| 
								 
								
								Əsası ümummilli lider Heydər Əliyev tərəfindən 
								qoyulmuş təhsil sahəsində İslahat Proqramı bu 
								gün onun layiqli davamçısı, möhtərəm Prezident 
								cənab İlham Əliyevin rəhbərliyi altında uğurla 
								həyata keçirilir. Azərbaycan dünyada siyasi 
								cəhətdən ən stabil ölkələr sırasına çıxmış, 
								iqtisadi inkişaf tempinə görə lider ölkəyə 
								çevrilmiş və ölkəmizdə təhsilin inkişafı üçün 
								hərtərəfli şərait yaradılmışdır. 
								
								
								 Son 
								illər təhsilin zəruri, hüquqi bazasının 
								yaradılması, məzmun və strukturunda müasir 
								tələblərə uyğun dəyişikliklərin aparılması 
								isdiqamətində səmərəli işlər görülmüşdür. 
								"Təhsil haqqında" Azərbaycan Respublikası 
								Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq, 
								"Ümumi təhsil pilləsinin dövlət standartları və 
								proqramları (kurikulumları)" sənədi hazırlanmış 
								və 3 iyun 2010-cu il tarixdə hökumət tərəfindən 
								təsdiq olunmuşdur. 
								
								
								Ümumi təhsilin idarə olunması, infrastrukturu, 
								maddi-texniki və tədris bazası, təhsil 
								verənlərin keyfiyyət göstəriciləri və s. kimi 
								zəruri məsələlər sənəddə öz əksini tapmışdır.
								 
								
								
								Ölkəmizin bütün bölgələrində olduğu kimi, İmişli 
								rayonunda da təhsilin inkişafı, keyfiyyətinin 
								yüksəldilməsi istiqamətində mühüm addımlar 
								atılır. Hazırda rayonda 63 ümumtəhsil məktəbi 
								fəaliyyət göstərir. Bu məktəblərdə 17 minə qədər 
								şagirdin təlim-tərbiyəsi ilə 1611 müəllim məşğul 
								olur. Müəllimlərin 1221 nəfəri ali, 353 nəfəri 
								orta ixtisas, 4 nəfəri natamam ali, 33 nəfəri 
								isə ümumi orta təhsillidir. Rayon üzrə 
								müəllimlərin 924 nəfərini (57,3 %) qadınlar 
								təşkil edir.  
								
								
								Ötən dərs ilində pedaqoji kadrların təminatı 
								üzrə məlum "İnkişaf proqramı"nın yerinə 
								yetirilməsi diqqət mərkəzində saxlanılmışdır. 
								2009-2010-cu dərs ilində rayona təyinatla 48 
								müəllim gəlmişdir. İnkişaf proqramının 1-ci və 
								2-ci istiqamətləri üzrə 63 müəllim rayonun kənd 
								orta məktəblərində vakant olan yerlərə təyin 
								olunmuşdur. Rayona gələn müəllimlərin hamısı 
								dövlət qayğısı ilə əhatə olunmuş, onlara lazımi 
								şərait yaradılmışdır. Ancaq bununla belə ötən 
								dərs ilində rayonda əsas ixtisaslar üzrə 74 
								nəfər müəllimə ciddi ehtiyac olmuşdur. Yeni dərs 
								ili ərəfəsində rayona təyinatla 14 nəfər müəllim 
								gəlmiş, onlar kənd məktəblərindəki vakant 
								yerlərə göndərilmişlər. 
								
								
								Rayonda 14 məktəbəqədər təhsil müəssisəsi 
								fəaliyyət göstərir. Onlarda 32 qrupda 628 uşağın 
								təlim-tərbiyəsi ilə 76 nəfər tərbiyəçi məşğul 
								olur. Rayon üzrə məktəbəqədər yaşlı uşaqların 
								cəmi 15 faizə qədəri məktəbəqədər təhsilə cəlb 
								olunmuşdur. Eyni zamanda rayonda 4 
								məktəbdənkənar müəssisə fəaliyyət göstərir. 
								Ümumilikdə 258 qrupu olan bu müəssisələrdə 110 
								nəfər dərnək rəhbəri məktəblilərin asudə 
								vaxtının səmərəli təşkili ilə məşğuldur. 
								
