirmə 
								baxımından ciddi və önəmli iş düşür. 
								
								
								Biz isə işıqlı Azərbaycan gələcəyinin bizlərə 
								ehtiyacı olduğunu düşünsək, yaşadığımız dövrün 
								ən yüksək keyfiyyətlərindən yararlanaraq layiqli 
								vətəndaş ola bilmək yolunda daha da əzmlə 
								çalışmaqla, bunu özümüz üçün ümdə amala 
								çevirməklə xoşbəxt və firavan gələcəyə daha 
								yaxın ola bilərik.    
								
								
								
								Fəxri XANLARZADƏ, 
								Zərdab şəhəri 1 nömrəli H.Zərdabi  
								adına məktəb-liseyin XI sinif şagirdi 
								  |