| 
								 
								
								Dünyada gedən qloballaşma həyatın bir çox 
								sahələrinə öz təsirini göstərir. Təhsildə 
								aparılan islahat məhz həmin zərurətdən 
								yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, 
								yeni pedaqoji texnologiyaları öyrənib onlardan 
								səmərəli istifadə etmək başlıca vəzifə kimi 
								qarşıda durur. Müəllimin ümumi proqram və dərsə 
								hazırlığı yüksək səviyyədə olmalıdır. 
								
								
								Məlum həqiqətdir ki, hər dövrün özünəməxsus 
								pedaqoji fikri vardır. İndi təlim-tərbiyə 
								prosesində şəxsiyyət anlamı daha demokratik 
								şəkildə dərk edilir. Şagirdin subyekt olması 
								müasir dövrün çox səslənən və bəzən mübahisələrə 
								səbəb olan məsələlərindəndir. 
								
								
								Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri - 
								demokratikləşmə, humanistləşdirmə, 
								fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, 
								şəxsiyyətin formalaşdırılması və inkişaf 
								etdirilməsini həyata keçirir. 
								
								
								Yeni pedaqoji texnologiya fəal təlimə əsaslanır. 
								Fəal təlimin modeli müəyyən olunan 
								komponentlərlə şərtlənir. Bura fəal təlimin 
								məzmunu, metodları, öyrədici mühit, 
								qiymətləndirmə daxildir. 
								
								
								Təlimin məzmunu nəyi öyrətmək, metodları necə 
								öyrətmək, öyrədici mühit hansı şəraitdə 
								öyrətmək, qiymətləndirmə ayrı-ayrı 
								komponentlərin səmərəliliyini müəyyən edən 
								amillərə uyğun olaraq nəticəni aşkarlayır. 
								
								
								Fəal təlim prosesində şagirdlər tamhüquqlu 
								iştirakçı olmaqla, qazanılan bilikləri 
								axtarışlar və kəşflər hesabına mənimsəyirlər. 
								
								
								Fəal təlim metodları bir sıra xüsusiyyətləri ilə 
								seçilir: 
								
								
								1. Şagirdlərin fəal öyrənmə mövqeyi 
								
								
								2. Təfəkkürün müstəqilliyi və sərbəstliyi 
								
								
								3. Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət 
								
								
								4. Həyati məqsədlərə nail olmaq üçün biliklərin 
								yaradıcı tətbiqi. 
								
								
								Qeyd olunan xüsusiyyətlər şagirdlərin təlim 
								əməyi üzrə hazırlığının başlıca amilləridir. 
								
								
								Fəal təlim zamanı müəllim şagirdlərə fərdi 
								yanaşmalı, onların bilik, bacarıq və 
								vərdişlərinin inkişafı üçün daha səmərəli tədris 
								üsullarından, informasiya texnologiyalarından 
								istifadə etməlidir. 
								
								
								Son illər respublikamızda interaktiv təlim 
								metodlarının mənimsənilərək iş prosesinə tətbiqi 
								sahəsində müəyyən nəticələr əldə olunmuşdur. 
								Tədris prosesində fəal-interaktiv təlim 
								texnologiyalarının tətbiqi dərslərin 
								səmərəliliyini yüksəldən ən vacib şərtlərdəndir. 
								
								
								Azərbaycan dili dərslərində qruplarla iş, fərdi 
								iş, Venn diaqramları, şaxələnmə, məntiqi 
								çalışmalar və b. üsullardan istifadə şagirdlərin 
								mənimsəmə qabiliyyətini, idrak fəallığını 
								artırır. Ona görə də mən dərslərimdə həmin 
								üsullardan geniş istifadə edirəm.  
								
								
								
								Zenfira ƏSGƏROVA, 
								Bakıdakı İ.Hacıyev adına  
								"Tərəqqi" texniki-humanitar  
								liseyin Azərbaycan dili və  
								ədəbiyyat müəllimi  |