								
								Ötən tədris ilində məktəbəqədər və 
								məktəbdənkənar müəssisələrdə daxili əmək 
								intizamı, iş rejimi, sanitar-gigiyenik vəziyyət, 
								müvafiq normativ sənədlərin tələblərinin yerinə 
								yetirilməsi vəziyyəti öyrənilmiş, aşkara 
								çıxarılan nöqsanlara görə müvafiq intizam 
								tənbehi görülmüş, lazımi metodiki, təlimati 
								köməkliklər göstərilmişdir. 
								
								
								 2009-2010-cu 
								tədris ilində rayonun təhsil müəssisələrinin 
								maddi-texniki bazasının yaxşılaşdırılması, 
								inventar və tədris avadanlıqları ilə təmin 
								olunması sahəsində xeyli iş görülmüşdür. Belə 
								ki, dövlət büdcə vəsaiti hesabına Sarıxanlı kənd 
								2 nömrəli orta məktəb üçün 220 yerlik müasir 
								tipli yeni bina tikilərək ötən dərs ilinin ilk 
								günündə istifadəyə verilmişdir, habelə, yerli 
								büdcə vəsaiti hesabına Muradallı kənd orta və 
								Allahmədətli kənd ümumi orta təhsil məktəbləri 
								əsaslı şəkildə, Hacırüstəmli kənd tam orta 
								təhsil məktəbi isə cari təmir olunmuşdur. 
								 
								
								
								2010-2011-ci tədris ilində Nurulu  kənd  tam 
								orta təhsil məktəbi  üçün  dövlət vəsaiti 
								hesabına  180 yerlik müasir tipli yeni  bina 
								tikilmiş, tədris ili ərəfəsində onun açılışı 
								olmuşdur.  Fövqəladə Hallar Nazirliyinin 
								hesabına Rəsullu kənd tam orta təhsil məktəbinin 
								binası əsaslı təmir olunmuşdur. Kür çayının 
								daşması ilə əlaqədar məlum hadisələrdən sonra 
								Fövqəladə Hallar Nazirliyinin xətti ilə Telişli 
								kəndi yaxınlığında salınan yeni qəsəbədə 132 
								yerlik və Əlyetməzli kənd tam orta təhsil 
								məktəbi üçün 120 yerlik yeni binalar tikilir.
								 
								
								
								Eyni zamanda yerli büdcə vəsaiti hesabına şəhər 
								6 nömrəli və  şəhər 7 nömrəli tam orta təhsil 
								məktəblərinin binaları əsaslı təmir olunmuşdur.
								 
								
								
								2010-2011-ci tədris ili ərəfəsində Təhsil 
								Nazirliyindən Azərbaycan və rus bölmələri üçün 
								126 adda 59748 ədəd pulsuz dərslik və müəllimlər 
								üçün vəsait alınaraq rayonun ümumtəhsil 
								məktəblərinə verilmişdir. Habelə, rayonun 
								məktəbəqədər təhsil müəssisələri üçün 15 adda 
								tədris vəsaitləri toplusu alınaraq onlara 
								çatdırılmışdır. 
								
								
								2009-2010-cu tədris ilində rayonun təhsil 
								müəssisələrinin tədris avadanlıqları ilə 
								təminatı daha da yaxşılaşdırılmışdır. Belə ki, 
								393 ədəd parta, 204 ədəd stol, 399 ədəd stul, 80 
								ədəd kitab şkafı, 137 ədəd paltar asılqanı, 37 
								ədəd yazı lövhəsi və kompüterlər üçün 34 ədəd 
								sürətçıxaran-printer alınaraq məktəblərə 
								verilmişdir.  
								
								
								Hazırda rayonun məktəblərində 493 kompüter var. 
								Məqsəd cari tədris ilində onlardan daha səmərəli 
								istifadəyə nail olmaqdır. 
								
								
								 Ötən 
								tədris ilinin uğurlarından  biri də 2009-cu ildə 
								Beynəlxalq  Müəllimlər  Günü ərəfəsində  
								rayonumuzun  bir qrup  təhsil  işçisinin  
								əməyinin dövlət tərəfindən yüksək 
								qiymətləndirilməsidir. Ölkə Prezidentinin 
								sərəncamı  ilə  Qızılkənd kənd  tam orta  təhsil 
								məktəbinin  direktoru, mərhum Qurbanəli  
								Məmmədov "Əməkdar müəllim" fəxri  adına, RTŞ-ın  
								aparıcı  məsləhətçisi  Səttar  Atakişiyev  
								"Tərəqqi" medalına, təhsil  nazirinin əmri ilə  
								RTŞ-ın müdir  müavini Vahid Tağıyev  və  səhər 5 
								nömrəli məktəb - liseyin  direktoru  Validə  
								Zülfüqarova "Qabaqcıl  təhsil işçisi" döş 
								nişanına layiq  görülmüşlər. 
								
								
								Ötən tədris ili ərzində  rayon təhsil şöbəsi 
								tərəfindən  təhsilin səviyyəsini daha da 
								yüksəltmək, pedaqoji kollektivlərə kömək etmək 
								üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 
								Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin 
								vəziyyətini öyrənmək və müvafiq tövsiyələr 
								vermək üçün monitorinq, treninq və reydlər 
								təşkil edilmiş, müşahidə olunan nöqsanların 
								aradan qaldırılması üçün tədbirlər görülmüşdür. 
								
								
								Tədris ili ərzində əmək intizamı, şagirdlərin 
								məktəbə davamiyyəti diqqət mərkəzində 
								saxlanılmışdır. Əvvəlki illərdə olduğu kimi, 
								tədris ilinin əvvəlindən başlayaraq rayonda 
								məktəb rəhbərləri tərəfindən  müəllimlərin 
								dərslərinin necə dinlənilib təhlil edildiyi, 
								hansı tövsiyələr verildiyi nəzarətdə 
								saxlanılmış, bu barədə hər bir direktora fərdi 
								məsləhətlər  verilmişdir. Habelə, məktəblərdə 
								müəllimlərin müxtəlif fənlər üzrə "açıq 
								dərs"lərinin dinlənilməsi təşkil olunaraq 
								onlara  müvafiq təklif və məsləhətlər 
								verilmişdir. Dərslərdə fəal, interaktiv təlim 
								metodlarından səmərəli istifadə edilməsinə, 
								müəllimlərin dərsə yaradıcı yanaşmasına xüsusi  
								əhəmiyyət veririk.  
								
								
								Məlum olduğu kimi,  kurikulum 2010-2011-ci dərs 
								ilindən ümumtəhsil məktəblərində I, II 
								siniflərlə yanaşı, III siniflərdə də tətbiq 
								olunur. Bununla əlaqədar cari dərs ilində  fənn 
								kurikulumları ilə tədrisə başlayan I siniflərdə 
								dərs demək üçün səriştəli və peşəkarlıq 
								səviyyəsi yüksək olan müəllimlər seçilmiş, onlar 
								müvafiq kurslar və treninqlərə cəlb olunmuşdur. 
								
								
								 Ötən 
								tədris ilində məktəb-valideyn əlaqələrinin 
								gücləndirilməsinə çalışmışıq. 2009-cu ilin 
								noyabr ayında "Təlim-tərbiyə prosesində məktəbin 
								valideyn və ictimaiyyətlə birgə fəaliyyəti, 
								neqativ hallara qarşı mübarizə yolları" 
								mövzusunda İmişli Rayon İcra Hakimiyyəti ilə 
								birgə geniş konfrans keçirilmişdir. Rayon 
								hüquq-mühafizə orqanları rəhbərlərinin, 
								bələdiyyə sədrləri, icra nümayəndələri, məktəb 
								rəhbərləri, müəllim və valideynlərin iştirak 
								etdiyi konfransda məruzələr, çıxışlar 
								dinlənilmiş, geniş təhlillər aparılmış, 
								vəzifələr müəyyənləşdirilmişdir. 
								
								
								Ötən dərs ilində pedaqoji kollektivlərin iş 
								keyfiyyətini və məsuliyyətini artırmaq məqsədilə 
								ardıcıl, planlı tədbirlər həyata keçirilmişdir. 
								
								
								Təhsil şöbəsi tərəfindən rayonun bütün 
								məktəblərini əhatə etməklə IX, X, XI sinif  
								şagirdləri arasında  imla  mətnlərinin yazılması 
								təşkil olunmuş, 2010-cu ilin yanvarında 
								şagirdlərin biliyini qiymətləndirmək  üçün V - 
								VIII və X  siniflərdə  ayrı-ayrı  fənlər  üzrə  
								test  yoxlamaları  aparılmışdır.  
								
								
								Buraxılış imtahanlarına hazırlıq  məqsədilə 
								məktəb  rəhbərləri  tərəfindən IX və XI  
								siniflərdə bir neçə dəfə məktəbdaxili yoxlama 
								sınaq testlərinin  keçirilməsi təşkil 
								olunmuşdur. 
								
								
								Təhsil şöbəsinin apardığı monitorinq və Təhsil 
								Nazirliyi tərəfindən keçirilmiş yoxlama 
								imtahanlarının nəticələri rayon təhsil şöbəsinin 
								şura iclasında geniş təhlil və müzakirə 
								edilmişdir.  
								
								
								Ötən dərs ilində rayonda məktəblilər arasında 
								müxtəlif nominasiyalar üzrə bilik yarışlarının, 
								müsabiqələrinin keçirilməsinə xüsusi əhəmiyyət 
								verilmişdir. Bu il məktəblilərin fənn 
								olimpiadalarının  respublika  mərhələsində 2 
								şagird kimya və biologiya fənlərindən IV yerə 
								layiq görülmüşdür.   
								
								
								Rayonda ümummilli lider Heydər Əliyevin anadan  
								olmasının  87-ci ildönümü münasibətilə  
								məktəblilər arasında keçirilən inşa, rəsm və 
								şahmat müsabiqələrində Yalavac kənd tam orta 
								təhsil məktəbinin IX sinif şagirdi Türkan 
								Bahadurlu fərqlənərək respublika turuna vəsiqə 
								qazanmış və həmin turda 3-cü yeri tutmuş, adı 
								fəxri kitaba qeyd olunaraq, pul mükafatı, 
								kompüter dəsti və Heydər Əliyev Fondu hesabına 
								Fransa, Almaniya, Belçika, Hollandiyaya 10 
								günlük səyahətlə rəğbətləndirilmişdir. 
								 
								
								
								Habelə, respublika üzrə kiçikyaşlı məktəblilərin 
								əl işlərinə baxış-müsabiqədə rayon Uşaq 
								Yaradıcılıq Mərkəzinin dərnək üzvü Firuzə 
								Miriyeva fərqlənmə diplomuna layiq görülmüşdür. 
								
								
								2010-cu ilin fevral ayında Xocalı şəhidlərinin 
								xatirəsinə həsr olunmuş respublika şahmat 
								turnirində rayon şahmat məktəbinin yetirməsi 
								Elnur Mehdiyev I yeri tutmuşdur. 
								
								
								Qızılkənd kənd orta məktəbinin komandası 
								"Sərhəd" hərbi-idman oyunlarının rayon və zona 
								mərhələsində qalib olmuş və Bakı şəhərində 
								keçirilən respublika mərhələsində I yeri 
								tutmuşdur. 5 nəfər X sinif şagirdindən təşkil 
								olunmuş Qızılkənd kənd orta məktəbinin komandası 
								Təhsil Nazirliyinin, Gənclər və İdman 
								Nazirliyinin I dərəcəli diplom və Fəxri 
								fərmanlarına layiq görülmüşdür. Komandanın 
								rəhbəri, Gənclərin çağırışaqədərki hazırlığı 
								rəhbəri Mehdi Mehdiyev "Yarışın ən yaxşı 
								müəllimi" elan edilmiş və qol saatı ilə 
								mükafatlandırılmışdır.   
								
								
								2010-cu ilin avqust ayında Dövlət Sərhəd 
								Xidmətinin sərhəd rayonları məktəbləri arasında 
								keçirdiyi "Sərhədlərin qorunmasında 
								məktəblilərin rolu" mövzusunda inşa 
								müsabiqəsinin respublika mərhələsində 
								Qaragüvəndli kənd orta məktəbinin X sinif 
								şagirdi Mirqabil  Mirqurbanlı II yeri tutmuşdur. 
								
								
								2009-2010-cu tədris ilində rayon üzrə "Ən yaxşı 
								müəllim" müsabiqəsi keçirilmişdir. Təhsil 
								şöbəsində təşkilat komitəsi və ekspert qrupu 
								tərəfindən namizədlərin neytral məktəblərdə 
								dərsləri dinlənilmiş, pedaqoji fəaliyyətləri 
								təhlil edilərək qaliblər müəyyənləşdirilmişdir.
								 
								
								
								Şəhər 5 nömrəli məktəb-liseyin XI sinif şagirdi 
								Xədicə Rüstəmova və Yalavac kənd tam orta təhsil 
								məktəbinin IX sinif şagirdi Türkan Bahadurlu 
								"İlin ən yaxşı şagirdi" nominasiyalarının qalibi 
								olmuşlar. 
								
								
								Məlum olduğu kimi 11-12 iyun 2010-cu il tarixdə 
								Təhsil Nazirliyi nümayəndələrinin rəhbərliyi 
								altında rayonun IX və XI sinif şagirdlərinin 
								buraxılış imtahanları keçirilmişdir. XI 
								siniflərin  imtahanlarında 1313 şagird iştirak 
								etmişdir. Onlardan 165 nəfəri "2"  qiymət, 1148 
								nəfəri isə müsbət qiymət almış, rayon üzrə XI 
								siniflərin  müvəffəqiyyəti 87,4 % olmuşdur. IX 
								siniflərdə isə müvəffəqiyyət 84,2% təşkil 
								etmişdir... 
								
								
								Sevindirici haldır ki, bu il rayon  üzrə  ali  
								məktəblərə  qəbul olanların  sayı əvvəlki 
								illərlə müqayisədə daha çox - 115 nəfər 
								olmuşdur.   
								
								
								Rayon üzrə 21 məzunumuz ali məktəblərə qəbulda  
								500-dən yuxarı, 7 nəfər isə 600-dən çox bal 
								toplamışdır. 
								
								
								Təhsil işçilərinə  göstərdiyi diqqət və qayğıya  
								görə  rayonun təhsil işçiləri möhtərəm 
								Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev 
								Fondunun prezidenti Mehriban Əliyevaya dərin  
								minnətdarlıqlarını  bildirirlər. 
								
								
								Rayonun  bütün  təhsil  işçiləri dövlət  
								tərəfindən  təhsil  sahəsində  qarşıya  
								qoyulmuş  vəzifələri yüksək səviyyədə  həyata  
								keçirmək  üçün   bundan  sonra  da  bütün qüvvə  
								və  bacarıqlarını sərf  etmək əzmindədirlər.  
								
								
								
								R.ƏMİROV, 
								İmişli RTŞ-ın müdiri  |